“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
Tarix: 20.11.2018 | Saat: 14:44:00 | E-mail | Çapa göndər





Əhməd Abbasbəyli: “Ədliyyə Nazirliyi qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması işində aktiv iştirak edərək qanunyaradıcı fəaliyyətə mühüm töhfələr verib”


Azərbaycan ədliyyəsinin yaradılmasının 100 illiyi ərəfəsindəyik. Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli nazirliyin bu illər ərzində fəaliyyəti, inkişaf tarixi, o cümlədən vətəndaş cəmiyyəti ilə əlaqələri mövzusunda “Palitra”ya müsahibə verib.

- Ədliyyəmizin 100 illik inkişaf tarixini necə qiymətləndirirsiz?

- Məlum olduğu kimi, bu il dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edir. Bu münasibətlə ölkədə və xaricdə silsilə tədbirlər keçirilir. Belə ki, 28 mayda Cümhuriyyətin 100 illiyi münasibətilə təntənəli mərasim keçirildi. Daha sonra Silahlı Qüvvələrimizin, Dövlət Bayrağının yaradılmasının 100 illiyi qeyd edildi. Bu silsilə tədbirlərin növbətisi 22 noyabrda keçirilir. Bu gün həm ədliyyə işçilərinin peşə bayramıdır. Bu da məhz onun yaranması tarixi ilə bağlıdır. Məlum olduğu kimi, 1918-ci ilin 22 noyabrında Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə Ədliyyə Nazirliyinin əsasnaməsi qəbul edilib. Bu tarixdən başlayaraq Azərbaycanda Ədliyyə Nazirliyi fəaliyyət göstərib. Düzdür, Sovet dönəmində Ədliyyə Nazirliyinin fəaliyyətində müəyyən fasilələr olub. Amma biz Ədliyyə Nazirliyinin yaranma tarixini məhz 1918-ci il 22 noyabrdan qeyd etməyə başlamışıq.
Ədliyyə Nazirliyinin sonuncu dəfə bərpa olunması 1970-ci ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Və 1970-ci ildən bəri artıq Ədliyyə Nazirliyi fasiləsiz olaraq fəaliyyət göstərir və getdikcə də işini təkmilləşdirir.

- Azərbaycanda ədliyyə sistemində aparılan islahatlar nə dərəcədə öz effektini göstərib?

- Xüsusilə Azərbaycan müstəqillik əldə etdikdən sonra Ədliyyə Nazirliyi tamam yeni formatda fəaliyyət göstərir. Məhkəmə-hüquq sistemində çox ciddi islahatlar həyata keçirilib. Ədliyyə Nazirliyi beynəlxalq standartlara uyğun formalaşdırılıb. Bu hansı istiqamətlərdə özünü göstərməyə başladı? Birincisi, qeyd etdiyim kimi, məhkəmə-hüquq sahəsində islahatlar həyata keçirildi. Üçpilləli məhkəmə sistemi yaradıldı. Bundan əlavə, Məhkəmə Hüquq Şurası yaradılaraq hakim korpusunun formalaşdırılması məqsədilə zəruri tədbirlər görüldü. Dövlətçilik tarixində ilk dəfə olaraq hakimlərdən şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahan götürüldü və nəticədə hakim korpusu təzələndi. Bundan başqa, ixtisaslaşmış məhkəmələr formalaşmağa başladı. Ən vacib məsələlərdən biri odur ki, qanunvericilikdə dəyişiklik edildi və Azərbaycan Respublikasında məhkəmə sisteminin beynəlxalq səviyyəyə çatdırılması istiqamətində ciddi addımlar atıldı.
Ədliyyə sahəsində son olaraq aparılan əsas islahatlardan biri də probasiya xidmətinin tətbiqidir. Ötən il Prezident İlham Əliyev tərəfindən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanıb. Artıq azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Bu istiqamətdə işin müasir tələblər səviyyəsində qurulması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinin geniş tətbiqi ilə bağlı Xidmətin monitorinq mərkəzi fəaliyyətə başlayıb.
Probasiya xidmətinin yaradılması həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Bu, cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Hazırda penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdirilir. Probasiya xidmətinin də başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır.
Yeri gəlmişkən, penitensiar sahədə də son illər çox ciddi dəyişikliklər olub. İstər yeni cəzaçəkmə müəssisələrinin yaradılması, istər köhnələrin təmir edilməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görülüb, məhkumlara münasibət dəyişib. Sözsüz ki, hər şey ideal deyil. Müəyyən qüsurlar, işlərdə ləngimələr də var. Məsələn, bir neçə yeni CÇM-in (Gəncədə, Lənkəranda, Kürdəxanıda (qadınlar və yeniyetmələr üçün) və s.) tikintisi uzun müddətdir ki, yekunlaşa bilmir. Demək olar ki, işlərin 80-90%-i görülüb, amma artıq bir neçə ildir ki, bu məsələdə ləngimə var. Amma inanırıq ki, bu istiqamətdə işlər davam etdiriləcək və bütün problemlər həll ediləcək.
İctimai Komitənin üzvü olaraq biz mütəmadi olaraq cəzaçəkmə müəssisələrində oluruq. Günbəgün bu dəyişiklikləri hiss edirik. İctimai komitə üzvləri olaraq bu proseslərə cəlb edilməmiz ədliyyə sisteminin özünün cəmiyyətə açıqlığının bariz nümunəsidir. Bütün proseslərdə biz iştirak etməyə çalışırıq və Ədliyyə Nazirliyi də bunda maraqlıdır. Biz də İctimai komitə olaraq çalışırıq ki, Ədliyyə Nazirliyinə öz təkliflərimizi verək. Bu baxımdan, Ədliyyə Nazirliyində hər zaman bizim təkliflərimizə, rəylərimizə diqqətlə yanaşıblar. Həqiqətən, istər Ədliyyə Nazirliyinin rəhbərliyi olsun, istər digər əməkdaşları olsun, istərsə də İctimai komitə üzvləri olsun, hamımızın ümumi məqsədləri Azərbaycanda bütün mərkəzi və yerli icra strukturlarında, o cümlədən Ədliyyə Nazirliyində inkişafın daha da sürətlənməsi, şəffaflığın daha da artırılmasıdır. İstərdik ki, hər bir sahədə yeni texnologiyaların tətbiqi daha effektli və səmərəli olsun. Biz də ictimai fəal insanlar olaraq bu prosesdə əlimizdən gələni etməyə hazırıq. Güman edirik ki, bu istiqamətdə əməkdaşlıq daha da sıx davam edəcək, son nəticə olaraq isə bundan cəmiyyət faydalanacaq.

- Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə nə kimi müsbət nəticələr əldə edilib?

- Ümumiyyətlə, məhkəmələrdə elektron xidmətlərin yaranması ilə bağlı çox ciddi irəliləyişlər olub. Elektron məhkəmə sistemi fəaliyyət göstərir. Bakıda yerləşən məhkəmələrdə bu məsələ, demək olar ki, yekunlaşıb. Artıq yerlərdə də bu proses davam edir. Düşünürəm ki, bu sahədə yeni addımlar atılaraq tam formalaşma olacaq.

- Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri hansı səviyyədədir?

- Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyi tərəfindən çox ciddi beynəlxalq əlaqələr qurulub. Ədliyyə Nazirliyinin rəhbərliyi, həmçinin ayrı-ayrı qurumların rəhbərləri bir sıra beynəlxalq tədbirlərdə məruzəçi qismində çıxış edib. Həmçinin bir sıra beynəlxalq qurumların rəhbər strukturlarına seçiliblər.
Ədliyyə Nazirliyi ilə bağlı bir sıra beynəlxalq tədbirlər Bakıda keçirilib. Xüsusilə mən 2014-cü ildə Bakıda keçirilmiş konqresi qeyd etmək istərdim. Burada bir sıra xarici ölkələrin ədliyyə işçilərinin rəhbər nümayəndələri iştirak edirdilər. Bunu Azərbaycandakı Ədliyyə Nazirliyinin rəhbərliyinin nüfuzunun göstəricisi kimi qiymətləndirmək olar. Həqiqətən də Avropa miqyaslı belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanda ədliyyə sahəsində aparılan islahatların və onların beynəlxalq standartlara uyğun şəkildə aparılması Azərbaycanda məhkəmə hüquq sisteminin beynəlxalq səviyyəyə olmasına dəlalət edən bir faktdır. Həmçinin Ədliyyə Nazirliyi bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur. Məsələn, Beynəlxalq Notarial İttifaqı ilə səmərəli əlaqələr qurulub. Bu sahədə ciddi əməkdaşlıq mövcuddur. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzi Avropa Məhkəmə Ekspertlər İnstitutları Birliyinin üzvlüyünə qəbul edildi. Artıq Məhkəmə Ekspertiza Mərkəzi beynəlxalq sertifikata malik olan quruma çevrilib. Qeyd edim ki, əvvəllər Azərbaycanda belə bir təcrübə yox idi. Həmçinin Azərbaycanın qoşulduğu bir sıra konvensiyaların icrası üzrə mərkəzi və əlaqələndirici orqan kimi ədliyyə sistemində müasir dövrün tələblərinə uyğun həyata keçirilən islahatlar nazirliyin prioritet sahələrindən biri oldu. Bir sıra ölkə və təşkilatlarla hüquqi yardım və əməkdaşlıqla bağlı beynəlxalq müqavilələr imzalandı. Və bu sahədə, yuxarıda da qeyd etdiyim kimi, kifayət qədər nəticələr, eləcə də əməkdaşlıq mövcuddur.

- Azərbaycan ədliyyəsində müasir texnologiyaların tətbiqi prosesi hansı səviyyədədir?

- Səmimi şəkildə demək istəyirəm ki, bu baxımdan, Ədliyyə Nazirliyi Azərbaycanda öndə gedən dövlət orqanlarından biridir. Bununla bağlı konkret faktları diqqətinizə çatdırmaq istərdim. Məhz Ədliyyə Nazirliyi qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması işində aktiv iştirak edərək qanunyaradıcı fəaliyyətə mühüm töhfələr verdi. Milli qanunvericiliyin elektron qanun bazası “e.qanun.az” və hüquqi aktların dövlət reyestri elektron variantı-“huquqiaktlar.gov.az” əhalinin hüquqi biliklərinin artırılması, qanunlarla birbaşa və təmənnasız tanış olması üçün əlverişli şərait yaratdı. Daha sonra vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi təkmilləşdirildi. Nazirlikdə qaynar xətt fəaliyyətə başladı. Vətəndaşların virtual və səyyari qəbulu mütəmadi olaraq həyata keçirildi.
Notarial və dövlət orqanları, həmçinin dövlət başçısının təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” çərçivəsində fəaliyyət göstərməklə vətəndaş məmnunluğunu təmin etdi və bu sahədə əhaliyə göstərilən elektron xidmətlərin dairəsi genişləndirildi. Digər tərəfdən vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq QHT-lərlə də bağlı fikrimi bildirmək istərdim. Düzdür, ola bilər həmkarlarımın müəyyən məsələlərlə bağlı iradları olsun. Amma qeyd etməliyəm ki, bu sahədə də müəyyən irəliləyişlər var. “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2013-cü fərmanına əsasən Ədliyyə Nazirliyi tərəfindən “Fərdi elektron pəncərə” sistemi yaradıldı. Bundan başqa, yeni qanunvericilik bu sahədə tətbiq olundu. Amma yenə də bu sahədə bir sıra işlər görülməlidir.

- Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə necə əməkdaşlıq edir?

- Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb. Biz bu yaxınlarda ədliyyə naziri yanında İctimai Komitənin 10 illiyini qeyd etdik. Açıq şəkildə demək lazımdır ki, ictimai təşkilatlarla, vətəndaş cəmiyyəti ilə bu qədər uzun müddət fəaliyyət göstərən ikinci mərkəzi icra hakimiyyəti orqanı yoxdur. Ədliyyə Nazirliyi, həqiqətən də, nümunə kimi bu addımı atdı, vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı vətəndaşlarla əməkdaşlıq qurdu. İlkin olaraq penitensiar xidmət sahəsinə ictimai nəzarət fəaliyyəti həyata keçirildi. Son illər İctimai İştirakçılıq Haqqında qanun təsdiq edildikdən sonra isə ədliyyə naziri yanında İctimai Komitənin formatı da dəyişdi. Artıq biz İctimai Komitə olaraq təkcə penitensiar xidmət sahəsində olan fəaliyyətin monitorinqini həyata keçirmirik, ümumiyyətlə, Ədliyyə Nazirliyinin bütün qurumlarına ictimai nəzarət işini edə bilirik. Biz daima bu fəaliyyətin içindəyik. Hətta biz Ədliyyə Nazirliyinin ən ali səviyyədə keçirilən tədbirlərində iştirak edirik. Bu, həqiqətən də, belədir. Ədliyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları içində vətəndaş cəmiyyəti ilə ən sıx əməkdaşlıq edən qurumdur. Biz istənilən vaxt vətəndaş cəmiyyətinin nümayəndələri olaraq hər hansı məhkumun şikayətləri ilə bağlı həmin məhkumla görüşə, onun şikayət və təkliflərini dinləyə, müəyyən məsələlərlə bağlı rəhbərlik qarşısında çıxış edə bilirik. İctimai Komitədən də əlavə, Ədliyyə Nazirliyi istənilən vətəndaş cəmiyyəti, eləcə də KİV nümayəndələrinin əvvəlcədən müraciətlərini diqqətə alaraq, həmin insanların bu və ya digər sahələr üzrə hər hansı fəaliyyətdə iştirakına şərait yaradır və daimi QHT üzvlərinin, sıravi vətəndaşların təkliflərini diqqətdən kənarda saxlamır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“İtalyanlar bizə çox bənzəyirlər”
18.12.2018
Rusiya-Azərbaycan: iqtisadi maneələri aradan qaldırarkən...
17.12.2018
Əkbər Qoşalı: “Biz yeni dövrün yazarları haqqında danışanda, ümumi dəyərləndirmə etməliyik”
17.12.2018
Təcrübəli kapitan: “Dənizçi olmaq istəyən hər kəs bu işi həyat tərzinə çevirməlidir”
14.12.2018
“Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info