Moskvada “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda konfrans açılıb
Tarix: 20.11.2018 | Saat: 02:13:00 | E-mail | Çapa göndər



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın işində iştirak edib


Heydər Əliyev Fondunun Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada təşkil etdiyi “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Asiya və Afrika Ölkələri İnstitutunun direktoru İqor Abılqaziyev çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncam imzalayıb. O deyib: “Bu yubiley beynəlxalq səviyyədə də bayram edilir. Nəsiminin əsərləri dünya poeziyasının mükəmməl nümunələrindən biridir. Bu əsərlərdə insan əzəməti və şəxsiyyət azadlığı tərənnüm edilir. Nəsiminin ədəbi irsi dövrün dərin poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Nəsiminin yaradıcılıq irsi Azərbaycan ədəbiyyatının tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir”.
İqor Abılqaziyev xüsusi vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycanın və Sovet İttifaqının böyük dövlət xadimi Heydər Əliyev Nəsimi irsinin populyarlaşmasında bilavasitə iştirak edib. O deyib: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. O vaxtdan Nəsimi irsinin daha ətraflı öyrənilməsi istiqamətində mühüm addımlar atılıb”.
Festivalın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirildiyini xatırladan AAÖİ-nin direktoru deyib: “Çox hörmətli Leyla xanım, fürsətdən istifadə edərək, bizə göstərdiyiniz diqqətə görə sizə bütün institutumuz adından təşəkkür dolu ən səmimi sözlərimizi ifadə etmək istərdim”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Nəsimi ideologiyasının əsasını təşkil edən dəyərlər indi də müasirdir. Əcdadlarımızın önəm verdiyi dəyərləri müasir gənclərin də bilməsi olduqca əhəmiyyətlidir.
Səfir deyib: “İqor Abılqaziyev çox düzgün qeyd etdi ki, sovet dövründə məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev keçmişin böyük filosof və şairlərinin – Nizaminin, Füzulinin, Nəsiminin və dünyanın söz xəzinəsinə öz töhfəsini vermiş digər şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində böyük işlərə başlayıb. Yəqin ki, bu işi onun oğlunun, Azərbaycanın indiki Prezidenti İlham Əliyevin davam etdirməsi çox rəmzi məna daşıyır. Diqqətəlayiq haldır ki, bu gün bu işlə Heydər Əliyevin nəvəsi, böyük filosofa həsr olunmuş belə tədbirlərin bütün dünyada keçirilməsinin təşəbbüskarı hörmətli Leyla xanım məşğul olur”.
Nəsimiyə həsr olunmuş konfransın məhz Azərbaycan dilinin tədris olunduğu AAÖİ-də keçirilməsinin də diqqətəlayiq olduğunu vurğulayan diplomat deyib: “Biz fəxr edirik ki, sizin tələbələriniz Azərbaycan dilini öyrənirlər və bu dildə yetərincə yaxşı danışırlar. Mən Azərbaycan dilini öyrənən tələbələrə böyük uğurlar arzulamaq və demək istəyirəm ki, Azərbaycan dilini yaxşı öyrəndiklərinə görə peşman olmayacaqlar”.
Sonra MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə oxuyublar, Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan aktyorlarının ifasında “Mərhaba” adlı musiqili-poetik tamaşa təqdim edilib.
Noyabrın 20-də konfrans işini davam etdirəcək. Konfrans iştirakçıları “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiyası təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərqlə Qərbin mədəni vəhdəti”, “Nəsimi dili – dünən, bu gün və sabah” və s. mövzularda məruzələr dinləyəcəklər.
Konfransda Nəsimi yaradıcılığının, şairin bədii-fəlsəfi irsinin müxtəlif aspektlərinə toxunan çıxışlarla yanaşı, müasir gənclərin mənəvi dəyərləri, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı mövzularında müzakirələr aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Ermənistan atəşkəs rejimini 27 dəfə pozub
09.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
08.12.2018
Ermənistan atəşkəs rejimini 28 dəfə pozub
08.12.2018
Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib
07.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info