“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
Tarix: 16.11.2018 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Xədicə Azayeva: “20-ci əsr Azərbaycan ədəbiyyatının taleyini, ədəbiyyatçılarının həyatını öyrəndikcə məndə ədəbiyyatçı olmaq arzusu daha da artdı”


Müsahibimiz Xədicə Azayevadır:

- Özünüz haqda məlumat verərdiniz.

- Bakı şəhərində hərbçi ailəsində doğulmuşam, ilk təhsilimi Əhmədli qəsəbəsində yerləşən Zakir Əhmədov adına 64 nömrəli orta məktəbdə almışam və orta məktəbin 4-cü sinfində oxuyanda musiqi məktəbinə də daxil olmuşam. Fortepiano ixtisası üzrə 5 il Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbində təhsil almışam. 2008-ci ildə Asəf Zeynallı adına musiqi kollecində (hazırkı Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kolleci) fortepiano ixtisası üzrə təhsilimi davam etdirmişəm. 2013-cü ildə isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuşam.

- Artıq bakalavr təhsilinizi başa vurmusunuz. Bəs ali təhsilinizi davam etdirmək niyyətiniz varmı?

- Bəli, hazırda magistratura imtahanlarına hazırlaşıram, ədəbiyyatçı kimi təhsilimi, biliyimi daha da artırmaq fikrim var. Ümumiyyətlə, magistr təhsilinə maraq bütün gənclərdə daha da artıb. Bu, müsbət haldır və məndə yaranan bu maraq, ümid edirəm ki, sonda magistr təhsilimi başa vurmaqla yekunlaşar. Hələlik isə sırf dediyim sahə üzrə magistr təhsili almaq üçün hazırlıqlar keçirəm. Bir məqamı deyim ki, Bakı Dövlət Universitetinin 3-cü kursunda oxuyarkən bizə 20-ci əsr Azərbaycan ədəbiyyatı fənnini keçirdilər ki, məhz o dövrün ədəbiyyatının taleyini, ədəbiyyatçılarının həyatını öyrəndikcə məndə sırf ədəbiyyatçı olmaq arzusu daha da artdı. Ümumiyyətlə, sizə bir məqamı deyim ki, həqiqətən də, dünya ədəbiyyatını öyrəndikcə oxuduqca görürsən ki, Azərbaycan ədəbiyyatı özünəməxsusluğu ilə seçilir və bizim ədəbiyyat o qədər zəngindir ki, öyrəndikcə yeni-yeni məqamlar, ədəbi mərhələlər, intibah dövrləri, dahi yazarlar, şairlər kəşf edirsən.

- Musiqi ilə ədəbiyyata böyük maraq göstərirsiniz. Bəs daha çox hansı sahəni özünüzə doğma sayırsız?

- Düzünü desəm, hər iki sahəni hədsiz sevirəm. Qeyd etdiyim kimi, ilk təhsilimi fortepiano üzrə almışam ki, bu, o qədər də asan deyil. Bir məqamı da deyim ki, mənim ixtisasım həm də musiqi müəllimliyidir. Yəni, bəlkə də, uşaqlıq illərindən musiqiyə maraq yarandığı üçün bir qədər bu sahəni daha çox sevə bilərəm. Amma ədəbiyyat, filologiya da mənə doğmadır. Xüsusən də, milli musiqimizi xalq və bəstəkar mahnılarımızı sonsuz dərəcədə sevirəm. Hətta, desəm inanmayacaqsınız, hər gün xalq mahnılarımızı dinləyirəm... Çox təəssüf ki, indiki gəncliyin böyük əksəriyyəti xalq mahnılarımızı dinləmir, klassik musiqiləri, bəstəkarlarımıza maraq göstərmirlər. Ancaq görəndə ki, hələ də müəyyən bir gənclər təbəqəsi var ki, məhz bu işə maraqlıdırlar, araşdırır, milli musiqimizlə məşğul olub xalq mahnılarını əzbər bilirlər, çox sevinirsən. Xüsusən, hələ də xaricdə sevilən bəstəkarlarımızı qəti unutmamalıyıq. Çox sevdiyim 2 bəstəkar var ki, onlardan biri Emin Sabitoğlu, digəri isə Elza İbrahimovadır. Hər dəfə kimsə məndən soruşanda ki, “hobbin nədir?”, deyirəm ki, sevdiyim bu iki ölməz bəstəkarların mahnılarını pianoda ifa edib oxumaq.

- Bəs özünüz mahnılar bəstələmisinizmi?

- Əlbəttə. Ara-sıra mahnılar bəstələyirəm. Bəstələrimdən cəmi bir mahnım işıq üzü görüb ki, bu da sözləri və musiqisi özümə aid olan “O qadın” adlı mahnıdır. Mahnını elə özüm ifa etmişəm. Bundan başqa, musiqisi özümə aid olan “Könül həmdəmim”, “Apar məni” və s. mahnılarım, “Bir ümid”, “Dost məhəbbəti”, “Kəpənək Valsı” kimi musiqi melodiyalarım da var.

- Həm pianoda ifa edirsiniz, həm oxuyursunuz, həm də artıq bəstələriniz də var. Bəs şagirdləriniz necə, olurmu?

- Bəli, şagirdlərim olub, lakin hazırda dərs keçmirəm. Amma sizə ilk şagirdlərimdən biri haqda danışım ki, bu da ən kiçiyi sayılan 6 yaşlı qız idi. Mən ona fortepiano dərsi keçdim və adı müəlliməsinin adı ilə eyni olan Xədicənin 6 yaşının olmasına baxmayaraq, çox istedadlı, çalışqan şagird idi. Hətta nə qədər qəribə səslənsə də, biz onunla bərabər kiçik melodiyalar da bəstələmişdik.

- Bəs ictimai işlərdə necə, aktivlik göstərirsinizmi?

- Bəli, daha çox universitet illərində ictimai işlərdə aktiv olmuşam. Bakı Dövlət Universitetinin Folklor dərnəyində Dram şöbəsinin rəhbəri olmuşam. 2017-ci il may ayının 25-də Bakı Dövlət Universiteti tarixində ilk dəfə Səməd Vurğunun “Vaqif” tamaşasını hazırladıq, orada qarı obrazını canlandırdım. Hətta bizim tamaşanın rejissoru Azərbaycanın Xalq artisti Atakişi Kazımov bizimlə 3 ay bərabər işlədi. Onun tamaşanın ərsəyə gəlməsində böyük rolu oldu. Həqiqətən də, möhtəşəm alınssssssssdı. Bundan başqa, festivallara qatılmışam, universitet daxilində müsabiqələrdə, ictimai tədbirlərdə, konsert tədbirlərində, xeyriyyə tədbirlərində ifaçı kimi çıxış etmişəm. Universitetlərarası müsabiqələrdə qalib də olmuşam. Məsələn, bu il Gənclər və İdman Nazirliyi tərəfindən hər il universitetlər arasında keçirilən “Tələbə Baharı-2018”-in bəstəkar mahnıları nominasiyası üzrə 2-ci yerin qalibi oldum.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info