Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
Tarix: 14.11.2018 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Azərbaycan dili öz səlisliyinə, zənginliyinə, emosionallığına, ahəngdarlığına, orijinal qrammatik quruluşuna, zəngin lüğət ehtiyatına görə mövcud dünya dilləri arasında ən zəngin və ən qədim tarixi köklərə malik dillərdən biri hesab olunur. Belə zəngin, tarixi ənənələrə sahib olan bir dili qorumaq, sevmək, saflığı uğrunda mübarizə aparmaq, onu yad təsirlərdən mühafizə etmək, hər bir Azərbaycan vətəndaşının qarşısında duran ləyaqətli bir işdir. Dil milli-mənəvi dəyərdir, keçmişlə gələcək arasında böyük bir körpüdür. Bu mənada bu dəyəri qorumaq, yaşatmaq bizim müqəddəs borcumuzdur.
Çox yaxşı haldır ki, dilin inkişafı dövlət səviyyəsində də diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyev vaxtilə bu məsələyə münasibət bildirib, soydaşlarımızı ana dilində danışmağa, onu öyrənməyə çağırıb: “Biz dilimizlə fəxr etməliyik. Dilimiz çox zəngin və ahəngdardır, dərin tarixi köklərə malikdir. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini, dövlət dilini bilməlidir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Təsadüfi deyil ki, dil siyasəti həmişə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin əsas istiqamətini təşkil edib. Fəxrlə demək olar ki, həmin dil siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Mübaliğəsiz demək olar ki, davamlı dil siyasəti Azərbaycan dövlətinin özü üçün müəyyənləşdirdiyi əsas prioritet istiqamətlərdən birini təşkil edir. Özü də bu dil siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı bunun ən yaxşı nümunələrindən biridir. Fərmanda qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib. Bu fərman bir daha göstərdi ki, Prezident İlham Əliyev dildə gedən prosesləri bilavasitə müşahidə edir. Bu mənada Prezidentin həyata keçirdiyi dil siyasəti ulu öndər Heydər Əliyevin dil siyasətinin uğurlu davamı kimi çıxış edir. İl ərzində Azərbaycan dili haqqında verilən bir sıra fərman və sərəncamlar da sübut edir ki, Azərbaycan dilinin saflığının qorunması, inkişafı, daha da təkmilləşməsi Azərbaycan dövlətinin maraqlarına daxildir. Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, Prezidentin Azərbaycan dili haqqında etdiyi çıxışlarda, imzaladığı fərman və sərəncamlarda Azərbaycan dilini yad təsirlərdən qorumaq, dilimizin lüğət fondunu yersiz sözlərdən mühafizə etmək, dili ehtiyac olmadan süni şəkildə işlədilən alınma sözlərdən təmizləmək kimi məsələlər mühüm əhəmiyyət kəsb edir və böyük aktuallığa malikdir. Bu, bir növ, silsilə təşkil edir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli və eləcə də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli sərəncamların, eyni zamanda AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqdakı məzmunlu nitqi, Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışının əsasını da ana dilimizin milliliyinin qorunub saxlanması təşkil edir. Dövlət başçısı AMEA-nın 70 illik yubileyində bu məsələyə daha həssas şəkildə yanaşıb və qeyd edib: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni, doğrudan da, çox narahat
edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”. 5 noyabr 2018-ci il tarixində Ağdam Muğam Mərkəzinin açılışında görkəmli muğam ifaçıları ilə görüşü zamanı Prezident bir daha dilimizdə ehtiyac olmadan işlədilən yersiz alınma sözlərdən danışıb, dilimizin geniş imkanlarını diqqətə çatdırıb. Bu, onu deməyə əsas verir ki, dövlətin dil siyasəti məqsədli şəkildə həyata keçirilir, dövlət dildə gedən prosesləri nəzarətdə saxlayır və dilə edilən süni müdaxilələrin qarşısını almağa çalışır. Əlavə edək ki, 1 noyabr 2018-ci il tarixində imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” da məhz buna hesablanmış bir addımdır. Dilimiz üçün tarixi əhəmiyyət kəsb edən həmin Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin yaradılması nəzərdə tutulur. Monitorinq Mərkəzinin yaradılması, qeyd olunduğu kimi, KİV-in dilində, sosial mediada, ümumiyyətlə, mətbu orqanlarda, internet resurslarında və reklamların dilindəki ədəbi dil normalarının pozulmasının qarşısını almaq, fonetik, leksik və qrammatik qaydaların düzgün işlədilməsini təmin etmək, süni şəkildə yaradılan və yersiz alınma sözlərin dildə istifadəsini məhdudlaşdırmaq üçün olduqca böyük rol oynayacaq. Hesab edirik ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması 2013 -2020-ci illəri əhatə edən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər Planının icrasında mühüm əhəmiyyət kəsb edəcək.
İlkin Əsgər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir
08.12.2018
Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq
08.12.2018
Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür
07.12.2018
Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir
05.12.2018
“Azərbaycan dili bütün təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində qorunmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info