“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
Tarix: 13.11.2018 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Şəbnəm Həsənova: “Tələbəlik həyatı ancaq universitetə gedib-gəlməklə davam etməməlidir, gənclər mütləq ictimai işlərdə fəallıq göstərməlidirlər”


Son illərdə Azərbaycanda gənclərin uğurlu təhsil almaları üçün yaradılan şərait, tələbələrin xaricdə təhsillərini davam etdirmələri, eləcə də ictimai-siyasi işlərdə aktiv fəaliyyət göstərmələri üçün çoxsaylı imkanların yaranması, həqiqətən də ürəkaçandır. Əsasən də tələbələrin ictimai işlərdə aktiv olmaları üçün gənclər və tələbə təşkilatlarının sayının artması və fəaliyyətlərinin güclənməsi bu işdə öz sözünü deyir. Elə tələbə-gənclərimiz də yaradılan bu imkanlardan maksimum yararlanmağa çalışırlar. Belə gənclərdən biri də Şəbnəm Həsənovadır. Bu aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik:

- Özünüz haqqında məlumat verərdiniz.

- Mən, Şəbnəm Həsənova 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Təhsilimə ilk olaraq 2005-ci ilə Əliheydər Kazımov adına 228 nömrəli məktəbdə başlamışam və orta təhsilimi 2016-cı ildə elə həmin məktəbdə bitirmişəm. Həmçinin məktəbdə oxuduğum müddətdə əlavə məşğuliyyət kimi Uşaq İncəsənət Məktəbində fortepiano təhsili almışam. 2016-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşam və hazırda təhsilimi burada davam etdirirəm.

- Fortepiano təhsili aldığınızı vurğuladınız. İncəsənət sahəsinə maraq sizi jurnalistikaya gətirdi? Ya başqa səbəblər olub?

- Əslində, haqlısınız, hər iki sahə bir-biri ilə sıx bağlıdır, hətta jurnalist peşəsini incəsənətin bir hissəsi kimi görənlər də olur. 8-ci sinifdə oxuduğum zamanları xatırlayıram və o dönəmlər hamımızın beynində “nə olacağam, hansı peşəni seçib hansı qrupa imtahan verəcəyəm?” sualları olur. Elə o vaxt fikrimi qətiləşdirərək qərar vermişdim ki, mən jurnalist olacağam. Əslində, bu peşəyə güclü həvəsim, marağım da olub. Həm də yaradıcılığa da meyilli olmuşam, xüsusilə də yazılarla bağlı. Məktəbdə yazdığım inşalar həmişə seçilirdi. Yazı qabiliyyətim də vardı deyə, düşündüm ki, bunları birləşdirib ortaya bir şey çıxara bilərəm. Düzü, bəzən bu fikirlərimə, seçimimə qarşı çıxanlar da olurdu. Adətən, deyirdilər ki, sən sakit təbiətlisən, jurnalistlik sənlik deyil. Amma elə deyənlərə inad, bildirirdim ki, seçimim birdir və mən məhz bu fakültəyə qəbul olacağam. Universitetə qəbul olandan sonra isə fikirlərim bir az dəyişdi. Yəni hər şey kənardan göründüyü kimi deyil. O mühitə düşdükcə anladım ki, qəzet, televiziya, radio maraqlıdır, amma bu mənim olmaq istədiyim yer deyil. Sonra jurnalistikada PR üzrə özümü sınamaq qərarı verdim. Çünki bu fakültəyə, həqiqətən, sevərək gəlmişəm deyə, jurnalistikadan tamamilə imtina etmək istəmirdim. PR sahəsini bir az araşdırdım, gördüm ki, burada da özümü görmürəm. Ümumiyyətlə, 16-19 yaş arası elə dövrdür ki, insan özünü tapmağa çalışır. Fikir vermisinizsə, bu yaşda gənclər ya eyni anda bir neçə peşənin sahibi olmaq istəyirlər, ya da gündə bir qərar dəyişirlər. Sınaya-sınaya özümüzü tapmağa çalışırıq. Nə qədər sınasam da, jurnalistikadan ayrılmaq istəmirdim, elə onun ətrafında dövr edirdim. Çünki, jurnalist olacağam deyə, zamanında hamı ilə o qədər inadlaşmışdım ki, artıq əksini özümə etiraf etməyi bacarmırdım.
Fikirlərimə bir şey də əlavə edim ki, bu işdən kənar qalmağı düşünmürəm. Məktəbdə çox sevdiyim ədəbiyyat müəlliməm var idi. O bizə tək ədəbiyyatı öyrətmirdi. Çox şeyi onun sayəsində dərk etmişəm. Bir dəfə bizə dedi ki, gələn dərs kim olduğunuzu bir neçə cümlə ilə ifadə edib yazın. Hamı nələri sevdiyini, hansı peşə sahibi olmaq istədiyini, nələrə marağı olduğunu yazıb gətirmişdi. Dinləyəndən sonra bizə dedi ki, bu siz deyilsiniz. Bunlar olmaq istədikləriniz, xoşladığınız şeylərdi. “Mən kiməm?” sualının cavabı isə başqadır. Ondan sonra dediyi cümlələr isə həmişə beynimdə fırlanıb. Əlavə etdi ki, hamı həyata bir missiyanı yerinə yetirmək üçün gəlib. Siz də o missiyanı tapın. Hamının bir vəzifəsi var burada. O missiyanı tapandan sonra özünüzü tanıyacaqsınız.
Həmişə bu cümlələri düşünürdüm ki, görəsən, mənim missiyam nədir? Nə üçün göndərilmişəm?
Nəhayət, tapdığımı düşünürəm. Bir neçə ay əvvəl bəzi şeyləri dərk eləməyə başladım. Gördüm ki, jurnalistikanı nə qədər sevsəm də, bu mənim olmaq istədiyim yer, yerinə yetirməli olduğum missiya deyil. Amma məşğuliyyət kimi, belə desək, hobbi kimi, yəqin ki, bu peşəyə davam edəcəyəm.

- Bakı Dövlət Universiteti ölkənin ən ünlü universiteti sayılır. Bəs təhsil aldığınız universitetdəki tədris, təhsilin səviyyəsi necə, sizi qane edirmi?

- Haqlısınız. Həqiqətən də BDU bir çoxlarının xəyal etdiyi bir ali təhsil ocağıdır. Hər sahədə olduğu kimi, təhsildə də mənfi və müsbət məqamlar var. Universitetin təhsilinin yaxşı tərəfləri çoxdur. Məsələn, studiyamız var, tələbələr bu imkanlardan rahatlıqla yararlana bilirlər, proqram ideyaları dəstəklənir. Burada da, həqiqətən, mənə çox şey öyrədən müəllimlərlə tanış oldum. Özümüzü tanımağa, dərk etməyə fikirləri ilə dəstək olan çox müəllimimiz olub. İxtisasın bütün xırdalıqlarını sevərək öyrədən müəllimlərimiz var. Amma təhsildə bəzi şeylər məni və düşünürəm ki, bütün tələbələri qane etmir. Düzdür, maraqlı mühazirələrimiz olur. Amma, fikrimcə, mühazirələri daha maraqlı, dinamik şəkildə keçirmək olar. Mənə görə 90 dəqiqə ancaq bir insana qulaq asmaq çox absurddur. Araya maraqlı nələrsə qatmaqla mühazirələri fərqli etmək olar. Ən çox da yaralı yerimiz seminar, kollekvium, sərbəst iş balları almaqdır. Onsuz da ay ərzində mövzulara cavab veririk və 3 ayın sonunda imtahan veririk. Hər ayın sonunda kollekvium olmasa, düşünürəm ki daha yaxşı olar. Bir də əlavə müəllimlər ona vaxt ayırır, tələbələr arasında işləyənlər, kursa gedənlər olur, gələ bilmir və s. Bunlar da əlavə problem yaradır.

- İctimai işlərdə necə, aktivsinizmi? ATGTİ-nin fəaliyyətinin bir tələbə olaraq sizin aktivliyinizdə rolu olurmu?

- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına elə birinci kursda qoşulmuşam. İctimai fəaliyyətim də bura ilə başlayıb. Oradan əlavə, bir neçə ay Diksiya Akademiyasında könüllü fəaliyyət göstərmişəm, “Qarabağ”ın Çempionlar Liqası oyunlarında könüllü olmuşam. Hazırda ATGTİ ilə bərabər, “NLP Center”də də könüllü fəaliyyət göstərirəm. Bir çox layihələrdə, təlim və seminarlarda iştirak etmişəm. ATGTİ-də mətbuat xidmətində könüllüyəm. Bura mənə çox şey qazandırdı. Birinci kursda daha utancaq, özünə az güvənən idimsə, artıq görürəm ki, çox dəyişiklik olub. İştirak etdiyim layihələrin bir çoxu birbaşa ATGTİ ilə bağlıdır. Məsələn, bu il fevral ayında ATGTİ-nin təşkilatçılığı ilə Mingəçevirdə “10-cu Qış Liderlik Məktəbi”ndə iştirak etdim. Heç hiss etmədik ki, bu bir həftə necə sürətlə keçdi. Orada liderlik bacarıqları, layihə hazırlanması, həmçinin psixologiya ilə bağlı peşəkar təlimçilərdən təlimlər aldıq. Həm əyləndik, həm öyrəndik. Bundan başqa, bu yay “Arxeoloji düşərgə” layihəsi çərçivəsində Lerik rayonunda olduq. Heç sınamadığımız bir şeyi sınadıq. Arxeoloqlarla birlikdə qazıntılara kömək etdik, bəzən neçə minilliklər əvvələ aid olan qəbirlər tapdıq, müxtəlif köhnə əşyalar çıxardıq. Bütün bu layihələr öz məqsədindən əlavə, bizim həyatımıza başqa bir şeylər də qatdı. Yeni dostlar, yeni tanışlar, fərqli mühit. Düşünürəm ki, tələbəlik həyatı ancaq universitetə gedib-gəlməklə davam etməməlidir. Gənclər mütləq ictimai işlərdə fəallıq göstərməlidirlər. Düzdür, universitet çox şey öyrədir. Amma universitetin öyrədə bilməyəcəyi şeylər də var. Yəni özümüzdən asılı olan, özümüzün öyrənməli olduğumuz məsələlər də var. Fikrimcə, tək universitet mühiti ilə sərhədlənmək doğru deyil. Xüsusilə ixtisas sosial, ictimai ixtisasdırsa, buna xüsusi diqqət yetirmək lazımdır.

- Xaricdə təhsil almaq kimi planlarınız varmı? Elə bir arzunuz varsa, harada təhsil almaq istərdiniz? Ümumiyyətlə, xaricdə təhsilin hansı üstünlükləri var?

- Yuxarıda ixtisasımı dəyişmək istədiyimi qeyd etdim. İnsanları dinləməyi, bəzən kiminsə problemi olanda onun həllinə kömək etməyi çox sevirəm. Düşündüm ki, elə gələcəyimi də bu sahə üzrə davam etdirməliyəm. Bu səbəbdən də qərara almışam ki, psixologiya təhsili də alım, peşəkar psixoloq olum. Bu həm çox sevdiyim, həm də bacara bildiyim sahədir. Psixologiya təhsilini isə xaricdə almaq istəyirəm. Bir qədər özüm üçün araşdırmışam və burada olan psixologiya ilə bağlı tədris və təhsildən o qədər də razı deyiləm. Həm də yeni ölkə, fərqli mədəniyyətlə tanış olmaq maraqlı gəlir. Hansı ölkədə təhsil alacağımı isə hələ qərar verməmişəm. Tam araşdırdıqdan sonra qərarımı verəcəyəm. Xaricdə təhsilin üstünlüklərinə gəldikdə isə, məncə, bu hər şeydən əvvəl ssinsanın özgüvənini çox artırır. Çünki yaşadığınız məkan fərqli ölkədir, dil başqa, mədəniyyət başqa, tanış olmayan yerlər, tanış olmayan insanlar, üstəlik də belə bir mühitdə sən təksən. Yanında ailə yoxdur, dostlar uzaqdadır, yeni dostlar qazanmalısan və s. Yəni elə bil yeni, fərqli həyata başlayırsan. Əgər yaşamağı, öyrəşməyi bacarırsansa, istər-istəməz özünə inamın artır. Bundan başqa, deyirlər, “çox gəzən, çox bilər”. Həyatının sonuna qədər bir yerdə qısılı qalmaq da yanlışdır. Yeni mühit, yeni adət-ənənə kəşf etmək baxımından xaricdə təhsilin böyük əhəmiyyəti var. Qısası, xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm.

- O zaman sənə təhsilində uğurlar arzu edirik və gələcək planlarının, arzu və xəyallarının reallaşmasını diləyirik...

- Çox təşəkkür edirəm, mən də sizə və redaksiyanıza minnətdarlığımı bildirirəm ki, biz tələbələr üçün belə imkanlar yaradır, mətbuata daşıyaraq fikirlərimiz, təklif və arzularımızı cəmiyyətə çatdırırsınız. Maraqlı suallar idi, cavablandırmaq xoş oldu.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“İtalyanlar bizə çox bənzəyirlər”
18.12.2018
Rusiya-Azərbaycan: iqtisadi maneələri aradan qaldırarkən...
17.12.2018
Əkbər Qoşalı: “Biz yeni dövrün yazarları haqqında danışanda, ümumi dəyərləndirmə etməliyik”
17.12.2018
Təcrübəli kapitan: “Dənizçi olmaq istəyən hər kəs bu işi həyat tərzinə çevirməlidir”
14.12.2018
“Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info