Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan birgə səylərlə regionda təhlükəsizliyə töhfə verir
Tarix: 23.11.2018 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Azərbaycan və Türkmənistan birgə səylərlə regionda təhlükəsizliyə töhfə verir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Mənim qardaş Türkmənistana rəsmi səfərim sona çatır. Qardaş Türkmənistan torpağına gəldiyim ilk dəqiqələrdən türkmən xalqının səmimiyyətini və qonaqpərvərliyini, əlbəttə ki, ilk növbədə, Türkmənistan Prezidentinin qayğısını hiss etdim.

Dünən mən türkmənlər üçün müqəddəs yerlərdə oldum. Bu xalqın nə qədər istedadlı, onun tarixinin və mədəniyyətinin nə qədər zəngin olduğunu bir daha gördüm. Əsrlər boyu türkmən xalqı öz torpağında yaşayıb, qurub-yaradıb, öz gələcəyini qurub. Biz azərbaycanlılar həmişə sizin yanınızda olmuşuq. Bizim dostluğumuzun, qardaşlığımızın çoxəsrlik tarixi var. Bu, qarşılıqlı hörmət, qarşılıqlı etimad, qarşılıqlı dəstək, əməkdaşlıq tarixidir".

Azərbaycan Prezidenti qeyd edib ki, Türkmənistan son illərdə çox böyük yol keçib:

"Dünən müxtəlif obyektlərdə - idman kompleksində, xalça muzeyində olarkən mən Aşqabadı tanımadım. Çünki mənə elə gəlirdi ki, tamamilə başqa şəhərə gəlmişəm. Mənim burada olmadığım qısa müddət ərzində sanki şəhər içində şəhər yaradılıb. Bu, Türkmənistan dövlətinin qüdrətinin, onun iqtisadi potensialının göstəricisidir. Amma bu, ilk növbədə, ölkə rəhbərliyinin öz xalqının qayğısına qalmasını, inkişaf üçün göstərdiyi səyləri nümayiş etdirir. Bu gün Aşqabadda olarkən Türkmənistanın son illərdə necə inkişaf etdiyini görürsən. Bu, bizi sevindirir. Biz dost və qardaş kimi sizin uğurlarınıza sevinirik. Ölkələrimizin daha da yaxınlaşması üçün öz tərəfimizdən səy göstərmişik və göstərəcəyik.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, biz xalqlarımızın ənənəvi qardaşlıq və dostluq tellərinin daha da möhkəmlənməsi üçün çox iş görürük. Bunu bizə tarix, xalqlarımızın tarixi, ümumi etnik kökləri diktə edir. Bugünkü reallıq da bunu diktə edir. Bu gün bizim maraqlarımız üst-üstə düşür. Bu gün biz birgə səylərlə regionumuzda təhlükəsizliyə töhfə veririk. Biz Xəzər dənizi məsələsində fəal qarşılıqlı fəaliyyət göstəririk. Bilirsiniz ki, bu il Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb. Bizim ölkələrimiz bu Konvensiyanın imzalanmasına böyük töhfə verib. Biz Xəzər dənizinin ekoloji təhlükəsizliyi ilə məşğul oluruq. Biz hazırda mühüm və gələcəkdə də mühüm olacaq qitələrarası əhəmiyyətli məsələlər, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin möhkəmləndirilməsi ilə məşğuluq. Bu dəhliz uzun əsrlər mövcud olub. Bu dəhlizlə bizim əcdadlarımıza ünsiyyət qurmağa imkan vermiş karvanlar keçib. Böyük Tarixi İpək Yolu bizim ölkələrimizin ərazisindən keçib və təbii ki, bu gün biz fəal surətdə bu dəhlizin müasir infrastrukturunun yaradılması üçün əlavə səylər göstəririk. Mən artıq qeyd etmişəm ki, biz sanki razılaşmışdıq, amma əslində razılaşmamışdıq. Faktiki olaraq, eyni zamanda Türkmənistan və Azərbaycan ərazisində möhkəm nəqliyyat potensialı yaratdıq. Bu gün isə imzalanan sənədlərlə biz bu nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik. İmzalanan 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşlıq məsələsinə aiddir.

Biz regionda qarşılıqlı əməkdaşlıqdan, bu dəhlizin fəaliyyətindən ölkələrimizin, xalqlarımızın, qonşularımızın böyük fayda götürəcəyi tamamilə yeni vəziyyət yaradırıq. Bu, həyat arteriyası kimi ölkələrimizi yeni enerji ilə qidalandıracaq, yeni iş yerləri yaradacaq, yeni istehsalat sahələrinin qurulmasına doğru aparacaq, təhlükəsizliyi, əməkdaşlığı möhkəmləndirəcək.

Bu gün mən səfərimin yekunlarını təhlil edərək görürəm ki, səfər dövlətlərarası çərçivədən çıxıb, onun ən azı mühüm regional əhəmiyyəti var. Nəqliyyat və logistika imkanlarımızın genişləndirilməsi nəzərə alınmaqla bu, qlobal Avrasiya əhəmiyyəti kəsb edəcək".

Azərbaycan Prezidenti bildirib ki, Avropa ilə Asiyanın nəqliyyat dəhlizlərinin birləşdirilməsi artıq reallıqdır:

"Bu reallığı biz yaradırıq. Əgər həm Türkmənistanda, həm də Azərbaycanda quruculuq, inkişaf yolları üzrə addımlar atılmasaydı, onda bu barədə söhbət aparmaq da ümumiyyətlə mümkün olmazdı. Əgər ölkələrimizin iqtisadi potensialına vaxtında yönəldilən sərmayələr olmasaydı, onda bu gün coğrafi vəziyyətimizin böyük əhəmiyyəti olmazdı. Biz öz coğrafiyamızı ölkələrimiz və qonşularımız üçün böyük potensiala çevirmişik. Buna görə düşünürəm ki, bizim razılaşdığımız məsələlərin əhəmiyyəti onilliklər boyu özünü göstərəcək.

Ən başlıcası, biz bu gün münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Hörmətli Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Bu gün biz öz işimizlə münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Dostlar, qardaşlar arasında belə də olmalıdır. Bu gün biz münasibətlərimizi ən yüksək zirvəyə qaldırırıq. Hörmətli dostuma, Türkmənistan Prezidentinə ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsindəki səylərinə görə təşəkkür etmək istəyirəm. Hörmətli Qurbanqulu Məlikquliyeviçə uğurlar, cansağlığı, rifah, qardaş türkmən xalqına xoşbəxtlik və tərəqqi arzulayıram. Sağ olun".




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
Paşinyanı mühafizəçilərlə əyləşdiriblər
19.11.2018
Azərbaycan-Belarus sənədləri imzalanıb
04.09.2018
Tarixin və zamanın hökmü
22.07.2018
Heydər Əliyev: Jurnalistlərin ən yaxin dostu
15.07.2018
Keyn şokdadır...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info