“Ermənistanda eyforiya dövrü başa çatdı”
Tarix: 23.11.2018 | Saat: 20:31:00 | E-mail | Çapa göndər



Son zamanlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərində problemlər yaşanır. Bu mövzuda AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, dünənə qədər Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələyən Ermənistanda bu gün həmin təşkilata üzvlükdən imtina etmək barədə fikirlər səsləndirilir:


“Görəsən, birdən-birə nə baş verdi ki, Ermənistanın mövqeyində bu cür radikal dəyişiklik meydana çıxdı. Azərbaycan işğalçı Ermənistana arxa olan, yaxud onu bu və ya digər səviyyədə dəstəkləyən ölkələrlə münasibətləri uzun illərdir həyata keçirdiyi prinsipial və ardıcıl xarici siyasət sayəsində elə səviyyəyə qaldırdı ki, Ermənistanın özünə arxa hesab etdiyi ayrı-ayrı ölkələr və regional təşkilatlar bu gün artıq onu dəstəkləmirlər. Doğrudur, Cənubi Qafqazda son iki əsrdə formalaşmış olduqca həssas geosiyasi tarazlığı dəyişmək çox çətin olsa da, nəhayət, son bir neçə ildə Azərbaycan buna xeyli dərəcədə müvəffəq olub”.
Milli Məclisin deputatı qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri, əslində, Cənubi Qafqazda baş verə biləcək yeni geosiyasi reallığın başlanğıcı idi. Artıq bu dəfə son iki yüz ildə ilk belə hal idi ki, Azərbaycan hərbi-siyasi reallığı dəyişmək üçün diktə edən tərəfə çevrildi. Elə bundan sonra da Ermənistanda eyforiya dövrü başa çatdı və yeni siyasi reallıqlar yaranmağa başladı. Hazırda reallıq ondan ibarətdir ki, işğalçı ölkə siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir. Ona görə də tez-tez səhvlərə yol verir. Dolayısı ilə Azərbaycan tərəfindən hər gün bir az daha çox küncə sıxışdırılır.
Hikmət Babaoğlu deyib ki, bir müddət öncəyə qədər, sadəcə, Azərbaycan tərəfindən küçə siyasətçisi kimi qiymətləndirilən Paşinyan və onun küçə demokratiyası artıq Ermənistanın KTMT-də müttəfiqi olan ölkələr tərəfindən də bu cür dəyərləndirilir: “Əlbəttə, bu regional təşkilatın adı və nüfuzu, ilk növbədə Rusiya ilə bağlıdır. Hazırda siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, Ermənistanla Rusiya arasındakı münasibətlər tarixdə heç vaxt olmadığı qədər korlanıb. Ona görə ki, regionumuzda siyasi gerçəklikləri dizayn edən güc mərkəzlərinin tarixi şəraiti, Azərbaycanın yerini və rolunu qiymətləndirmələri üçün soyuqqanlı, qeyri-emosional və obyektiv dəyərləndirmə şərtləri yaranıb. Bu tarixi fürsət həm də Rusiya-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açmaq imkanları yaradıb”. Rusiya ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində qiymətləndirildiyini deyən deputat hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından hələ də realizə olunmamış geosiyasi resursların mövcudluğunu qeyd edib. Əlavə edib ki, bunun baş tutması üçün, ilk növbədə regionda işğal faktına son qoyulmalıdır. Bu, bütün region dövlətlərinin siyasi və iqtisadi təhlükəsizliyi baxımından vacibdir. Hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət də buna xidmət edir. Ermənistan isə hər gün bir az daha çox dalana sıxışdırılmaqla geosiyasi proseslərin əhəmiyyətsiz aktoruna çevrilir və heç kəs tərəfindən dəstəklənmir.

“Rusiya mətbuatında da Ermənistanın yeni rəhbərliyinin davranışını tənqid edən yazılar dərc olunur”
Millət vəkili Elman Nəsirov isə SİA-ya açıqlamasında deyib ki, Nikol Paşinyan Ermənistanda siyasi hakimiyyətə gəldikdən sonra Rusiya əleyhinə onun davranışı Rusiya KİV-lərinin də diqqətindən yayınmır. Deputatın sözlərinə görə, bu səbəbdən Rusiya mətbuatında da Ermənistanın yeni rəhbərliyinin davranışını tənqid edən yazılar dərc olunur: “Bu günlərdə "Qovorit Moskva" radiostansiyasının aparıcısı, tanınmış jurnalist Dorenkonun da Paşinyan və onun siyasəti ilə bağlı söylədiyi tənqidi fikirlər, hətta Ermənistanın Moskvadakı səfirliyini də hərəkətə keçməyə vadar edib. Yəni bu gün Rusiya-Ermənistan münasibətləri özünün ən mürəkkəb çağlarından birini yaşayır. Xüsusilə də Ermənistan baş naziri bir yandan “Rusiya müttəfiqdir”, bir tərəfdən “Putin dostumdur” deyir, digər tərəfdən isə o addımları atır ki, bu, birbaşa Rusiyanın milli mənafeləri əleyhinə yönəlib. Məsələn, baş nazir olaraq o, nazir postlarına o şəxsləri təyin edir ki, onlar Soros adamları imicinə malikdir və ABŞ-dan qrantlar almaqla məşğul idilər. Eləcə də antirusiya bəyanatları ilə yadda qalıblar. Bundan savayı, Paşinyan Moskva ilə, ümumiyyətlə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir üzvü ilə hesablaşmadan təşkilatın baş katibi vəzifəsini icra edən öz həmyerlisi, generalı həbs edib. Təbii ki, bu da Moskvada son dərəcə mənfi qarşılanıb və münasibətlərin soyuqlaşmasını şərtləndirən amillərdən birinə çevrilib”.
O deyib ki, Paşinyan ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Boltonla görüşərkən onun Rusiya silahlarını deyil, Amerika silahlarını almaqla bağlı təklifinə loyal münasibət bəsləməsi də Moskvada çox mənfi qarşılanmışdı: “Hesab edirəm ki, bu reallıqlar fonunda Paşinyan çox gözəl dərk edir ki, onun iddia etdiyi yeni erməni generalın KTMT-nin baş katibi vəzifəsinə təyin olunmamasında da Rusiya amilinin rolu olub. Təbii ki, Belarus və Qazaxıstanla yanaşı, Rusiya amilinin də həlledici rolu olub. Bütün bunların fonunda, eyni zamanda məlum olub ki, Rusiya-Ermənistan arasında imzalanmış Qaz müqaviləsinin də müddəti başa çatır və rəsmi Moskvanın əvvəlki ucuz qiymətlərlə Ermənistana qaz satmaq niyyəti yoxdur. Bütün bunlar üst-üstə gəldikdə Ermənistan iqtidarı bu gün belə bir fikir aşılamaq istəyir ki, Rusiya antierməni siyasət həyata keçirir, Ermənistan əleyhinə fəaliyyət göstərir və Azərbaycanla Ermənistan əleyhinə dostluq edir. Bu səbəbdən də indi erməni ictimai fikrində Rusiyanın düşmən obrazı formalaşdırılmaqdadır.
Hətta bir çox erməni ekspertləri KTMT-dən çıxmaq, Avrasiya İqtisadi İttifaqından çıxmaq, Rusiya ilə imzalanmış bütün müqavilələrdən imtina etmək və eyni zamanda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının da ölkədən çıxarılması kimi təkliflərlə, tələblərlə çıxış edirlər. Rusiyanın hələ ki, bununla bağlı rəsmi mövqeyi yoxdur. Amma, hər halda, Ermənistanın yeni rəhbərliyinin bu davranışı Moskvada çox mənfi qarşılanıb. İstisna deyildir ki, qazın qiymətinin qaldırılması Ermənistana ilk cəza mexanizminin tətbiqi kimi də dəyərləndirilə biləcək”.

“ATƏT -in Minsk qrupu həmsədrlərinin Azərbaycana qarşı ikili münasibəti hər zaman olub”
Millət vəkili Aytən Mustafayeva isə SİA-ya açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana qarşı ikili münasibəti hər zaman olub. Onun sözlərinə görə, bu bir növ Minsk qrupunun üzvü olan dövlətlərin marağındadır: “Biz bunu bilirik və buna əlavə sübutlar lazım deyil. Hətta deyərdim ki, bunu təsdiq etmək üçün belə, faktlar lazım deyil. Hər şey açıq-aşkar ortalıqdadır. Bugünkü Ermənistan hakimiyyəti möhkəm dayaqlar üzərində qurulmayan, hər şeyə əl atan isterik hakimiyyətdir. İşğalçı ölkə hər qapıya əl ataraq özünə dəstək axtarışındadır. Biz yenidən Rusiya və ABŞ-ın bu məsələdə öz maraqlarını ön plana çəkdiyinin şahidi oluruq. Burada açıq şəkildə siyasi alverdən və erməni kartından istifadə olunmasından söhbət gedir. Təbii ki, ermənilər də ora-bura öz sahiblərinin yanına qaçmaqdadırlar. Onlar öz mövqelərini müəyyənləşdirməlidirlər. Artıq erməni xasiyyəti özünü göstərməkdədir”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
19.11.2019
“Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlıq tezliklə aradan qaldırılmalıdır”
18.11.2019
Ankarada Xocalı soyqırımına aid abidə kompleksi tikiləcək
14.11.2019
UNESKO-nun Baş Konfransında erməni yalanları ifşa olunub
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
07.11.2019
İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info