“Özümü qərib ölkədə hiss etmədim”
Tarix: 05.12.2018 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Əligül Ağayev: “Demək olar ki, bütün iştirakçıların maraqla qarşıladığı “Əli və Nino turizm marşrutu” layihəsi regionumuzu turizm baxımından təqdim etməkdə çox kömək etdi”


Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının İsfahan Universitetində tədqiqatçıların beynəlxalq "Harakat" festivalı baş tutub. 54 ölkədən 85 nümayəndənin təqdim etdiyi layihələr arasında Azərbaycanı təmsil edən, Xəzər Gənclər Evinin direktoru Əligül Ağasalam oğlu Ağayevin "Əli və Nino turizm marşrutu" layihəsi 12 ən yaxşı layihədən biri seçilib. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı olan Əligül Ağayev öz qələbə sevincini bizimlə bölüşdü.

-"Harakat" festivalının keçirilməsində məqsəd nədir?

- İran İslam Respublikasının Elm, Tədqiqatlar və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə 2008-ci ildən etibarən keçirilən “Harakat” festivalı bu il beynəlxalq səviyyədə təşkil olundu. Festivalın keçirilməsi ilə dünyanın ən uğurlu gənc tədqiqatçıları İrana cəmlənir, eyni zamanda xarici və yerli alimlər arasında əlaqələri gücləndirir. Bu il 54 ölkədən 85 layihə təqdim olunmuşdu. Layihələr fərdi, komanda və universitetlər səviyyəsində təmsil olunurdu. Festival ərzində bütün layihələrin təqdim olunduğu sərgi, forumlar, təqdimatlar, mühazirələr və İranı qonaqlara tanıdan ekskursiyalar baş tutdu. Tehranda başlayan layihə Kaşan şəhərində davam etdi, festivalın əsas mərhələsi isə bu il İsfahan şəhərində baş tutdu. Ümumilikdə 12 layihə ən yaxşı tədqiqat işi olaraq seçildi ki, bunlardan biri də məhz mənim layihəm oldu.

- Siz bu festivalda hansı mövzuda layihə təqdim etmişdiniz?

- “Harakat” festivalında öz tədqiqat sahəmdən, turizmdən mövzu təqdim etmişdim. Bu mənim magistr işim olan Qurban Səidin “Əli və Nino” romanı əsasında yaradılmış “Əli və Nino turizm marşrutu” idi. Demək olar ki, bütün iştirakçıların maraqla qarşıladığı bu layihə, həmçinin regionumuzu turizm baxımından təqdim etməkdə çox kömək etdi.

- Layihənizin özəlliyi nədir?

- “Əli və Nino turizm marşrutu” Məhəmməd Əsəd Bəyin 30-dan çox dünya dilinə tərcümə edilmiş, 60-dan çox ölkədə çap olunmuş Qurban Səid təxəllüsü ilə yazdığı "Əli və Nino" romanı əsasında hazırladığım bir ədəbi turizm məhsuludur. Bu əsərin seçilməsində məqsəd ölkəmizi, şəhərlərimizi özündə ən gözəl əks etdirən, XX əsrin ən gözəl eşq hekayəsi kimi qəbul olunan və Qərb dünyasında ən çox satılan əsərlərdən biri olması oldu.
Aktual olaraq turizm marşrutu Əli və Ninonun doğulub, böyüdüyü Bakı şəhərindən, ardından isə nikahlarının baş tutduğu Xınalıq kəndi, Ninonun vətəni Gürcüstanın paytaxtı Tiflis şəhəri, sonda isə cütlüyün bir-birindən ayrıldığı, Əlinin öldürüldüyü Gəncə şəhərindən ibarətdir. Səfər boyu turistlər əsərdə adıçəkilən bütün məkanlarla tanış olur, əsərin qəhrəmanlarının həyatlarına bir neçə günlük qonaq olurlar.
Potensial olaraq isə marşrutun daha da genişləndirilməsi nəzərdə tutulub, bunun üçün ən böyük maneə əsərdə Əli və Ninonun ilk səfərinin baş tutduğu, Azərbaycanın musiqi, mədəniyyət paytaxtı Şuşa şəhərinin hazırda Ermənistan işğalında olmasıdır.
Eyni zamanda Bakının komissarlar tərəfindən işğal olunduğu müddət, mart soyqırımı zamanı Əli və Nino dəniz yolu ilə İranın Ənzəli şəhərinə, oradan isə Tehrana səfər ediblər və əsərdə göstərildiyi kimi, Nino öz hamiləlik müddətini Tehranda keçirib. Festival zamanı iranlı turizm partnyorları və tədqiqatçıları ilə danışıqlar apardım ki, yaxın gələcəkdə bu hissələr də marşruta əlavə oluna bilsin.
Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda doktorantura təhsilimi davam etdirirəm və Azərbaycan üçün faydalı ola biləcək müxtəlif yeni turizm məhsullarının yaradılması üçün öz tədqiqatlarımı aparıram.

- Sizin qələbə soydaşlarımız tərəfindən necə qarşılandı?

- İsfahanda keçirilən mükafatlandırma mərasimində 12 qalib arasında Azərbaycandan Əligül Ağayev adı səslənəndə bir anlıq da olsa, özümü qərib ölkədə hiss etmədim. Təbriz, Ərdəbil, Marağa, Urmiya, Səhənd, Zəncan universitetlərindən olan soydaşlarımızın “Azərbaycan! Yaşasın Azərbaycan!” nidaları mənim üçün qürur, sevinc və kədərin görüşdüyü bir hiss idi. Şimalda doğulub, böyüsəm də, həmin an özümü şimal qədər, cənuba da aid hiss edirdim…

- Xəzər Gənclər Evi nə kimi layihələr həyata keçirir?

- Artıq bir ilə yaxındır ki, Xəzər Gənclər Evinin direktoruyam. Şüvəlanda yerləşən Gənclər Evi, əsasən, Xəzər rayonunda yaşayan gənclərin sosial, mədəni və elmi istiqamətlərdə fəaliyyət göstərdikləri, şəxsi bacarıqlarını artırdıqları, dövlət gənclər siyasəti çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirak edən bir qurumdur. Xəzər Gənclər Evi öz layihələrini qeyri-formal təhsil, mədəniyyət layihələri, sağlam həyat təbliğatı, gənclərin iştirakçılığı, psixososial dəstək, gender məsələləri, peşə seçimi, informasiya-məsləhət, asudə vaxtın təşkili, könüllülük fəaliyyəti istiqamətlərində aparır. Cümhuriyyət irsimizi gənclərə təqdim etmək məqsədilə Cümhuriyyət həftələrində müxtəlif forum, müzakirə, kino nümayişləri, tədqiqatçılarla görüşlər keçirilib.
Yay boyu davam edən “Peşələrin yayı” layihəsində 10 peşə istiqamətində gənclərə təlimlər keçirilib.
“Gəncliyin dalğasında” festivalı gənclərin asudə vaxtının təşkili, mədəni inkişaflarına yönəlmiş bir layihə olub. “Teatr əsaslı gender” təlimi, xüsusilə Xəzər rayonu kəndləri üçün aktual olan gender problemini teatr vasitəsilə aradan qaldırmağa yönəlmişdir.
“Şəxsi bacarıqlarını kəşf et!”- təlimlər silsiləsində gənclər həyati bacarıqlarını mənimsəyir və gələcək həyata hazırlanırlar.
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi qəzəllərinə videoçarxların çəkilməsi müsabiqəsi” yaradıcı gənclərin bacarıqlarını üzə çıxarmaq məqsədi daşıyırdı.
İndiyə qədər müxtəlif layihələrdən 500-dən artıq gəncə xidmət göstərmişik və bu, davamlı olaraq həyata keçiriləcək. Hazırda Xəzər Gənclər Evində 15-dən çox klub fəaliyyət göstərməkdədir ki, bunların əksəriyyəti aktiv gənclərimiz tərəfindən təşkil olunub.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”
04.12.2018
Azərbaycan həmsədrlərin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır
03.12.2018
Nizami Muradoğlu: “Xalq yaradıcılığından gələn poeziyaya nəzər yetirsək, orada bir ahəng, səslənmə, nizam və digər gözəllikləri görürük”
03.12.2018
“Ukraynadakı hər bir diaspor təşkilatı çalışır ki, vətənimiz üçün nəsə etsin”
01.12.2018
Nelli Kim: Mən Mehriban Əliyevaya və AGF-yə heyranam

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info