Şəkidə Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin açılışı olub
Tarix: 24.11.2018 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Şəki Azərbaycanın ən gözəl və qədim guşələrindən biridir və Böyük Qafqazın ətəyində, Bakıdan 380 kilometr qərbdə yerləşir. Şəki özünəməxsus gözəlliyi, sakinləin qonaqpərvərliyi və ləzzətli mətbəxi ilə seçilir. Bu, ipək və halva, şəbəkə və qızıl buğda, rəqs və yumor şəhəridir. Şəki qədimdən ustalar, sənətkarlar və tacirlər şəhəri kimi məşhurlaşıb. Şəkiyə Böyük İpək yolu ölkələrindən tacilər gəlirdi. Şəkidə çoxlu tarixi və memarlıq abidələri var. Qədim Şəkinin qürur mənbəyi XVIII əsrdə tikilmiş Şəki Xan sarayıdır. Bundan başqa, burada Gələrsən-görərsən, Şəki qalaları, Cümə məscidi, Gileyli məscidinin minarəsi, Sumuq qalası, Alban kilsəsi, Şəkixanovların evi, çoxsaylı karvansaraylar və digər abidələri qeyd etmək lazımdır.

Bu cür gözəl bir yerdə 85 il əvvəl, 1933-cü il noyabrın 22-də görkəmli Azərbaycan rejissoru və operatoru, Azərbaycan və SSRİ Dövlət mükafatının laureatı, "Şöhrət" ordenli, Xalq artisti Rasim Ocaqov dünyaya gəlib.
Trend-in məlumatına görə, Rasim Ocaqovun xatirəsini anmaq üçün Bakıdan onun ailə üzvləri, tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri gəlmişdi. Onlar arasında məşhur aktyor və kinematoqrafçılar Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Hacı İsmayılov, Cəmil Quliyev, Şeyx Əbdül Mahmudbəyov, Ayaz Salayev, Müşfiq Hətəmov, Nadir Əliyev, Baba Vəziroğlu, Rafiq Qəmbərov, eləcə də Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki ziyalıları yer almışdı. Xatirə barelyefinə çiçək qoyuldu, Rasim Ocaqovun xatirəsi anıldı.
Daha sonra qonaqlar Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin təntənəli açılış mərasimində iştirak etdilər. Çıxış edənlər adı kinematoqraf tarixinə qızıl hərflərlə yazılmış görkəmli ustadın həyat və yaradıcılığı barədə danışdılar.

İcra hakiminin humanitar məsələlər üzrə müavini Zərinə Cavadova qonaqları salamladıqdan sonra vurğuladı ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Şəkinin inkişafına, milli irsin qorunmasına, mədəniyyət, incəsənət və elmin inkişafına böyük diqqət ayırıb və görkəmli rejissor və operator Rasim Ocaqovun 85 illiyinin onun vətəni Şəkidə qeyd olunması region üçün əhəmiyyətli hadisədir:
"Şəki bir çox məşhur mədəniyyət və incəsənət xadiminin doğma torpağıdır və Rasim Ocaqovun adı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. O, Şəkinin fəxridir. Rasim Ocaqov təkcə milli kinematoqrafın inkişafı üçün böyük töhfələr vermiş görkəmli kino xadimi deyildi, o həm də yüksək mənəvi dəyərlərə malik, öz doğma yurduna bağlı olan, öz işlərində gözəlliyi, şəkililərin adət və ənənələrini göstərən bir şəxs idi. Biz şəkililər Rasim Ocaqovu həmişə sevmişik və onun əziz xatirəsini yad edirik. Onun ruhu həmişə bizimlədir, onun ustalığı işlərində yaşayır və bu gün Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin açılışı hər zaman ürəklərimizdə yaşayacaq bu şəxsiyyətin böyüklüyünə bir töhfədir".
Zərinə Cavadova Rasim Ocaqovun ailə üzvlərinə və bu mərkəzin yaradılmasında əməyi keçənlərə minnətdarlığını bildirdi.
Təhsil Nazirliyinin sektor müdiri Vasif Məmmədov vurğuladı ki, dövlət təhsil sahəsində maddi-texniki bazanın təkmilləşdirilməsi, islahatlar və yeni layihələrin reallaşdırılmasına böyük diqqət ayırır:
"Şəkidə Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin açılışı təhsil və mədəniyyət sahəsində vacib hadisədir. Biz əminik ki, bu mərkəz Azərbaycana kinematoqrafiya, rəsm, fotoqrafiya və digər sahələrdə yeni adlar verəcək. Rasim Ocaqovun həyatı və yaradıcılığı gənclərimiz üçün tədqiqat mənbəyi və gələcək nəsillər üçün parlaq nümunədir".

Vasif Məmmədov bu müasir mərkəzin yaradılmasına görə şagird və müəllimlər adından təşəkkürünü bildirdi.

Heydər Əliyev Fondunun yaratdığı Zirə Mədəniyyət Mərkəzi və Eko-Park nəzdindəki Bakı xalçaçılıq məktəbi adından mərkəzə "Bakı xalçaları" kitabı və Azərbaycan xalçası təqdim olundu. Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdləri, Şəki Dövlət Dram Teatrının aktyorları, Şəki Dövlət Regional Kollecinin müəllimlərinin iştirakı ilə konsert proqramı keçirildi. Çıxışlar Rasim Ocaqovun ailəvi, çəkiliş meydançalarında, filmlərdən fraqmentləri və foto arxivlərindən kadrlarla müşayiət olunurdu.

Qonaqlar böyük maraqla mərkəzdə yaradılan şəraiti müşahidə etdilər. Burada bədii yaradıcılıq studiyası, uşaq foto və kino studiiyası, rəsm, musiqi, xalq yaradıcılığı, əl işləri, kompüter qrafikası otaqları, sərgi zalı və s. yaradılıb.

Mərkəzin ərazisi 500 kvadrat metr, ümumi sahəsi 1,5 hektar təşkil edir. Mərkəzdə 71 dərnək fəaliyyət göstərir, 1065 şagird təhsil alır və 56 müəllim dərs keçir.

Rasim Ocaqovun adı milli və sovet kinematoqrafiyasının tarixinə yazılıb, onun filmləri incəsənətimizin qızıl fonduna daxil olub. Maraqlıdır ki, Rasim Ocaqov gəncliyində fotoqrafiya ilə maraqlanıb, neftçi, daha sonra geoloq olmaq istəyib. Amma onun doğma şəhərində "Azərbaycanfilm" kinostudiyasını çəkiliş qrupunun peyda olması onun peşə seçimini təkrar nəzərdən keçirməyə vadar etdi. O zaman Şəkidə toxuculuq kombinatına "Azərbaycanfilm"in sənədli film çəkiliş qrupu "Hədiyyə xalça" filminin çəkilişləri üçün gəlmişdi. Çəkiliş qrupunun kombinatda işlədiyi müddət ərzində oğlan bir addım da onlardan uzaqlaşmadı və heyranlıqla operatorun işini müşahidə etdi. Xüsusən də onu fotoçəkilişlə kino çəkilişi arasındakı fərq valeh etdi. Çünki operator hərəkətdə olan həyatı lentə alırdı! Amma hər şey sona çatır, çəkilişlər də bitdi, qrup getdi, gənc oğlan isə təəssüratlarla baş-başa qaldı. Ona görə də o, məktəbi bitirdikdən sonra Moskvaya getdi, ölkənin elitar ali tədris müəssisələrindən biri Rusiya Dövlət Kinematoqrafiya İnstitunu parlaq şəkildə bitirdi və Bakıya qayıdaraq unudulmazş kinematoqrafiya şah əsərlərini yaratdı.

Milli kino tarixinin unudulmaz səhifələrini onun operator kimi işlədiyi "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Sən niyə susursan?", "Bir cənub şəhərində", "Abşeron ritmləri", "Ən vacib müsahibə", "Skripkanın sərgüzəşti", "Ömrün ilk saatı" və rejissor kimi işlədiyi "Qatır Məmməd", "Tütək səsi", "Ad günü", "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Ölsəm... bağışla", "Təhminə", "Qətldən yeddi gün sonra", "Həm ziyarət, həm ticarət", "Otel otağı" kimi filmlər təşkil edir. O, SSRİ Dövlət mükafatına layiq görülmüş yeganə Azərbaycan rejissoru olub ("İstintaq" filmi, 1979). Onun filmlərində təkcə məşhur azərbaycanlı aktyorlar yox, həm də Aleksandr Kalyagin, Yuri Yakovlev, Donatas Banionis, Mixay Volontir, Elina Bıstritskaya, Stanislav Sadalski, İrina Kupçenko, Rodion Naxapetov, Qalina Polskix, Viktor Proskurin, Qalina Belyayeva, Tatyana Lyutayeva və digərləri çəkilib.
Rasim Ocaqov 2006-cı il iyulun 11-də vəfat edib. Fəxri xiyabanda dəfn edilib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub
14.11.2019
Odessada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
14.11.2019
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı
14.11.2019
Azərbaycan “Özbəkistan bizim ümumi evimizdir“ festivalında təmsil olunub
14.11.2019
Prezident təqaüdçüləri solo konsertlə çıxış edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info