Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
Tarix: 16.11.2018 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, bu günlərdə İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə əlaqədar təsis konfransı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan konfransda Koordinasiya şurasına Norveçdə AXC-nin 100 illiyi münasibətilə yaradılan “Can Azərbaycan” təşkilatının rəhbəri Şervin Nəcəfpur da əlaqələndirici qismində seçilib. Şervin Nəcəfpur yeni şuranın yaradılması ilə bağlı fikirlərini özəl olaraq “Palitra”yla bölüşdü. Şervin Nəcəfpur dedi ki, əlaqələndirici olaraq seçilməsi onun üçün yenilikdir və xoşdur: “Məncə, bu şuranın yaradılması birlik və bərabərliyin simgəsidir. Ayrıca, inanıram ki, gələcəyə doğru uğurlu addımlar atılacaq. Artıq gücləri birləşdirib, dağları silkələmək vaxtıdır. Kiçik uğurlar böyük addımlara yol açır. Məncə, hər kəs öz imkanı daxilində mütləq bir iş görməlidir”.
O bildirdi ki, rəsmi statistikaya görə Norveçdə 3 660 nəfər azərbaycanlı yaşayır: “Ən böyük arzum budur ki, biz-birimizə mehriban olaq, CAN deyək, CAN eşidək. Hər bir Azərbaycan türkünün uğurunu öz uğurumuz hesab edib, Azərbaycanımızın tanıtımı üçün fikrimizi bir istiqamətə yönləndirməliyik. Gənclərimizə yaxşı nümunə olmalıyıq. Mən çox istərdim gələcəkdə Norveçin böyük vəzifələrində azərbaycanlıları görüm. Arzum budur ki, Nörveçdə doğulan Azərbaycan övladları öz milli mənsubiyyətləri ilə fəxr etsinlər.
Siyasi görüşlərimiz fərqli olsa belə, bunları bir kənara buraxıb, əsas missiyamıza fokus edək. Azərbaycanımızla yaşadığımız ölkə arasında güclü dostluq körpüləri yaradaq”.

“ADG vətəndən uzaq yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirir”
Nəzərə çatdıraq ki, Şervin Nəcəfpur Azərbaycanda keçirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı olub. Şervin Nəcəfpur qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən dünya azərbaycanlılarının bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb və görülür: “Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə məni, bir Azərbaycan övladı olaraq Diaspor Gənclərinin I Yay Düşərgəsinə daxil etdikləri üçün təşəkkür edirəm. CAN təşkilat sədri olaraq hər zamanAzərbaycan dövlətinin yanındayam. Düşərgə çərçivəsində dəyərli məlumatlar əldə etdim, dostlar qazandım. Doğma Azərbaycanımızın inkişafı naminə bütün gücümüzü sərf edəcəyimizə və bununla da üçrəngli bayrağımızın daha da yüksəklərdə dalğalanması üçün səylərimizi əsirgəməyəcəyimizə ümidvaram”.
O dedi ki, yeni yaradılan Azərbaycan Diaspor Gəncləri Təşkilatı vətəndən uzaq yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirir: “ADG-nin yaradılması lobbiçilik naminə çox gərəkli bir addımdır. İstedadlı gənclərin yer aldığı belə bir təşkilatda Norveç təmsilçisi kimi yer almaq mənim üçün fəxrdir. Təşkilatın məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmaq, Azərbaycanımızın tarixi-mədəni irs və adət-ənənələrimizi təbliğ etməkdir. Və ən əsas fəaliyyətlərimizdən biri, məncə, yaşadığımız ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirməsi üzrə uğurlu addımlar atmalıyıq. Assimilyasiya və inteqrasiyanın fərqini bilməliyik. Çünki harada doğulmağımızdan asılı olmayaraq, bu gün fəxr ilə “biz azərbaycanlıyıq” deyə biliriksə, bu, bizim əsas qəhrəmanlarımız olan valideynlərimizin sayəsindədir. Onların bizə vermiş olduğu tərbiyə, vətən sevgisi və s. xarakterlərimizdə böyük rol daşıyır.
Onsuz da ilin 365 günü ürəklərimiz vətənimizlə döyünür. Xaricdə doğulub boya-başa çatmış olsaq da, mən öz adıma deyə bilərəm ki, vətən uzaqda deyil. Məni ana vətənim Azərbaycan hər zaman CAN, sevgi və hörmətlə qarşılayıb. Mən hər zaman vətənimin, həmyerlilərimin böyük dəstəyini hiss etmişəm. Xüsusilə media nümayəndələrinin diqqəti üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Gecə-gündüz bizlərə dəstək olur, bizləri Azərbaycan xalqına tanıtdırmaqda böyük rol oynayırlar. Mən modelyer kimi fəaliyyətə başladığım əvvəl gündən bəri heç vaxt məni tək buraxmayıblar. Hər zaman mənə böyük dəstək və sevgi göstəriblər. Bu sevgi əbədidir”.

“Norveçdə Azərbaycan dilini ancaq evlərdə qoruya bilirik”

Qeyd edək ki, Şervin Nəcəfpur bu günlərdə CVN TV-də “Skype” vasitəsilə canlı verilişdə qonaq olub. Onun verilişinin videosu “Instagram”da 27 min izləməni keçib. O deyib ki, 2008 və 2009-cu ildə Norveçdə Xəzər Yanar Dərnəyi və Azərbaycan Səsi Radio qurucularından biri olan Atəbəy Nəcəfpur Azərbaycan məktəbini açmışdı. Bunu, ancaq bir il davam etdirə bildilər. Çox təəssüf olsun ki, bunu davam etdirməyə gücümüz çatmadı. Norveçdə Azərbaycan dilini ancaq evlərdə qoruya bilirik. Bu dili yaşatmaq hər bir valideynin vəzifəsidir. Mənim valideynlərim, bilirsiniz ki, Urmiya şəhərində anadan olublar. Dilimiz evlərimizdə qorunmasaydı, bu gün mən ana dilimi bilməzdim. Pis-yaxşı qorunduğu üçün mən bu gün Azərbaycan türkcəsində yazıb, oxuyub və danışa bilirəm. Düzdür, mənim valideynlərim müstəqil Azərbaycan xalqında doğulub böyümüş olsaydılar, mənim dilim daha da gözəl ola bilərdi. Mən ana dilimi valideynlərimin mənə aldıqları Azərbaycan dilində kitablardan, musiqimizi dinləməkdən və s. öyrənmişəm.
Məncə, biz utanmamalıyıq, pis-yaxşı biz bu dili danışmasaq, necə inkişaf etdirəcəyik? Mən Norveçdə və Amerikada təhsil aldığım üçün ingilis və Norveç dilində sərbəst danışıram, hətta ildə, ən azı, 3 ayı Türkiyədə keçirdiyim üçün hiss edirəm ki, Türkiyə türkcəsində özümü daha da sərbəst ifadə edə bilirəm. Bir yerə kimi oxuyub-yazmaqla dilimi inkişaf etdirə biləcəm. Bir necə ay Bakıda qalsam, inanıram ki, qısa vaxtda daha sərbəst danışmağa başlayacam. Çünki bizim dilimiz rus və fars dilindən keçmə sözlərlə çox qarışıb. Mən çox vaxt etiraz olaraq bəzi cümlələri Türkiyə türkcəsində ifadə edirəm. Evdə ortaq türkcə danışıram, rus və fars sözlərini istifadə etməməyə çalışıram.
Cənab Prezidentimizin Azərbaycan dili ilə bağlı sərəncam imzalaması məni çox sevindirir. Dilimiz bizim mənəvi sərvətimizdir, dilimiz ölsə, biz ölərik... Ona görə dilimizi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Xüsusilə vətəndən uzaqda yaşayanlar və doğulub böyüyənlərin...”.

Oslo bələdiyyəsinin İmmiqrantlar şurasına seçilən ilk azərbaycanlı xanım

Xatırladaq ki, Şervin Nəcəfpur Norveçin Oslo bələdiyyəsinin İmmiqrantlar şurasına seçilən ilk azərbaycanlı xanımdır. O, şurada gördüyü işlərlə də bağlı məlumat verdi: “İmmiqrantlar Şurası, Osloda yaşayan çoxçeşitliliyin təmsilçisidir və çalışırıq çoxmədəniyyətli, köklü şəxslər arasında daha çox iştirakçılığı müzakirə etməklə vacib məsələləri gündəmə gətirək. Həmçinin Şuraya (immiqrant təşkilatlarına) və səlahiyyətlilərə məsuliyyət daşımaq üçün lazım olan etibarlı işi gücləndirməyə kömək etməyə çalışırıq. Şuranın nümayəndələri Osloda qeydiyyatdan keçmiş immiqrant təşkilatları tərəfindən seçilir və mən 2016-cı ildən bəri şurada varam. Şura 1985-ci ildə təsis edilib və Osloda 300-dən çox immiqrant təşkilatını təmsil edir. Şuranın orijinal mandatı Osloda immiqrant təşkilatlarına vəsait (pul) ayırmaq idi. 1997-ci ildə şuranın mandatı Oslo bələdiyyəsinə məsləhətləşmə orqanı olmaq üçün formatını dəyişdirdi. Hazırda şura məsləhətləşmə orqanı kimi fəaliyyət göstərir. İldə, ən azı, 2 böyük konfrans olur. Region təşkilatları, siyasilər ilə görüşlər keçirir və s.”.
Şervin Nəcəfpur dedi ki, ötən həftə Osloda İmmiqrantlar şuranın maraqlı bir konfransı keçirilib. Həm aparıcı və çıxışçı kimi iştirak edən Şervin Nəcəfpur, şuranın mandatını, işçi strukturunu təqdim edib. Onun sözlərinə görə “Birlikdə OXLO Oslo Ekstralarge (Çoxmədəniyyətli Oslo) üçün işləyirik” adlı konfransda Norveçdə anadan olanlar və gəlmələr üçün necə dövlət və bələdiyyənin yüksək vəzifələrində rəhbərlik işlərində işə alına bilmələrindən danışılıb: “Oslonun nüfuzu hal-hazırda 33% əcnəbi əsillilərdən ibarətdir. Və rəsmi statistika göstərir ki, əcnəbi əsillilər, xüsusilə xanımlar yüksək təhsil alıblar. Lakin Norveçdə statuslu vəzifələrdə yer ala bilmirlər. Bir çoxları işsiz, işə girənlər isə öz istiqamətlərində iş tapa bilmirlər, məcbur qalıb az maaşlı işlərlə məşğul olurlar.
Bələdiyyə və dövlət “biz çoxmədəniyyətliliyi təmsil edirik” desə də, ancaq realda təmsil etmir. Hazırda Norveç cəmiyyəti təmsil olunmamaqdadır. 4 saatlıq konfransda 9 çıxışçı qonaqların da maraqlı suallarına cavab verdilər. Çıxışçılar arasında Azərbaycanın dostu Əmir Şeyxin də qızı iştirak edirdi. Norveçin ən gənc yazıcısı olan Arina Əmir Şeyxin, 12 yaşında ikəm “Bir norveçli müsəlmanın hekayəsi” adlı kitabı işıq üzü görmüşdü”.

Fuad Hüseynzadə








 
Bölməyə aid digər xəbərlər
17.12.2018
Ali Murat Kırık: “Dünyanı gözləyən ən böyük təhlükələrdən biri sosial media terrorudur”
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info