“Azərbaycanda tarixini, dövlətini və mədəni irsini sevən kifayət qədər gənc var”
Tarix: 09.07.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Rövşən Nəcəfov: “Bu gün dövlət bizim gördüyümüz işləri dəstəkləyirsə və dövlət özü də bunda maraqlıdırsa, yaxşı işlərin təməlini qoymaq olar”

Bu gün istər dövlət, istərsə də vətəndaş cəmiyyəti tərəfindən gənclərin elm və təhsilinin daha da artması üçün müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri də “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası 2013-cü ildən başlayıb. Hazırda kampaniya Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənir. Kampaniyanın rəhbəri Rövşən Nəcəfovla görüşüb daha ətraflı məlumatlar əldə etdik:

-Rövşən müəllim, bu kampaniyanı keçirməkdə məqsəd nədir?
- Kampaniyanın əsas məqsədi region xanımlarına stimul vermək, xanımların təhsilə marağını gücləndirmək, regionlarda formalaşan stereotiplərin qırılmasına birbaşa təsir etmək, xanımların Azərbaycanımızın inkişafında rolunun vacibliyinin mesajlarını verməkdir.
Kampaniya çərçivəsində video-çarx, kitab və köynəklər hazırlanıb. Həmçinin www.myedu.az saytı hazırlanıb.
Əsas fəaliyyət istiqamətləri regionlara səfərlər etmək, ailələrlə görüşlər keçirməkdir. Hansı ki həmin ailələrdə görüşdüyümüz məktəbli qızlara kitab və köynək hədiyyə edərək onların fikirlərini, arzularını dinləyirik. Kampaniya çərçivəsində hazırlanmış “İdeya Blankı” vasitəsilə onların arzularına mane olacaq amillər müəyyənləşdirilir. Artıq Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabada səfərlər olunub. Səfərlər yekunlaşdıqdan sonra görüşdüyümüz şəxslərin data-bazaları formalaşacaq. Növbəti layihələrdə, həmin şəxslərin iştirakını yenidən təmin edəcəyik. Bu, davamlı bir prosesdir. Bu prosesdə bizimlə olmaq istəyən hər bir qurumla əməkdaşlıq etməyə hazırıq.
- Prosesin məntiqi sonunu necə görürsünüz?
- Azərbaycan son 2 əsr ərzində böyük uğurlara imza atmışdır. Məhz Azərbaycanın daxil olduğu Rusiya İmperiyasında 1861-ci ildə təhkimçilik hüququnun ləğvindən sonra paytaxt olduğu üçün Sankt-Peterburqda və məhz Azərbaycanda təhsil, elm və ədəbiyyat sahəsində sıçrayış olub. Azərbaycanda maarifçilik cərəyanı başlayıb. Bunun nəticəsində isə təhsilə maraq göstərmiş və ölkəsinə biganə qala bilməyən məsuliyyətli gənclər yetişdi. O gənclər ki 1918-ci il 28 may tarixində, bu yaxınlarda 90 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətini ortaya gətirdi. Hazırda da başladığımız bu proses bir neçə il sonra Azərbaycana tam təhsilli, dünyanın aparıcı dövlətlərinin gəncləri ilə rəqabətə girəcək gənclər yetişdirəcək. Eyni zamanda bu proses gələcək Azərbaycanımıza ümidlə baxmağa imkan verəcək. Bu proses uzunmüddətli prosesdir. Biz bu prosesin yanındayıq. Bu prosesin başa çatması üçün uzun bir yol qət etmək lazımdır. Düşünürəm ki, dövlətin, Azərbaycanın gələcəyinə biganə qala bilməyən qurumların və şəxslərin dəstəyi ilə bu proses bütün ölkəni əhatə edəcək.
- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?
- Bir cəmiyyətin inkişaf etməsinə və onun gələcək nəsillərə təqdim olunmasına təsir edən əsas vasitə təhsildir. Təhsil elə bir açardır ki, inkişafa gedəcək bütün bağlı qapıları açmaq imkanına malikdir. Yeni kadrların yetişməsi və onların öz ölkəsinə töhfə verməsi, nümunələr yaratması ümumi prinsiplərin, yəni bütöv xalq şüurunun formalaşmasına gətirib çıxaracaq. Yəni ki təhsilin və elmin inkişafı ümumi inkişafın təmin olunması üçün çox vacib amildir. Eyni zamanda da təhsilli Azərbaycan gənci dünya tələblərinə cavab verəcək rəqabətədavamlı kadrdır. Bu cür kadrlara sahib olmaq, böyük və tükənməz xəzinəyə sahib olmaq deməkdir. Biz Vətənimizi bu xəzinə ilə doldurmaq istəyirik.
- Gənclərin Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə və mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz?
- Azərbaycan tarixinə bağlılıq və tariximiz haqqında bilgilər biz uşaq olandan bizə aşılanır. Hansı ki, o tarix bizə qəhrəmanlarımızı, səhvlərimizi və düzlərimizi təqdim edir. Kimlərsə tariximizin özünü daha çox sevir, kimlərsə tarixin bizə verdiyi nümunələri. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər öz tarixini, dövlətini və mədəni irsini sevən gənclər var. Hər kəs sevgisini müxtəlif formalarda ifadə edir. Gənclərin Azərbaycanın tarixinə, dövlətçilik ənənələrinə və mədəni irsinə ən böyük bağlılığı onun təhsili və gördüyü işlər olmalıdır. Yəni ki onun bağlılığı, onun təhsilidir. Yaxşı təhsil alıb, yaxşı işlər görüb, həmin işlərin altına “Azərbaycan gəncliyi” imzasını atmalıyıq.
- Elm və təhsilin inkişafı istiqamətində hansı layihələrin keçirilməsinə ehtiyac var?
- Elm və təhsilin inkişafında müxtəlif təhsil forumları, müzakirələr və təkliflər istiqamətində layihələr icra olunmalıdır. Biz daha çox gənclərə, xüsusən də regionda yaşayan gənclərə nümunələr təqdim edirik. Hansı ki təqdim etdiyimiz nümunələr, onların sağlam inkişafına stimul yaradır. Təhsilli gələcəyin quruculuğunda birbaşa iştirakçı olmaq, və gələcəyimizin, yəni özümüzdən sonrakı nəslin yanında olmaq şərəflidir.
- Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
- Hazırda “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası çərçivəsində regionlara səfərlər edirik. Kitabımız çapdan çıxıb. Bu kitab ödənişsizdir, yəni qiyməti təhsildir. Kitabın yayımına və təqdimatlarına hazırlaşırıq. Bundan əlavə sosial şəbəkələrdə eyniadlı video-çarx yayımlanır. Kampaniyanın davamlılığı üçün qısametrajlı bədii film və yeni video-çarx təqdim olunacaq. Həmçinin gənclərin iştirakı ilə növbəti ayların birində forum keçirmək niyyətindəyik. Bundan əvvəl mən və dostlarım müxtəlif təhsil layihələrində iştirak etmişik. İndi bu ideya ətrafında toplaşmışıq. Hər kəsi bizimlə olmağa və ideya mübadiləsi etməyə dəvət edirəm.
- Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?
- İcra etdiyimiz kampaniya layihə şəklində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları, QHT-lər təhsil sahəsində bu tip kampaniyaların keçirilməsində bizimlə əməkdaşlıqda maraqlıdırlar və dəstək olurlar. Bundan sonra da dövlətimizin bu tip kampaniyaların keçirilməsi üçün dəstəkçi olması arzuolunandır. Önəmli olan dövlətimizin buna olan marağıdır ki, o da var. Bu gün dövlət bizim gördüyümüz işləri dəstəkləyirsə və dövlət özü də bunda maraqlıdırsa, yaxşı işlərin təməlini qoymaq olar. Təkcə dövlət və QHT deyil, həmçinin Azərbaycanda fəaliyyət göstərən biznes strukturları, şirkətlər və s. bu işdə maraqlıdır. Cəmiyyətin sosiallaşması və qarşılıqlı töhfələr verməsi hər bir sahənin inkişaf etməsinə və şəbəkələşmənin yaranmasına gətirib çıxaracaq.
- Gənc nəslin elm və təhsilini artırmağa marağı necədir?
- Bu gün xaricdə kifayət qədər təhsil alan, elmi işlər aparan gənclərimiz var. Onlar bu istiqamətdə daha intensivdirlər. Həmçinin həmin gənclər təkcə elm və təhsillə deyil, bir vətəndaş kimi, bir gənc səfir kimi Azərbaycanımızı təmsil edirlər. Kimlərsə dövlət dəstəyi ilə, kimlərsə xarici təqaüdlər vasitəsilə, bir qrup gənclər isə müstəqil olaraq xaricdə təhsil alır və elmi işlər aparırlar.
Ölkə daxilində isə xüsusən regionlarda yaşayan gənclərin təhsilə marağı daha güclüdür. Lakin onların xaricdə təhsil almaq imkanı şəhərdəkilərə nisbətən daha da çətindir. Belə ki, region gənclərinin ən böyük çətinliyi, onların məlumatsızlığıdır. Məqsədlərimizdən biri də region gəncliyini məlumatsızlıqdan xilas edib, onları yaşadıqları regionda mütəxəssis etmək və onları rəqabətdə olmağa vadar etməkdir. Həmin regionun inkişafına töhfələr vermək, nümunələr yaratmaq istəyirik. Təhsildə olan rəqabətdə heç kim məğlub olmur.
- Tələbələr və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?
- Əsas yeni ali məktəblərin yaradılmasıdır və ya köhnə ali məktəblərin yenilənməsidir. Azərbaycan Diplomatiya Akademiyası, Bakı Ali Neft Məktəbi kimi universitetlərimiz var ki, cəmiyyətimizin intellektual səviyyəsinin daha yüksək və dünya gəncləri ilə rəqabətdə olmasına imkanlar yaradır. Yeni metodlar, yeni dərs sistemi və ən əsas yeni mühitin yaradılması yeni nəslin daha proqressiv olmasına gətirib çıxaracaq. Kifayət qədər gənclər bu yeniliklərə açıqdır və yeni nəslin yetişməsində birbaşa iştirakçı olmaq istəyirlər. Kifayət qədər dövlət tərəfindən şanslar yaradılıb ki, gənclər təhsillərini və şəxsi ideyalarını reallaşdıra bilsinlər. Həmçinin xaricdə müxtəlif təqaüdlər var ki, gənclərimiz bundan da yararlana bilər. Sadəcə daha fəal olmaq və insanlara daha yararlı olmaq lazımdır.
- Gələcəkdə başqa hansı layihələr həyata keçirməyi düşünürsünüz?
- Növbəti layihələrimiz də təhsil və gənclərin fəal iştirakçılığı mövzusunda olacaq. Başlayan bu prosesi daha da uğurlu davam etdirmək fikrindəyik. Hazırda bununla bağlı müzakirələr və işlər gedir. Növbəti ideyalarımız və işlərimizlə bağlı “Mənim Təhsilim, Mənim Gələcəyim!” adlı “Facebook” səhifəsində və www.myedu.az saytında məlumatlar verəcəyik. Bizi izləyin.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info