“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”
Tarix: 05.12.2018 | Saat: 16:25:00 | E-mail | Çapa göndər





Leyla Həsənova: “Uşaqların əqli və fiziki inkişafı valideyndən başlayır, sadəcə, biz müəyyən yaşdan sonra o uşaqlara, ailələrə yardım edərək xüsusi xidmətlərimizi göstəririk”

Son illərdə ölkəmizdə tədris və inkişaf mərkəzlərinin sayı xeyli artıb. Əvvəllər bu kimi fəaliyyətlə məşğul olan mərkəzlərə, çox az rast gəlinirdisə, indi valideynlər və ümumilikdə hər kəs üçün vacib və xüsusi önəm daşıyan tədris mərkəzləri daha çoxdur. Qeyd edək ki, bu cür mərkəzlər uşaqların qabiliyyət və yaradıcılıqlarının tam dolğun inkişaf etdirilməsi, onlarda xüsusi istedadların erkən yaşlardan aşkarlanması, dil, ünsiyyət, incəsənət maraqları və digər imkanların daha dolğun inkişaf etdirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Əksər tədris və inkişaf mərkəzlərində isə nəinki uşaqlar-məktəbəqədər yaşda olanlar və eləcə də məktəblilər, böyüklər üçün də müxtəlif istiqamətlərdə imkanlar yaradılır. Belə tədris və inkişaf mərkəzlərindən biri də bu il fəaliyyətə başlayan ABC Tədris və İnkişaf Mərkəzidir.
Mərkəzin rəhbəri Leyla Həsənova ilə söhbətimizdə bu və digər məsələlər haqqında söz açdıq. Müsahibəni oxuculara təqdim edirik:


- Öncə mərkəziniz haqqında məlumat verərdiniz.

- ABC Tədris və İnkişaf Mərkəzi bu ilin mart ayından fəaliyyətə başlayıb. Məqsədimiz insanlara xidmət göstərmək, təhsilimizin gələcəyi üçün çalışmaqdır. Uşaqların təhsilli, bacarıqlı böyümələri və parlaq gələcəyə sahib olmaları üçün əlimizdən gələni edirik. Yeni yaradılsa da, ABC Tədris və İnkişaf Mərkəzi qısa zaman kəsiyində xeyli işlər görə bilib, hazırda da uğurla fəaliyyət göstəririk. Bir qədər qəribə səslənsə də, ilk olaraq saatlıq dayə sistemi yaratmaq fikri ilə yola çıxmışıq. Çünki bir ana olaraq özüm də bu sahədə əziyyət çəkirdim. Sonradan fəaliyyət dairəsini genişləndirərək təkcə xüsusi dayə xidmətləri deyil, uşaqların bizimlə keçirilən zamanının səmərəli olması üçün onlara təhsil də vermək qərarına gəldik. Hazırda ABC Tədris və İnkişaf Mərkəzində erkən inkişaf, məktəbəqədər hazırlıq, məktəb dərslərinə yardım, məntiq, mental atifmetika, xarici dillər, abituriyent hazırlığı, rəsm, gimnastika, rəqs, şahmat dərsləri və s. keçirilir. Yəni peşəkar müəllimlər-heyətimiz kurs və dərslərdə uşaqların, yeniyetmələrin keyfiyyətli təhsil alması, vaxtlarını maraqlı və əyləncəli keçirmələri üçün öz bacarıqlarını əsirgəmirlər.

- Ümumiyyətlə, son dövrlərdə belə tədris və inkişaf mərkəzlərinin sayı artıb. Bu mərkəzlərin fəaliyyəti uşaqların inkişafı üçün hansı formada öz təsirini göstərir?

- Əslində, belə mərkəzlərin ilbəil çoxalması müsbət haldır. Sağlam rəqabət mühiti yaradılır, valideynlər üçün seçim imkanları çox olur. Hər mərkəz seçilmək üçün əlindən gələni edir. Öz xidmətlərinə yeniliklər, kreativlik gətirirlər və rəqabət daha da güclənir. Bu rəqabət isə uşaqlara, valideynlərə, ümumən ölkəmizə, dövlətimizə daha çox xeyir verir. Biz də bu sıraya yeni qoşulmağımıza baxmayaraq, rəqabətə davamlı olduğumuzu düşünürəm və dediyim kimi, balalarımızın yüksək əqli və intellektli böyüməsi üçün hər cür şərait yaratmışıq. Belə mərkəzlər dediyim istiqamətlərdə uşaqların inkişafı üçün ideal məkanlardır.

- Bəzən ictimai tədbirlərdə aktivlik göstərirsiniz, dövlət tədbirlərinə qatılır, QHT-lərlə birgə layihələr də həyata keçirirsiniz. İctimai aktivliyin sizin fəaliyyətinizdə hansı müsbət rolu olur?

- Bəzən deyirlər ki, bizim işimiz məsuliyyətli və ağır iş olduğu üçün mərkəzdə daha çox zaman keçirməliyik. Mən isə tam əksini düşünürəm. Hər bir insan cəmiyyətə açılmalıdır. O ki ola Şərq, Azərbaycan qadını. Belə bir mühüm işdə rəhbər kimi təmsil olunanda cəmiyyətə açılmaq, ictimai tədbirlərdə təmsil olunmaq, ayrı-ayrı layihələrə qol qoymaq, insanlarla daha çox ünsiyyətdə olub zamanın, iqtisadi və digər sahələrin durumunu zamanında dəyərləndirmək çox vacib amildir. Kütlənin, cəmiyyətin içində olmayanda bilmirsən ki, insanlar nə istəyirlər, maraqlar nəyə tuşlanır, fərdlər ayrı-ayrılıqda necə inkişaf edir. Bütün bunlar çox vacib amillərdir. Çünki bizə müraciət edən valideynlərin özləri də ayrıca bir fərddirlər. Biz onlara yalnız ailə, valideyn, cəmiyyətə yetkin vətəndaş bəxş edəcək adi insan kimi baxmırıq. Onun psixoloji, maddi, mənəvi durumu çox önəmlidir. İctimai tədbirlərə gəldikdə isə konkret olaraq onu deyə bilərəm ki, ictimai işlərdə hər bir şəxs aktiv iştirak etməlidir. Fərqi yoxdur, sən məktəblisən, ya tələbə, müəllimsən, ya da ki, aqronom. Dediyim kimi, cəmiyyətin içində olub ictimai işlərə də daha çox vaxt ayırmaq zamanın ruhuna uyğun addımlar atmağına kömək olur. İştirak etdiyimiz tədbirlərdə, hətta təşkil etdiyimiz layihələrdə özümü və kollektivimizi inkişaf etdirəcək məlumatların olduğunu düşünürəm. İnsan hər zaman inkişaf etməsi üçün çalışmalıdır. Birlikdə təşkil etdiyimiz layihələrdə də məqsəd budur. Bu yaxınlarda yeni və maraqlı bir layihəyə də başlamışıq, bu, kimsəsiz ahıl insanlara ziyarət etməklə bağlıdır. Biz onları, sadəcə, ziyarət edib maddi və mənəvi dəstək olmuruq, körpə balalarımızı da aparıb ahıllarla vaxt keçirmələrini onların, sözün həqiqi mənasında, ruhlarını oxşamalarını təmin edirik. Düşünürəm ki, bu görüşlər, ünsiyyətlər və beyinə yeridilən bu xoşməramlı ziyarətlər uşaqların gələcəkdə düzgün yöndə uğurla inkişaf edib, layiqli övlad, ata, ana vətəndaş olmasının təməli sayıla bilər...

- Adətən, uşaqların əvvəlki illərə nisbətən, sadaladığınız xidmətlərə daha çox ehtiyaclarının yarandığını deyirlər. Sizcə, bunun səbəbi nədir? Ümumiyyətlə, valideynlərə hansı məsləhətləriniz olardı?

- Bu, bəlkə də, bəzi sosial və mənəvi problemlərin daha çox ailə institutlarına sirayət etməsi ilə əlaqələndirilə bilər. Yəni ata və ya ana övladları ilə az maraqlanır, onun dil, əqli və digər yöndə inkişafına səbəb olacaq hərəkətlər, ünsiyyətlərdə istəmədən belə “xəsislik” edir. Desək ki, buna yalnız texnologiyanın hədsiz inkişafı, sosial şəbəkələr və s. səbəb olur, bu, yanlış olardı. İnsanların bütün gün işləmələrindən tutmuş, bəzi iqtisadi məqamlar da bu işdə öz sözünü deyir. Uşaq dil açıb danışmağa başlayandan onun əqli, eləcə də fiziki inkişafı daha çox diqqətdə saxlanmalıdır. Bağça yaşına çatan uşaqlarla isə daha çox məşğul olmalı, onları diqqətdən kənarda saxlamamalıyıq. Bəzən olur ki, müraciət edən valideyn övladının təkcə kurslarda nələrisə öyrənməsini istəmir, acizanə şəkildə onu uşaqlarla ünsiyyətə vadar etməyimizi, özünə qapanması kimi problemin aradan qaldırılmasını da xahiş edir. Bir balaca araşdıranda görürük ki, bu cür uşaqlar körpəliyindən televizor, telefonlarla baş-başa buraxılmış uşaqlardır... Özünə qapanmaq artıq uşaqların bəlasına çevrilib desəm, yanılmaram. Yəni valideynlərə deyiləsi sözlərimiz, məsləhətlərimiz çoxdur. Uşaqların əqli və fiziki inkişafı valideyndən başlayır, sadəcə, biz müəyyən yaşdan sonra o uşaqlara, ailələrə yardım edərək xüsusi xidmətlərimizi göstəririk. Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər. Bir daha vurğulayıram ki, gərək valideynlər övladlarının hər sahədə inkişaf etməsi üçün şərait yaradalar. İdman sağlamlıqdır, uşağın fiziki yorğunluğunu aradan qaldırmasına kömək edir, əqli inkişafına da səbəb olur. Rəqs də sağlamlıqdır və bu, xüsusi bacarıq tələb etsə də, hər kəsin məşğul olub öyrənə biləcəyi bir işdir. Düzdür, bu, uşaq üçün əlavə məşğuliyyətdir, bir qədər də vaxt alır, amma, inanın ki, indi övladını rəqsə yazdıranlar beş-on il əvvəlkindən çoxdur. Həmçinin rəsm də məsləhət gördüyümüz əsas məşğuliyyət sahələrindəndir. Digər tərəfdən uşaqlar xarici dilləri öyrənərək daha çox inkişaf edir və gələcəkdə daha tez uğur qazanmaları üçün indidən yolları açıq olur. Heç vaxt qorxmasınlar ki, uşaq bir dili öyrənir deyə, beyni ikinci dil öyrənməklə yüklənməsin. İnanın ki, tədricən dil öyrənmək uşaqlar üçün vərdiş halına çevrilə bilir, nəinki beyinin yüklənməsi ola. Həm də dil ağır tədris, üsullarla öyrədilmir... Hər yaş üçün xüsusi metodika var. Qısası, məşğələlərimiz, kurslarımızla uşaqların dərslərinə, bilik və elmləri daha mükəmməl qavramalarına yardımçı olaraq onların universal sağlam böyümələrini təmin edirik. Mərkəzimizdə fəaliyyət göstərən müəllimlərimiz və digər işçilər də kifayət qədər peşəkardırlar, uşaqların bilikli olması üçün çalışırlar. Çünki bu günün uşaqları sabahın güzgüsüdür. Biz necə uşaq, gənc nəsil yetişdiririksə, sabahımızı indindən görə bilərik.

- Gələcək planlarınız haqqında da söz açardınız.

- Gələcək planlarımız inkişaf edərək böyümək, daha çox xidmət göstərmək, güzəştli xidmətləri artırmaq, layihələrimizi çoxaltmaq və digər arzulardan ibarətdir. Çox istərdik ki, mərkəzimizə üz tutan müxtəlif yaşda olan uşaq və gənclərin, hər bir şagird və vətəndaşın uğurlarını izləyək. Yəni gələcəkdə onlar cəmiyyətdə kifayət qədər tanınaraq fəxrlə desinlər ki, mənim ilk təhsilim, cəmiyyətə atılmağım məhz ABC Tədris və İnkişaf Mərkəzindən başladı.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
04.12.2018
Azərbaycan həmsədrlərin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır
03.12.2018
Nizami Muradoğlu: “Xalq yaradıcılığından gələn poeziyaya nəzər yetirsək, orada bir ahəng, səslənmə, nizam və digər gözəllikləri görürük”
03.12.2018
“Ukraynadakı hər bir diaspor təşkilatı çalışır ki, vətənimiz üçün nəsə etsin”
01.12.2018
Nelli Kim: Mən Mehriban Əliyevaya və AGF-yə heyranam

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info