Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
Tarix: 20.11.2018 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Prezidentlər arasında təkbətək görüşün protokolda nəzərdə tutulduğu kimi 45 dəqiqə deyil, 2 saatdan artıq davam etməsi dövlət başçıları arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir


Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşması və inkişafında dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri, dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Prezident İlham Əliyevin Belarusa son səfəri münasibətlərin inkişaf səviyyəsini bir daha nümayiş etdirdi. Əvvəlcə onu qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarusa 5 dəfə, Belarus Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana 4 dəfə rəsmi səfər edib. Son səfər çərçivəsində Prezident İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam etdi. Bu iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

“Minskin Azərbaycanın ədalətli mövqeyinə dəstəyi Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir”

Onu da qeyd etmək lazımdır ki, səfər öncəsi Azərbaycanın Belarusdakı səfirinin bu ölkənin Prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir hal kimi qiymətləndirilib. Səfər çərçivəsində təkbətək görüşün ardınca dövlət başçılarının rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirildi. Geniş tərkibli görüşdə hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd-təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir. Rəsmi səfərdən öncə hökumətlərarası birgə komissiyanın iclası keçirildi və iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsi perspektivləri müzakirə olundu və yekun protokol imzalandı. Səfər nəticəsində iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalandı. Ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. Belə ki, bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olundu. Bəyanatın 1-ci bəndində qeyd edilir: “Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər”. 6-cı bənddə isə tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər. 7-ci bənddə tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildiriblər. 11-ci bənddə isə vurğulanır ki, tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəliblər. Azərbaycan Prezidenti mətbuata bəyanatında qeyd edib ki, biz bu gün gələcəkdə münasibətlərimizin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzaladıq: “Mən onların arasında, ilk növbədə, əlbəttə, prezidentlərin Birgə Bəyanatını qeyd edərdim. Bu, əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edən, ölkələrimizin siyasi iradəsini ifadə edən mühüm siyasi sənəddir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim. Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq”. Bəyanatda qeyd edilən bu məqamlar və Minskin Azərbaycanın ədalətli mövqeyinə dəstəyi Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Bəyanatın 22-ci bəndində qeyd edilir ki, tərəflər bərabərhüquqluluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün əldə olunan razılıqların effektiv həyata keçirilməsinin effektiv təmin edilməsinə bütün səviyyələrdə dəstək vermək üçün niyyətlərini ifadə ediblər. Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq var. Səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalandı.

Hikmət Hacıyev: “Bu səfər Azərbaycan-Belarus əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi”

Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycanın hava hücumundan müdafiə sistemləri, hücum təyinatlı sistemlər ilə təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulub. Bundan əvvəl Azərbaycan Belarusdan Polonez raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri alıb. Birgə mətbuat konfransında Prezident İlham Əliyev bu məqama toxunaraq qeyd edib: “Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Mİnsk səfərini dəyərləndirərkən qeyd edib ki, protokola görə dövlət başçıları arasında təkbətək görüş 45 dəqiqə nəzərdə tutulsa da, həmin görüş 2 saatdan artıq davam edib: “Bir daha qeyd etmək istərdim ki, bu, prezidentlər arasında olan səmimi dostluğun və Belarus-Azərbaycan əməkdaşlığının məzmun və mahiyyətinin, necə zəngin xarakter daşımasının növbəti bariz nümunəsidir”. Prezident Administrasiyasının rəsmisi deyib ki, səfər zamanı dövlət başçılarının iştirakı ilə 9 sənəd imzalanıb. Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış birgə bəyanatdır. Bəyanatın 6-cı maddəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar öz əksini tapıb. Hikmət Hacıyev qeyd edib ki, bəyanatda münaqişə ilə bağlı qeyd edilən məqamlar bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. Hikmət Hacıyev bildirib ki, bu səfər Azərbaycan-Belarus əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi. İmzalanmış sazişlər, aparılan danışıqlar Azərbaycan-Belarus əlaqələrinin hərtərəfli inkişafı üçün yeni perspektiv imkanlar açıb. Hesab edirik ki, qarşıya qoyulan məqsəd və məramların hökumətlərarası komissiya və digər işçi qruplar vasitəsilə həyata keçirilməsi üçün intensiv işlər bundan sonra da davam etdiriləcək.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətini Lavrov açıqladı
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info