“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
Tarix: 13.11.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


ATƏT-nin fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və YSPQ-nin rəhbəri polkovnik-leytenant Harri Okoner aparacaqlar.
Ermənistanda isə siyasi gərginlik davam etməkdədir. Ermənistanda Cənubi Qafqaz dəmir yolu əməkdaşları 3 gündür ki, işi dayandırıblar. Çalışdıqları ərazilərdə aksiyalar keçirən dəmiryolçular hələ də tələblərinin yerinə yetirilmədiyini deyirlər. AZƏRTAC erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları daha qul kimi çalışmaq istəmirlər. Qeyd edilir ki, iş saatları çox, əməkhaqları isə olduqca aşağıdır. Onlardan 13-14 saat çalışmaq tələb olunur. Bunun müqabilində maaşları artırılmaq əvəzinə, 15 faiz azaldılıb. Ona görə də dəmiryolçular çıxış yolunu tətildə görüblər. Bunun nəticəsində istər sərnişin, istərsə də yük qatarlarının hərəkəti dayanıb. Dəmir yolu idarəsinin yaydığı məlumatda deyilir ki, onlara işçiləri ixtisara salmaq göstərişi verilib. Çünki maaşların ödənilməsi üçün büdcədə pul yoxdur. Hələlik çıxış yolu kimi əməkhaqlarının 15 faiz azaldılması qərara alınıb.
Yerevanın Nor-Nork rayonunda isə qanunsuz tikililərin sökülməsi prosesi zamanı insident yaşanıb. Mer Ayk Marutyanın göstərişi ilə ərazidəki bütün obyektlərin dağıdılmasına başlanılıb. Sahibkarlar şəhər rəhbərinin bu qərarını etirazla qarşılayıblar. Onlar söküntü aparılan binalara daxil olmağa çalışdıqları vaxt polisin təzyiqi ilə qarşılaşıblar. Əmlak sahiblərinin sözlərinə görə, sənədləri qaydasında olduğu halda, onlara xəbərdarlıq edilmədən obyektlərini sökməyə başlayıblar. Meriyadan isə hər şeyin qanun çərçivəsində aparıldığı iddia olunur.
Sevan rayonunda da vəziyyət gərgindir. Bir qrup vətəndaş polis binasının qarşısına toplaşaraq aksiya keçirib. Onlar həmyerliləri, 28 yaşlı Ara Muradyanın Polis bölməsinə aparılaraq döyülməsinə qarşı çıxırlar. Zərərçəkənin yaxınları deyirlər ki, rayonda bu adi haldır. Güc strukturlarının özbaşınalıqları pik həddə çatıb. Etirazlardan sonra xüsusi xidmət orqanları məsələ ilə bağlı cinayət işi qaldırıblar. Polis bölməsinin əməkdaşları Tatul Gevorkyan və Saak Davityan əvvəlcə həbs olunub, bir neçə saat sonra isə zaminə buraxılıblar. Bu son iki ayda polis idarəsində qeydə alının 11-ci faktdır. Hətta Yerevanda yerləşən bölmələrdən birində yeniyetməni ölümcül döyüblər. Bu faktla bağlı da araşdırma aparılır.

“Ermənistanın müstəqil dövlət deyil”
Milli Məclisin deputatı Elman Məmmədov isə SİA-ya açıqlamasında deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yamaq, əlavə yükdür. Çünki Ermənistan bu təşkilata heç bir töhfə vermək iqtidarında deyil. Azərbaycanın KTMT-yə üzv olan 6 ölkənin 5-i ilə ən yüksək səviyyədə əməkdaşlıq münasibətlərinə malik olduğunu deyən deputat həmin ölkələrin Ermənistanla heç bir sərhədə və əlaqəyə malik olmadığını dilə gətirib.
O deyib ki, Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur: “Bu, dəfələrlə Ermənistan nümayəndələrinə də deyilib. Buna sübut son baş verən hadisələrdir”.
Deputatın sözlərinə görə, Ermənistan tək bu təşkilatda deyil, ümumiyyətlə, üzv olduğu bütün təşkilatlarda problem, qarışıqlıq, təxribat yaratmaqdan başqa, heç nəyə lazım deyil: “Ona görə də təşkilatlar bir növ Ermənistandan canlarını qurtarmaq istəyirlər”.
Ermənistanın müstəqil dövlət olmadığını xatırladan E.Məmmədov söyləyib ki, bu ölkədə heç zaman hökumət rəhbəri erməni ictimaiyyətinin istəyi ilə seçilməyib, onlar təyin olunublar:
“Bundan əvvəl Ter Petrasyan qərbyönümlü olduğu üçün oradan, Koçaryan, Sarkisyan şimal qonşumuz tərəfindən müdafiə olunduqları üçün onlar tərəfindən təyin olunublar. İndi Paşinyanın müqəddəratı da onun həyata keçirdiyi siyasətdən asılıdır. Çünki o, iki tərəfə oynayır. Amma hər kəsə məlumdur ki, Paşinyan qərbyönümlüdür və onların himayəsi ilə də hakimiyyətə gəlib. Hakimiyyətə gəldiyi ilk gündən də Rusiya əleyhinə mövqe göstərir. Bunu Moskva ona bağışlamayacaq”.
Deputat hesab edir ki, seçki ərəfəsində Ermənistanda heç də sakitlik olmayacaq və Paşinyanın qurduğu planlar tamamilə alt-üst ola bilər: “Çünki Koçaryan, Sarkisyan və müxalifətin digər qrupları hələ tamamilə təcrid olunub, zərərsizləşdirilməyib. Onların orduda, cəmiyyətdə, parlamentdə də kifayət qədər tərəfdarları var. Bu səbəbdən seçki ərəfəsində Ermənistanda ciddi qarşıdurmaların olması gözləniləndir”.

“Tarixini unutma!” layihəsi çərçivəsində keçirilən tədbirdə erməni terrorizmindən danışılıb
Bu arada ötən gün Azərbaycan Dövlət Pedaqoji Universitetində "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Tarixini unutma!” layihəsi çərçivəsində tədbir keçirilib. Qurumun sədr müavini, professor Cavid İsmayıl ictimai birliyin reallaşdırdığı layihələrdən danışıb. Qeyd edib ki, ictimai birliyin fəaliyyətinin əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, qədim tarixini təbliğ etmək, onlar arasında əlaqələrin yaradılmasına və inkişafına kömək etməkdən ibarətdir. “Tarixini unutma!” layihəsində 200 ildən artıq bir dövrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı zaman-zaman həyata keçirilən soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən və bugünkü erməni işğalından ətraflı bəhs edilir. Belə ki, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən birinin - azərbaycanlıların düşünülmüş, məqsədli şəkildə kütləvi surətdə soyqırımlarına, repressiyalara məruz qalmaları, doğma yurdlarından sürgün edilmələri və didərgin salınmaları soydaşlarımızın nəzərinə çatdırılır. Layihənin məqsədi İrəvan, Zəngəzur, Naxçıvan, Qarabağ, Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran və digər ərazilərdə ermənilərin və tərəfdarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımını ictimaiyyətə bir daha açıqlamaq və Azərbaycandan zaman-zaman zor gücünə qoparılmış Vətən torpaqlarını tanıtmaqdır.
Sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Qasım Hacıyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə erməni terrorizminin tarixi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aktları və s. barədə məlumat verilib.
Tədbirdə şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı, publisist, dramaturq, tarixçi Yunus Oğuz və başqaları tədbirin aktual mövzuya həsr olunduğunu bildirərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirdə “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin hazırladığı xüsusi film nümayiş etdirilib. Elmi araşdırmalar əsasında hazırlanan filmdə beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğu, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi barədə geniş məlumat verilir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
06.12.2018
Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info