İpək məhsullarının ixrac potensialı
Tarix: 13.11.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


2021-ci ildən etibarən Qax Damazlıq İpəkçilik Stansiyası barama toxumu zavodlarını və kümçüləri yerli istehsal hesabına elit və hibrid barama toxumlarla tam təmin edəcək

İpəkqurdunun yetişdirilməsi iqtisadi və sosial tərəfləri nəzərə alındığında ailənin bütün üzvlərinin əməyi dəyərləndirilərək, bölgə əhalisinin gəlir səviyyəsinin artırılması ilə kənddən şəhərə köçün qarşısını alaraq istehsala dayanan sosial bir gəlir mənbəyi təşkil edir.

Çin və Hindistan ilk sıralarda yer alırlar

Dünyada təxminən 30 ölkədə ipəkqurdu yetişdirilir. Dünya yaş qoza istehsalında ortalama 600-700 min ton istehsalla Çin ilk sırada yer alır ki, bu ölkəni 130 min tonluq istehsalla Hindistan təqib edir. Xam ipək istehsalında da 2011-2016-cı illərdə hər iki ölkə, liderliyini qoruyub. Dünyada ən çox ipək ixrac edən Çin 2011-ci ildə 10.305 ton xam ipək ixrac edib ki, onu 719 tonla İtaliya təqib edib. Dünya xam ipək idxalı ilə bağlı məlumatlara görə, Hindistan dünyada ən çox xam ipək idxal edən ölkədir. İkinci sırada yenə İtaliya yer alır. Dünyada ipək önəmli bir tekstil xam maddəsi olaraq yüksəkkeyfiyyətli istehlak mallarında istifadə edilir. İpək məhsulları qlobal tekstilin 0,2 faizini təşkil edir. İpəyin ümumilikdə tekstil məhsulları arasında payının az olmasına baxmayaraq, milyardlarla dollarlıq bir ticarət həcminə malik olmaqla ipək pambıqdan təxminən 20 dəfə daha dəyərli bir məhsuldur. Ən çox ipək istehlakına malik ölkələr arasında ABŞ, İtaliya, Hindistan, Fransa, Çin yer alır. Bu gün Çində ipəkqurdu bazarında özəl sektorun payı getdikcə daha da artmaqdadır. Belə ki, bu ölkədə ticarətin təxminən 70-80 faizi özəl sektor tərəfindən reallaşdırılır. Özbəkistanda isə istehsal edilən yaş qozanı dövlət satın alır. Son illərdə Çində yaş qozanın alış qiymətləri 6,5-7 dollar ətrafındadır. Bu ölkədə xam ipək qiymətləri isə 40-45 dollardır.
Ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətində tədbirlər davam edir. Ötən il ölkə başçısı tərəfindən imzalanan “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam məhz bu sahənin inkişafına yönəldilib. İpəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili xüsusi əhəmiyyət kəsb edir.
Bu sahədə həyata keçirilən tədbirlərdən biri kimi Prezidenti İlham Əliyevin iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışını göstərmək olar. Qeyd edək ki, sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksəkkeyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır. Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bununla yanaşı, stansiya yeni iş yerlərinin yaradılmasında da mühüm rol oynayır. Hazırda stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq. Məqsəd ölkədə ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi, barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut ağaclarının məhsuldarlığının artırılması, barama toxumçuluğunun inkişafı, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, bu sahədə sənayenin müasir texnologiyalar əsasında təşkili və digər mühüm məsələlər nəzərdə tutulur.

“Həm iş yerlərinin artırılması, həm ixrac imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılacaq”

Keçən il Qax rayonunda tütünçülük, baramaçılıq, fındıqçılıq üzrə respublika müşavirəsi keçirilib və həmin müşavirədə ölkə başçısı bildirib ki, bu sahələrə verilən dəstək öz nəticəsini verir. Ölkə başçısı bildirib ki, baramaçılığa gəlincə, Qax, artıq bütün ölkəyə bu sahədə xidmətlər göstərəcək: “Çünki Qax Damazlıq İpəkçilik Stansiyasının fəaliyyəti bütün ölkəmizi əhatə edəcək. Əgər üç il bundan əvvəl cəmi 200 kiloqram barama tədarük olunmuşdusa, bu il 500 ton barama tədarük edilib və daha da artacaq”.
Ölkə başçısının sözlərinə görə, baramaçılıqda, ümumiyyətlə, vəziyyət, bəlkə, ən acınacaqlı idi və biz demək olar ki, bu sahəni tamamilə itirmişdik: “2015-ci ildə məlumat verildi ki, cəmi 236 kiloqram barama istehsal olunub və baramaçılar heç bilmirdilər ki, onu hara versinlər. Bütün bir zəncir sistemi yaratdıq - həm stimullaşdırma, həm maarifləndirmə, həm tinglərin gətirilməsi, indi Qaxda barama mərkəzinin yaradılması. Bütün bu işlər gözəl nəticə verir və əgər keçən il 10 min insan bu işlərə cəlb olunubsa, 2016-cı ildə 3 min, bu il 22 min insan. Beləliklə, bu insanlar 30-40 günə o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanır və Şəki ipək kombinatı da daha böyük həcmlə işləyir. Orada da yüzlərlə iş yeri yaradılıb. Əlbəttə ki, biz Şəki ipək kombinatının modernləşdirilməsi ilə məşğuluq. Həm iş yerlərinin artırılması, həm ixrac imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılacaq”.
Qeyd edək ki, 1997-ci ilədək respublikamızın barama zavodlarını və kümçüləri tut ipəkqurdu toxumu ilə Qax Damazlıq İpəkçilik Stansiyası təmin edib. Stansiyada hazırlanan elit ipəkqurdu toxumu barama zavodlarına göndərilir və ondan hibrid toxum əldə olunub. Son illər kümçülərin damazlıq barama toxumu ilə təmin edilməsi Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və bu stansiyada inkubasiyaya qoyulan toxumlardan alınan ipəkqurdu hesabına həyata keçirilir. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq. Bu proses mərhələli şəkildə aparılacaq. Kümçüləri təmin etmək üçün növbəti iki il ərzində Çin Xalq Respublikasından yenə də müqavilə əsasında müəyyən miqdarda hibrid ipəkqurdu toxumları alınaraq ölkəmizə gətiriləcək və bu stansiyada inkubasiyaya qoyulacaq. 2021-ci ildən etibarən isə Qax Damazlıq İpəkçilik Stansiyası barama toxumu zavodlarını və kümçüləri yerli istehsal hesabına elit və hibrid barama toxumları ilə tam şəkildə təmin edəcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində yeni dövr başlayacaq”
11.12.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
11.12.2018
Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb
11.12.2018
Şəkidə quru tütün istehsalının 2850 tona çatacağı gözlənilir
11.12.2018
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info