“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
Tarix: 13.11.2018 | Saat: 12:28:00 | E-mail | Çapa göndər


Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti -bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Bu məqsədlə 1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Ötən 23 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqları və azadlıqlarına dair milli qanunvericiliyin formalaşması və inkişafının əsasını təşkil edir. Konstitusiya hər şeydən əvvəl, insan hüquqları və azadlıqlarının əsas prinsiplərini ən yüksək səviyyədə təsbit edir, insan və vətəndaş hüquqları və azadlıqlarının geniş dairəsini nəzərdə tutur və onların müdafiə mexanizmini müəyyən edir.
Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.
Əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi.
Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir. İstənilən cəmiyyətdə qadın hüquqları qorunursa, hər kəsin hüquqlarının qorunduğunu söyləmək olar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətdə qadınların rolu daha da artmağa başladı. Ulu öndər Heydər Əliyev qadın problemlərinin həllinə hər zaman böyük diqqət göstərirdi. Konstitusiyamızda qadınların kişilərlə bərabər hüquqlarının olması ayrıca müddəa ilə təsbit edilir. Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Məhz ulu öndərin Sərəncamı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 1998-ci ildə, həmçinin «Azərbaycanda qadınların rolunun artırılması haqqında» Sərəncam imzalanıb.
Ulu öndərin 6 mart 2000-ci il tarixdə «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Fərmanı da böyük əhəmiyyətə malikdir. Fərmanda respublikanın bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi ulu öndərin qadınlara böyük diqqəti idi.
Ölkəmiz beynəlxalq təşkilatlara üzv olduqdan sonra gender məsələləri və qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq etməyə başladı. Azərbaycanda qadın hüquqlarının qorunması dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Azərbaycan qadın hüquqlarının müdafiəsi istiqamətində tətbiq etdiyi təcrübəni müxtəlif ölkələrlə bölüşür, eyni zamanda, dünya dövlətləri ilə təcrübə mübadiləsi aparılır.
Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir, ictimai, siyasi, mədəni, sosial həyatında qadınların iştirakının genişlənməsi müşahidə olunur.
Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə, təhsil və mədəniyyət ən ön sıralardadır. Bu məqamlar qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. Son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artmışdır. Təbii ki, bu, görülən işlərin nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlara misal ola bilər. Eyni zamanda kəndlərdə yaşayan qadınlarımızın özəl biznes və aqrar təsərrüfatını yaratması üçün də dövlət mühüm tədbirlər reallaşdırmışdır.
Prezident İlham Əliyevin qərarı ilə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır və bu yöndə böyük uğurlara imza atır.
Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirlər yüksək dəyərləndirilməlidir. Həyata keçirilən səmərəli gender siyasətinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradır. Bu gün Azərbaycan qadını ölkəmizin milli maraqlarının qorunması, xalqımızın adət-ənənələrinin, dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi iş aparırlar. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, gördüyü işlər biz qadınlar üçün örnək olmalıdır.
Bir sözlə, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.

Aysel İbrahimova
ADPU-nun əməkdaşı, magistr




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir
08.12.2018
Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq
08.12.2018
Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür
07.12.2018
Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir
05.12.2018
“Azərbaycan dili bütün təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində qorunmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 “Ukraynadakı hər bir diaspor təşkilatı çalışır ki, vətənimiz üçün nəsə etsin”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info