Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
Tarix: 20.11.2018 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Gözümün nurudu, ruhun qidası,
Vəfalı dostların qadasın alım.
Əhdimə, eşqimə min bəzək vuran,
Pak namusun, arın qadasın alım.
(Sərraf Şiruyə)

Hər bir poeziya kitabını mütaliə etməyə, çox təəssüf ki, insan ömrü imkan vermir. Şeir elə bir ovsundur ki, sehrinə düşdükcə ondan ayrılmaq çətin olur. Hikmətli və obrazlı sözün insana təsiri əvəzsizdir. Bəlkə, elə buna görədir ki, ədəbiyyatı insanın mənəvi qidası adlandırırlar. Cəmiyyətdə şahidi oluruq ki, şairlərin özlərindən qabaq onların obrazla, hikmətlə, bədii təsvirlə yazdıqları mükəmməl şeirləri populyarlaşır və daha sonra müəllifinə şan-şöhrət gətirir. Gözəl söz sənətkarını xalq unutmur ki, bunu da xalqın poeziyaya olan sonsuz məhəbbəti kimi qiymətləndirmək olar. Bu gün aramızda yaşamayan, amma öz sözü ilə aramızda olan tanınmış el şairlərindən biri də Sərraf Şiruyədir.

Aqilsənsə, nadanların
Tənəsindən yanma görüm.
Sərrafsansa, gördüyünü
Duyma görüm, qanma görüm.

Bu cür öyüd-vəsiyyətlərin müəllifi Sərraf Şiruyə Göyçə mahalının yetirdiyi söz xiridarlarındandır. Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeirə böyük maraq göstərib. 1962-1968-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb.

Sevib sevgisinə uymayanlara,
Ömründən nişanə qoymayanlara,
Könlümü anlayıb duymayanlara,
Əlbəttə, naşıdan naşı deyərəm.

Sərraf Şiruyənin yaradıcılığında olan düzlük, gerçəklik, mənalı söz axıcılığı, yerli-yataqlı işlənən sözlər onun şeirlərini daha da oxunaqlı edir. Şeirlərində şairin ilhamını, yüksək təbə malik olmasını aydın şəkildə görə bilərik. Bu və digər xüsusi üstünlükləri ilə Sərraf Şiruyənin yaradıcılığı digər el şairlərinin yaradıcılığından fərqlənir. Şairin “Susma ürək...” adlı şeirlər kitabını oxuduqca tanınmış el şairi İsa Cavadoğlu yaradıcılığı ilə onun ruh qardaşlığının şahidi oldum. Bir çox şairin hiss və həyəcanları bir-birlərinə nə qədər yaxın olsa da, bu iki el şairinin yaradıcılığı məni, xüsusilə düşündürdü.

Uduzdum
(Sərraf Şiruyə)
İstədim ki, bu fələkdən bəxt udam,
Tale verən bəxtimi də uduzdum.
Tac istədim, qapaz vurdu başıma,
Nimdaş, quru taxtımı da uduzdum.

Haqq yolundan haqsız kimi saxlandım,
Tənə yedim, ürəyimdən dağlandım.
Bir gözəlin istəyinə bağlandım,
Ömrü, günü vaxtımı da uduzdum.

Ay Şiruyə, nə bir kükrə, nə bir coş,
Qələm götür, bu qazanca şeir qoş.
Aldım, satdım, üzüm qara, əlim boş,
Halal maya, haqqımı da uduzdum.

Şiruyə müəllimin yuxarıda verdiyimiz “Uduzdum” rədifli qoşmasında taledən, bəxtdən olan narazılığı görürük. Şeir olduqca gözəl bədii təsvirlərlə yanaşı, mükəmməl bir şəkildə qələmə alınıb. Şairin bu şeirini oxuduqdan sonra İsa Cavadoğlunun mövzu baxımından çox yaxın olan “Əyildim” rədifli qoşmasını xatırladım və bu qoşmanı paylaşıram.

Əyildim
(İsa Cavadoğlu)
Kasıb oldum məğrurluğun ucundan,
Əyilmərəm deyə-deyə əyildim.
Haqq işimə, düz yoluma güvənib
Haqqı, düzü öyə-öyə əyildim.

Aramadım ilgəyini fəndlərin,
Axtarmadım qapısını sədlərin.
Boğuluram, sevinc dayaz, dərd dərin
Öz başıma döyə-döyə əyildim.

Çox İsalar salammayıb sahmana,
Mən istədim nizam olsun zamana,
Zaman məni büküb qatdı samana,
Onda bildim niyə, niyə əyildim?!

İsa Cavadoğlunun bu şeirində də bir narazılıq, şikayət aydın şəkildə görünür. Zamandan, vəfasız yardan şairlər həmişə şikayət ediblər ki, bu da onların ortaq cəhətlərindən, sadəcə, biridir.
Oxucu hər zaman şeirdə tərbiyə, hikmət, əxlaq və s. kimi müsbət insanı keyfiyyətlərin axtarışında olur. Bu cür keyfiyyətləri sevərək yaradıcılığında bu mövzulara geniş yer ayıran şairlərin əsərlərini maraqla oxuyurlar. Tarix də, öz növbəsində bu səpkidə yaradıcılıq nümayiş etdirən söz sənətkarlarını unutmur və tez-tez onları xatırlayır. Sərraf Şiruyə də məhz bu kateqoriyaya aid olan şairlərdəndir. Onun şeirlərində məişət, ailə, vətən, sevgi və digər mövzular rəngarənglik təşkil edir.

Qanmaz ağlayarsa, fərqinə varma,
Qanan ağlayarsa, dəhşətdi, dəhşət.
Qanmazın gülməyi mənasız heçdi,
Qanan qəh-qəh çəksə hikmətdi, hikmət.

Şairin yaradıcılığında yurd, vətən həsrəti hər zaman hiss olunur və gözəl poetik duyumlarla bunu ifadə edib. Yurdundan ayrı düşən bu qərib şair doğma atalı-analı günlərinin olduğu Daşkənd kəndini öz şeirlərində belə xatırlayır:

Könlümü viran etmisən,
Könlü yaralı Daşkəndim.
Qaçqın, köçkün eli kimi,
Bəxti qaralı Daşkəndim.

Sərraf Şiruyə yaradıcılığında irihəcmli poemalara da rast gəlirik ki, bu da şairin ciddi ədəbi fəaliyyətindən xəbər verir. Ümumilikdə şairin bir neçə bir-birindən nəfis şəkildə çap olunan kitabları hər zaman şeir sevər oxucuları sevindirib. Onun əsərlərinin çapında tədqiqatçı-jurnalist, poeziyanın mahir bilicilərindən biri, ictimaiyyətçi Araz Yaquboğlunun əməyi xüsusilə vurğulanmalıdır. Şübhəsiz ki, şairin yaradıcılığı haqqında fikirlərimizi, təhlillərimizi bir məqalədə cəmləmək mümkün deyil. Hələ ki, mən bu söz sahibinin “Susma ürək...” adlı şeirlər kitabı ilə tanışam və geniş külliyyatını oxumamışam. Növbəti qələm məhsullarımda şairin yaradıcılığına geniş şəkildə nəzəri yanaşmalar edəcəyəm.
Şair 2015-ci il dekabrın 8-də Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.
Allah rəhmət eləsin!


Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi başa çatıb
19.05.2019
“Keçmişə sənət səyahəti”
18.05.2019
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib
18.05.2019
Gədəbəy Aşıq Musiqisi Məktəbində bu il ilk məzun buraxılışı olacaq
18.05.2019
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info