Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsi anılacaq
Tarix: 14.11.2018 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


“Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamının icrası məqsədilə Müdafiə, Təhsil və Mədəniyyət nazirlikləri tərəfindən təsdiqlənmiş tədbirlər planına uyğun olaraq noyabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi-konfrans zalında əfsanəvi kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı və rəssam Mehdi Hüseynzadənin anım günü təşkil ediləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, anım mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Mehdi Hüseynzadənin həyat və fəaliyyətinə (xüsusən rəssamlıq fəaliyyətinə) həsr olunmuş xüsusi təqdimat keçiriləcək, akademiyanın təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev M.Hüseynzadənin bədii yaradıcılığı, təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov isə M.Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə aparılan işlər barədə məruzə ilə çıxış edəcəklər. “İz” silsilə layihəsinin davamı olaraq, Mehdi Hüseynzadənin vaxtı ilə təhsil aldığı Bakı Rəssamlıq Məktəbinin bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyətini davam etdirdiyi nəzərə alınaraq onun 100 illiyinə həsr olunmuş anım mərasimin akademiyada təşkil olunması rəmzi məna daşıyır. Qeyd edək ki, Mehdi Hüseynzadə 1925-ci ildə Süleyman Sani Axundovun direktoru olduğu 77 nömrəli natamam (7 illik) orta məktəbdə (sonradan 19 nömrəli orta məktəb olmuşdur) oxuyub. Onun ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq Məktəbinə daxil olub. Burada Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfovla birlikdə təhsil alıb. 1936-cı ildə Bakı Rəssamlıq Məktəbini bitirən Mehdi Hüseynzadə Suraxanıda ibtidai məktəblərdən birinə müəllim göndərilib. Bununla yanaşı, Abbas Səhhət adına kitabxanada oxu zalına rəhbərlik edib. Mehdi İncəsənət Akademiyasına qəbul olunmaq üçün Leninqrada (indiki Sankt-Peterburq) getsə də, tale elə gətirib ki, qəbul imtahanını verə bilmədiyi üçün Leninqrad Xarici Dillər İnstitutunda fransız dili fakültəsinə daxil olub. Lakin poeziyaya və ədəbiyyata olan sevgisi ilə əlaqədar 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülüb. 1941-ci ildə İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar həmin il avqust ayının 9-da sovet ordusunda xidmət etməyə başlayıb. Döyüşlər zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparıb, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirib. 1944-cü ilin noyabrın 2-də gizli tapşırıqdan Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində düşmənlə döyüşərək qəhrəmancasına həlak olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə ölümündən sonra Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə bir çox işlər görülüb.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info