Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələr NATO-nun gündəmində
Tarix: 20.11.2018 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənovanın müəllifi olduğu “İrsimizə atəş açmayın” adlı sənədli film ABŞ ictimaiyyətinə təqdim olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi və Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Minəvvər Vahabova hər daşında əcdadlarımızın irsi uyuyan İrəvan haqqında faktların Amerika ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, Şəlalə Həsənovanın hazırladığı filmin gücü və təsiri onun təməlini təşkil edən təkzibolunmaz faktlardadır. Belə ki, Azərbaycan İrəvanının tarixi, məscid arxitekturası fransız, rus, ingilis, erməni alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırılır. Bununla yanaşı, film Ermənistan-Azərbaycan “Sülh platforması”nın fəaliyyətini işıqlandıraraq Azərbaycanın sülhməramlı çağırışlarını, tolerant mövqeyini geniş xarici ictimaiyyətə bəyan edir.
Təbir çərçivəsində Florida, Texas, Meyn, Şimali Karolina, Minnesota ştatlarından gəlmiş Azərbaycan diasporunun nümayəndələri maraqlı ictimai müzakirəyə qatılıblar.
Tədbirdə Azərbaycanın ABŞ-daki səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri Vüqar Məmmədov və Səlhət Abbasova iştirak ediblər. Komitənin Amerika regionu şöbəsinin müdir müavini S.Abbasova filmlə bağlı fikirlərini bölüşüb, xarici ölkələrdə bu kimi ictimai müzakirələrin önəmini vurğulayıb.
Sonda çıxış edən Şəlalə Həsənova “İrəvan haqqında filmin Amerikada təqdimatı və ictimai müzakirənin təşkili" layihəsinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirildiyini bildirərək, milli donora, tədbirin təşkilatçısına, Azərbaycanın ABŞ-dakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, qonaqlara təşəkkürünü bildirib.

“İşğalçı Ermənistanda “İsgəndər“ raketlərinin yerləşdirilməsi ən böyük təhlükə mənbəyidir”

Yeri gəlmişkən, bu günlərdə Kanadanın Halifaks şəhərində NATO Parlament Assambleyasının (PA) 64-cü illik payız sessiyası keçirilib. Sessiyanın ayrı-ayrı komitələrində müxtəlif məsələlər üzrə əvvəlcədən hazırlanmış məruzələr müzakirə olunub və bu məruzələrlə bağlı qətnamə layihələri qəbul edilib. Azərbaycanla bağlı bilavasitə məruzələr olmasa da, ölkəmizin dünyada, eləcə də Avropada ildən-ilə artan əhəmiyyətli rolu, Avratlantik məkanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr müxtəlif məruzələrdə qeyd edilib.
İqtisadiyyat və təhlükəsizlik komitəsində hazırlanmış “Enerji təhlükəsizliyi: Alyans üçün çağırış” qətnaməsində Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, bu səbəbdən bu torpaqlara nəzarət edə bilməməsi, ölkəmizin qeyd edilən məkanın enerji təhlükəsizliyində strateji əhəmiyyəti öz əksini tapıb.
Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı AZƏRTAC-a bildirib ki, bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi beynəlxalq əhəmiyyətli layihələrin Mərkəzi və Şərqi Avropa ölkələri üçün həyati əhəmiyyət daşıdığı etiraf edilsə də, sənədlərdə bu məsələyə çox xəsisliklə, bəzi hallarda qısqanclıqla yer verilib: “Bu ilin sentyabr ayında bu komitənin alt komitəsinin üzvlərinin böyük bir qrupu Bakıda səfərdə olub. Onların çox maraqlı və zəngin proqramları var idi. Məhz bu səfərin məhsuldar keçməsinin qətnamənin hazırlanmasına çox ciddi təsiri olub. İşğalçı Ermənistan bu gün Azərbaycanın və dövlətimizin başçısının dünyada getdikcə artan nüfuzundan çox narahatdır. Ona görə də ölkəmizlə bağlı hər hansı nailiyyətə qarşı pozucu və təxribat xarakterli çıxışlar etməyə çalışırlar. Bu qətnamə müzakirə olunarkən yenə də çıxış edib Azərbaycanla bağlı müsbət fikirlərə etiraz etdilər. Çox təəssüf ki, bəzən onların belə mövqelərini dəstəkləyənlər də olur. Etiraf etmək lazımdır ki, beynəlxalq təşkilatlarda ermənipərəst qüvvələr işğalçı Ermənistanı hələ də dəstəkləməkdə davam edirlər. Komitə iclasında erməni deputatlar və onları dəstəkləyənlər məruzə və qətnamədə Azərbaycanla bağlı məqamların əleyhinə olsalar da, onların fikirləri əsassız qəbul edildi.
Müdafiə və təhlükəsizlik komitəsində müzakirə edilən NATO-nun Şərqdə çəkindirmə siyasətinin gücləndirilməsi məruzəsi və onun əsasında hazırlanmış qətnamə NATO və onun müttəfiqlərinin Şərqdən və Cənubdan gələn hər cür təhlükələr və onlara qarşı mübarizə tədbirlərinə həsr edilmişdi. Təəssüf ki, bu sənədlərdə də Şərq Tərəfdaşlığı ölkələrinin bəzilərinin Rusiya ilə münaqişələri yetərincə göstərilsə də, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti qeyd edilmirdi. Müzakirə zamanı məruzəçiyə sual verdikdə isə, əsassız olaraq NATO və müttəfiqlərinə əsas təhlükənin Rusiya və Çindən olması bəhanəsini gətirirdi. Bu bəhanə ilə müdafiə və təhlükəsizlik komitəsində müzakirələrdə qəbul olunan qətnamədə Azərbaycan dövlətinin və onun Prezidentinin uzun illərdən bəri əzmkarlığı və qətiyyəti sayəsində gerçəkləşmiş Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP kimi enerji layihələrinə yer verilməmişdi. Plenar iclasda çıxış edərək bildirdim ki, Azərbaycanın liderliyi ilə gerçəkləşən bu enerji layihələri NATO müttəfiqlərinin, xüsusən də Avropanın enerji təhlükəsizliyində həyati əhəmiyyətə malikdir. Bir neçə dəfə söz alıb təklifimin qətnamədə əksini tapmasını israr etdim. Təklifim qəbul olundu. Türkiyə, İtaliya və Ukraynadan olan həmkarlarımız da çıxış edərək bizi dəstəklədilər.
Plenar iclasın müzakirələri zamanı çıxışımda NATO və onun müttəfiqləri üçün Şərqdən və Cənubdan gələn təhlükələrdən birinin də Ermənistanın işğalçılıq siyasətinin davam etməsi və Ermənistan ərazisində yaxınmənzilli İsgəndər raketlərinin yerləşdirilməsi olduğunu diqqətə çatdırdım. Vurğuladım ki, nədənsə NATO-nun Şərqdə çəkindirmə siyasətində söhbət təkcə Kalininqrad, Suriya, Krımda yerləşən raketlərdən gedir. Bu mənada işğalçı Ermənistanda yaxın məsafəli İsgəndər raketlərinin yerləşdirilməsi ən böyük təhlükə mənbəyi kimi qeyd olunmalı və qətnamədə əksini tapmalıdır. Təklif etdim ki, qətnamədə Kalininqrad, Krım, Suriya ilə bərabər, Ermənistanın da adı qeyd olunmalıdır. Bu təklifim plenar iclasda çox ciddi müzakirəyə səbəb oldu, hətta hay-küylü bir səsvermə oldu. İclasa sədrlik edən NATO PA-nın vitse-prezidenti Raza Yuknevicina belə təklifimin lehinə səs verdi. Buna görə məruzəçi qeyd etdi ki, bu problem ayrıca olaraq növbəti bir mövzu kimi gələcəkdə müzakirəyə çıxarılsın”.

“Fransa “Dağlıq Qarabağ respublikası”nı tanımır”
Bu arda Fransanın “Agoravox” portalında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Bertrand Sorrenin müsahibəsi yayılıb. AZƏRTAC xəbər verir ki, müsahibədə B.Sorre ikitərəfli münasibətlərdən danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr müavini ölkəsinin bu məsələ ilə bağlı aydın mövqeyinin olduğunu xatırladıb. Bildirib ki, Fransa “Dağlıq Qarabağ respublikası”nı tanımır.
O, bəzi fransız deputatların Dağlıq Qarabağa səfərlərinə və dostluq xartiyaları imzalamalarına münasibət bildirərək deyib ki, belə səfərlərin və imzalanan xartiyaların Fransa hökuməti üçün heç bir dəyəri yoxdur.
Fransa mediasında Azərbaycana qarşı mənfi münasibətdə olan qərəzli jurnalistlər var və onlar ölkə haqqında səhv məlumatlar yayırlar. B.Sorre Fransada olan erməni lobbisinin fransız mediasına təsir göstərdiyini vurğulayıb.
Dostluq qrupunun sədr müavini Bakı Beynəlxalq Humanitar Forumundan və ölkəmizin ev sahibliyi etdiyi digər mötəbər tədbirlərdən də danışıb. O, Bakıya səfərləri zamanı ölkəmizdə demokratiyanın şahidi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib. B.Sorre iki ölkə arasında təhsil və turizm sahələrindəki əlaqələrdən də söz açıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir”
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info