Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir
Tarix: 19.11.2018 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Taleh Cəfəroğlu 1979-cu il oktyabr ayının 10-da Kəlbəcər rayonunda anadan olub. Goranboy rayon Eldar Hümbətov adına 63 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir.

Südabə İrəvanlı 1962-ci il yanvar ayının 7-də anadan olub. “Aşıq Pəri” məclisinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Deyişmə VI


Südabə İrəvanlı
Dəli könlüm yaman gəlib fəğanə,
Ağlamağa gəzir yenə bəhanə.
Bu sevgidi, məhəbbətdi, yoxsa nə?
Görən niyə o dəlini sevirəm?!

Taleh Cəfəroğlu
Qarışıq düşübdü gecəm-gündüzüm,
Görən niyə bu dəlini sevirsən?
Baxılası deyil zəhrimar üzüm,
Görən niyə bu dəlini sevirsən?

Südabə İrəvanlı
Daha qalmayıbdı bu canımda can,
O mənə vurğundu, mən ona qurban.
Talanıb, dağılıb, olmuşam viran,
Görən niyə o dəlini sevirəm?

Taleh Cəfəroğlu
Can alan kirpiyim, qaşım da yoxdu,
Bir fərli ağılım, huşum da yoxdu.
Dəlinin biriyəm, başım da yoxdu,
Görən niyə bu dəlini sevirsən?

Südabə İrəvanlı
Baxanda baxışı, gözü yandırır,
Toxunsa, alovu, közü yandırır.
Nəfəsi yandırır, sözü yandırır,
Görən niyə o dəlini sevirəm?!

Taleh Cəfəroğlu
Eşqin saf eşqimə cavabdı yoxsa?
Sevmisən, ürəyin kababdı yoxsa?
Bu məzlumu sevmək savabdı yoxsa,
Görən niyə bu dəlini sevirsən?

Südabə İrəvanlı
O zalım ovçudu, Südabə şikar,
Üzür ürəyimi, üzür intizar.
Nə qədər çəkəcəm belə ahu-zar?
Görən niyə o dəlini sevirəm?

Taleh Cəfəroğlu
Sənin qəlbin qızılgüldür, incidir,
Məkanların ən gözəli, dincidir.
Taleh sənə bu qədər ki, incidir,
Görən niyə bu dəlini sevirsən?


Deyişmə VII


Südabə İrəvanlı
Dözəcəyəm əzabına hər dərdin,
Dəstə-dəstə sinəm üstə sər, dərdin.
Sən ki mənə hər gün "canım" deyərdin,
Qurban olum, dediyini bir də de.

Taleh Cəfəroğlu
Gəl yenə boyama qana könlünü,
Eşqin yollarında sına könlünü.
Qoymaram qırıla, sına könlünü,
Qurban olum, dediyimi deyəcəm.

Südabə İrəvanlı
Adın ürəyimdə, dilimdə də ah,
Hayana yollanım, aparım pənah?!
Heç olmasa, bircə dəfə, sən Allah,
Qurban olum, dediyini bir də de.

Taleh Cəfəroğlu
Nə vədim yalandı, nə sözüm saxta,
Səni sevmədim ki, küncdə-bucaqda?!
Ulduzlu bir gecə, sakit otaqda,
Qurban olum, dediyimi deyəcəm.

Südabə İrəvanlı
Gözümün yaşını tökdüm hər gecə,
Şəklini köksümə bükdüm hər gecə.
O sözün həsrətin çəkdim hər gecə,
Qurban olum, dediyini bir də de.

Taleh Cəfəroğlu
Sovrulur göylərə külüm hər gecə,
Girirsən yuxuma, gülüm, hər gecə.
Səni sayaqlayır dilim hər gecə,
Qurban olum, dediyimi deyəcəm.

Südabə İrəvanlı
Südabən tənhadı, fağırdı sənsiz
Həsrəti dağlardan ağırdı sənsiz.
Bir acı yuxudu, nağıldı sənsiz,
Qurban olum, dediyini bir də de.

Taleh Cəfəroğlu
Gəl, əzizim, bu qollarım açıqdı,
Bu ürəyim sənin üçün acıxdı.
Bu naz-qəmzə Talehinə acıxdı?
Qurban olum, dediyimi deyəcəm.


Deyişmə VIII

Taleh Cəfəroğlu
Duman kimi zirvələrə çəkilmək
Ay insafsız, yaraşırmı, de, sənə?
Gözlərinin qarasına bükdüyün
Günahımı bircə-bircə desənə.

Südabə İrəvanlı
Səndən uzaq nələr çəkdim, nə çəkdim,
Dönə-dönə demədimmi bəs sənə?
Sən gündə birinə "canım" deyirsən,
Necə dönüm sənə gəlim, desənə?

Taleh Cəfəroğlu
Hər anımda sənlə olan o günlər,
Gəncliyimi yola salan o günlər.
İndi mənsiz sənlə qalan o günlər,
Xatirələr nə danışır, desənə?

Südabə İrəvanlı
Məcnun kimi dolan təpə, düz indi,
Həsrətimin əzabına döz indi.
Yandırırmı ürəyini köz indi,
Doğranırmı dilim-dilim, desənə?

Taleh Cəfəroğlu
Ürəyimi parçalayıb sökən qəm,
Qocalığı saçlarıma çəkən qəm.
Ay insafsız, o gözlərə çökən qəm,
Bu Talehdən nə soruşur, desənə?

Südabə İrəvanlı
Özün getdin, Südabəni itirib,
Eşqim səni ayağıma gətirib.
Yaram üstdən vüsal gülü bitirib,
Sevinərmi, mənim könlüm, desənə?


Deyişmə IX

Südabə İrəvanlı
Bir ox dəyib yaralanıb,
Ruh bədəndən aralanıb.
Şüşə kimi paralanıb,
Hara qoyum ürəyimi?

Taleh Cəfəroğlu
Arzuların dil açmayıb,
Qundağa qoy ürəyini.
Bülbülə ver, qoy oxusun.
Bir bağa qoy ürəyini.

Südabə İrəvanlı
Arzu cavan, dünya qoca,
Dərya dərin, dağlar uca.
Sürüyürəm yol boyunca,
Hara qoyum ürəyimi?

Taleh Cəfəroğlu
Kövrələndə bulağa qaç,
Dərdlərinə olsun əlac.
Qanad çalan qartala aç,
Bir dağa qoy ürəyini.

Südabə İrəvanlı
Üstü dolu fəlakətdi,
Hər tərəfim qəmdi, dərddi,
Dünyanın özü namərddi,
Hara qoyum ürəyimi?

Taleh Cəfəroğlu
Göndər məndə qonaq qalsın,
Ötən günü yada salsın.
Çəmənlərdən ilham alsın,
Yaylağa qoy ürəyini.

Südabə İrəvanlı
Südabəylə bəhsə girdi,
Sevinc əkdim, qəm bitirdi.
Toya getdi, qəm gətird,
Hara qoyum ürəyimi?

Taleh Cəfəroğlu
Çal, oxusun könül sazı,
Görsün Taleh əsl nazı.
Vətənə gəl, vətən qızı,
Torpağa qoy ürəyini.


Deyişmə X

Südabə İrəvanlı
Söz vermişəm çıxaracam,
Ağlını başdan şairin.
Büküləcəm ürəyinə,
Ürəyi daşdan şairin.

Taleh Cəfəroğlu
Söz vermisən, burda nə var?
Səslə yavaşdan şairi...
İmtahan et, bir də çıxart,
Bərkdən-boşdan şairi...

Südabə İrəvanlı
Çaşdıracam öz adını,
Yandırıb can otağını.
Süzəcəyəm inadını,
Gözündə yaşdan şairin.

Taleh Cəfəroğlu
Sən mənimsən axır-əzəl,
İnsafa gəl, yola düzəl.
Tanrı yaratmayıb, gözəl,
Qayadan, daşdan şairi.

Südabə İrəvanlı
Çox olsa da dərdi-səri,
Bada vermir o günləri.
Eşitmişəm var xəbəri,
Hər uçan quşdan şairin.

Taleh Cəfəroğlu
Sən ki nazlı bir sonasan,
Ram etməyim deyil asan.
Amma çətin qorxudasan,
Elə savaşdan şairi.

Südabə İrəvanlı
Ay Südabə, de, indidən
Dilim topuq çalır nədən?
Heç çəkinmə, tut əlindən
Lap bəribaşdan şairin.

Taleh Cəfəroğlu
İlhamında olmaz azar,
Bu Talehdə sel təbi var.
Çağır, birgə dastan yazar,
Sübhü o başdan şairi...

Toplayıb tərtib etdi:
Mahmud Əyyublu




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb
07.12.2018
“Kardeş kalemler” noyabr nömrəsini Mir Cəlal Paşayevin 110 illiyinə həsr edib
07.12.2018
2019-cu il MDB-də Kitab İli elan olunub
07.12.2018
Hüseyn Cavidin şeirləri qazax dilində çap olunub
07.12.2018
İsraildə azərbaycanlı rejissorların filminin təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info