Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu nazirliyin 100 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Azərbaycanda sosial müdafiə sisteminin keçdiyi inkişaf yolu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasətin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərindən biri kimi ölkədə təkmil və etibarlı sosial müdafiə sisteminin qurulması və təkmilləşdirilməsi, sistemin müasir inkişaf istiqamətləri, dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan operativ və tam şəffaf təşkili məqsədilə aparılan islahatlar barədə geniş ictimai məlumatlandırmanın həyata keçirilməsində peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır. “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda olan müsabiqə çərçivəsində qəzetlərdə dərc olunmuş yazılarda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. Yazıların qəbulu 20 noyabr 2018-ci il tarixində başlayır, 20 dekabr 2018-ci il tarixdə başa çatır. Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat); II yer üçün 2 nəfər (800 manat); III yer üçün 3 nəfər (500 manat)
yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək. Qaliblər, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Anar
|