“Ermənistan tərəfi danışıqlar prosesini ləngitmə taktikasını həyata keçirməyə çalışır”
Tarix: 04.12.2018 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 25-ci iclasında iştirak etmək üçün İtaliyanın Milan şəhərinə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclas çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub. Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə bu gün Milanda görüş keçiriləcək. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Politoloq Qabil Hüseynli bu görüş haqda SİA-ya deyib ki, Ermənistan tərəfi danışıqlar prosesini ləngitmə taktikasını həyata keçirməyə çalışır: “Baxmayaraq ki, ATƏT, BMT təzyiqlər göstərir, status-kvonun dəyişdirilməsini tələb edir və s., amma Ermənistan tərəfi qeyri-konstruktiv yol tutub. Hələ ki, tərəflər bir-birini test etməklə (öyrənməklə) məşğuldur. Zöhrab Mnatsakanyan əvvəllər Ermənistanın BMT-dəki nümayəndəsi olub. Yəni təcrübəsi var. Amma işğalçı ölkə qeyri-konstruktiv mövqe tutmaqla danışıqlar prosesini ləngitmək istəyir. Bu görüşdə də mən güman etmirəm ki, gündəmə hansısa bir sənədin, problemin müzakirəsi gələ bilər. Təbii ki, prosedur məsələlər ətrafında söhbətlər gedəcək. Daha sonra danışıqlar prosesini sürətləndirməyin yolları haqqında tərəflərin mövqeləri gündəmə gələcək. Ermənistan hər dəfə danışıqlar prosesində Dağlıq Qarabağın statusu məsələsini ortaya atmaqla bütövlükdə danışıqlar prosesini pozur”.

Qarabağla bağlı çəkilən iki film beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunacaq
Yeri gəlmişkən, “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Qarabağ və tarixi torpaqlarımız haqqında görüntülü məhsulların yaradılması və İKT resursları vasitəsilə dünya ictimaiyyətinə yayılmasında gənclərin rolunun artırılması - 2 mərhələ” adlı layihə başa çatıb. Layihə çərçivəsində “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filmi və “Cəbrayıl-virtual səyahət” 3D qrafik təsvirli filmi istehsal olunub.
“Virtual Qarabağ” informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev məlumat verib ki, 3 dildə - Azərbaycan, ingilis və rus dillərində istehsal edilən “Qarabağ – Əcdadlarımızın mirası” adlı sənədli filmi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin Azərbaycana, azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, Ermənistanın əzəli Azərbaycan torpaqları olan Qarabağa ərazi iddiaları haqqındadır. Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər haqqında, orta əsrlərdə, Xanlıq dövründə, 19-cu yüz ildə, 20-ci əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet Hakimiyyəti zamanı Qarabağın vəziyyəti barədə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan yeni ərazilərdə quruculuq işləri haqqında fakta söykənən görüntülü məlumatlar verilir.
Digər məhsul - Cəbrayıl haqqında “Cəbrayıl – virtual səyahət” 3D qrafik təsvirli film də ölkəmizdə həm yeniyetmələrin, həm də gənclərin işğal altında olan torpağımız barədə vizual maariflənməsinə xidmət edəcək. Filmdə işğal altındakı Cəbrayıl rayonunda olan Divlər sarayı, Sirik qalası, 11 tağlı və 15 tağlı Xudafərin körpüsü, Şıxbaba türbəsi, Hacı Qaraman ziyarətgahı, kolxoz bazarı, şahmat məktəbi, Cocuq Mərcanlı məscidi kimi arxeoloji, tarixi, dini və müasir abidlər qrafik təsvirlərlə bərpa olunaraq nümayiş etdirilir.
Hər iki məhsul internet resurslarında yerləşdiriləcək və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunacaq. Bundan əlavə, layihə çərçivəsində Bakı və regionlarda gənclərlə görüşlər keçirilib. Onlar Qarabağ və digər tarixi torpaqlarımız haqqında məlumatlandırılıblar. Görüş iştirakçılarına buklet, köynək və papaqlar paylanıb.

Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir

Bu arada Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Qapanlı, Yuxarı Qaradağlı və Qaraağacı kəndlərindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tərtər Cümə Məscidinin imamı şəhidlərin ruhuna dua oxuyub.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, Vətənini uca tutanı Vətən də uca tutar. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulları unutmağa haqqımız yoxdur. Onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir. Bu, bizim dövlətin həyata keçirdiyi vətənpərvərlik siyasətinin prioritet istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə də belə olub, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də əsas istiqamət budur.
Qeyd olunub ki, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib, onların istifadəsinə verilib. Onlarla əlil avtomobil və əlil arabası ilə təmin olunub. Şəhidlərin adları əbədiləşdirilib. Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan bayrağı” ordenli Mehrac Mahmudovun və Ədalət Paşayevin, “İgidliyə görə” medalı ilə təltif edilən Nicat İsgəndərovun, İlqar Həsənovun adları küçələrə verilib.
Tədbirdə abidənin tikilməsinin təşəbbüskarı və icraçısı şəhid Zülfüqar Qasımovun qardaşı, ikinci qrup Qarabağ əlili Etibar Qasımov, həmçinin Tərtər batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, keçmiş döyüşçü Yolçu Süleymanov, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva da çıxış edərək şəhidlərin qəhrəmanlıqla dolu döyüş yollarından danışıb, Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra şəhidlərin xatirəsinə ucaldılmış abidənin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
06.12.2018
Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib
05.12.2018
“Lazerev klubu” MDB çərçivəsində əlaqələrin inkişafına zərbə vurur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info