Azərbaycan məhsullarının ixracı artıb
Tarix: 14.11.2018 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Rüfət Məmmədov: “Gələn il Azərbaycandan 25 ixrac missiyası təşkil olunacaq”


Azərbaycan məhsullarının ixracı genişlənir. Azərbaycan məhsullarının tanıdılması və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib. Iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 4-8-də Çin Xalq Respublikasının Şanxay şəhərinə səfəri barədə məlumat verib. Bildirib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilyonlarında təqdim olunub. Sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribüterləri ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunub. Diqqətə çatdırılıb ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti "Kəmər və Yol: ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi", "Ticarət və investisiya" və "Qlobal ticarət və beynəlxalq logistika" forumlarında iştirak edib. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu, Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo və "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə görüşüb. Bu görüşlərdə Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmi vurğulanıb, Azərbaycan-Çin iqtisadi əlaqələri və əməkdaşlıq perspektivləri barədə məlumat verilib. Səfər zamanı, həmçinin Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayev Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşərək Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib. İqtisadiyyat naziri Şahin Mustafayev Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi Administrasiyasının rəis müavini Li Cinsonq ilə də görüşüb. Görüşdə Vayqaoçao Azad Ticarət Zonası, burada yaradılmış "vahid pəncərə" sistemi, tətbiq olunan qanunvericilik, gömrük, maliyyə və logistika xidmətləri, zonanın rezidentləri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, bu sahədə Çin təcrübəsi haqqında fikir mübadiləsi aparılıb.

Məhsullarımızın Şanxayın marketlər şəbəkəsində satışına başlanıb

Nazir Şahin Mustafayevin Çinin "Greenland" şirkətinin prezidenti Can Yulianq ilə görüşündə isə "Greenland"lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparılıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb. Səfər çərçivəsində AZPROMO və "Greenland Zhongxuan" Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin "Shanghai Jizhi Investment Management" şirkəti arasında "Greenland Global" Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair müqavilə imzalanıb. Görüşdə, həmçinin "Azersun Holdinq" şirkəti və "Greenland Zhongxuan" Beynəlxalq Ticarət Şirkəti arasında 2 milyon ABŞ dolları dəyərində, "Şərq Ulduzu" şirkəti və "Greenland Zhongxuan" arasında 1 milyon ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb. Qeyd olunub ki, noyabrın 7-də Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (ITOC) "Azərbaycan Şərab Evi" açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir. "Azərbaycan Şərab Evi"ndə məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Burada yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur. Çinin digər bölgələrində də Azərbaycan Şərab və Ticarət evlərinin yaradılması nəzərdə tutulur. Rüfət Məmmədov deyib ki, gələn il Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır. Qeyd edək ki, Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Minsk şəhərində açılıb. "Made in Azerbaijan" brendinin təşviqi Azərbaycan məhsullarının, xüsusi ilə də Çin bazarına ixracının artırılması məqsədilə görülən tədbirlərin davamı olaraq Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzinin "Direct İmported Goods" ("DIG") marketlər şəbəkəsində Azərbaycan şərablarının və digər spirtli içkilərin satışına başlanıb. Səfər çərçivəsində Azərbaycan məhsullarının Çin bazarında satışının artırılması məqsədilə "Greenland" şirkətinin "G-hub Ticarət Mərkəzi"ndə Azərbaycan pavilyonu açılıb. Burada Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. "Made in Azerbaijan" brendi ilə satışı həyata keçiriləcək.

Bolqarıstana nar, nar şirəsi, fındıq və digər məhsulların ixracına dair razılıq əldə olunub

Məlumat verilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə oktyabrın 12-18-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə ixrac missiyası təşkil olunub. Şərab və digər spirtli içkilər, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, müalicəvi bitki çayları, qənnadı məmulatları, mineral sular, İKT və digər sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkətinin iştirak etdiyi ixrac missiyası zamanı monqolustanlı iş adamları ilə ikitərəfli görüşlər keçirilib, ixrac məsələlərinə dair müzakirələr aparılıb. Oktyabrın 23-27-də Azərbaycanın ixrac missiyası İstanbul şəhərində olub. Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkətin təmsil olunduğu missiya çərçivəsində məhsulların Türkiyəyə ixracına dair razılaşmalar əldə olunub. Noyabrın 6-9-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olmuş Azərbaycanın ixrac missiyasına daxil olan yerli şirkətlərimiz bolqarıstanlı həmkarları ilə görüşlər keçirib, Sofiyada "Interfood & Drink" sərgisini ziyarət edib, ölkənin aparıcı topdansatış və mağaza şəbəkələrində olublar. Missiyaya daxil olan Azərbaycan şirkətlərinin istehsal etdiyi nar, nar şirəsi, fındıq və digər məhsulların Bolqarıstana ixracına dair razılığa gəlinib. Sonra iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan məhsullarının tanıdılması, qeyri-neft ixracının genişləndirilməsi və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görüləcək tədbirlərdən danışıb, KİV nümayəndələrinin sualları cavablandırıb.

Doqquz ayda ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb

Nazir müavini deyub ki, Azərbaycanın 2019-cu ildə 10 beynəlxalq sərgidə iştirakı, 25 ixrac missiyası həyata keçirməsi planlaşdırılır. Rüfət Məmmədov qeyd edib ki, ixrac missiyaları əsasən ənənəvi bazarlara, qismən isə yeni bazarlara reallaşdırılacaq. Rüfət Məmmədov deyib ki, bu ilin 9 ayında Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb. Azərbaycan 176 ölkə ilə ticarət əməliyyatları aparır. Hesabat dövründə qeyri-neft məhsullarının ixracı 13 faiz, kənd təsərrüfatı məhsulları 20 faizdən çox, qeyri-neft sənayesi 13 faiz artıb.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?
10.12.2018
Pərviz Şahbazov: “Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür”
10.12.2018
İnam Kərimov: “Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info