“Lazerev klubu” MDB çərçivəsində əlaqələrin inkişafına zərbə vurur
Tarix: 05.12.2018 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, bu günlərdə İrəvanda yeni yaradılan Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclası keçirilib. İclasda Azərbaycanla da bağlı fikirlər səsləndirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclasında səsləndirilən fikirləri şərh edən bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Rusiya-Ermənistan “Lazarev klubu”nun iclasında səsləndirilən fikirlər Azərbaycan-RF münasibətlərinə xələl gətirmək məqsədi güdür: “Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarları və təşkilatçılarından biri hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının 7-ci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür. Bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir".
Bildirilib ki, V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir: "Nəhayət, “Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə çatdırıb".

Ermənistanda Paşinyan əleyhinə bəyanatlar səsləndirilir
Yeri gəlmişkən, analitik Ehtiram Aşırlı “Trend”ə deyib ki, hazırda Ermənistanda növbədənkənar parlament seçkilərindən əvvəl ictimai-siyasi vəziyyət olduqca gərgindir. O xatırladıb ki, Ermənistanda növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiya və bloklar noyabrın 14-də Mərkəzi Seçki Komissiyasına namizədlərinin qeydə alınması üçün müraciət ediblər. Ümumilikdə seçkidə "Mənim addımım" və "Biz" blokları, Çiçəklənən Ermənistan, Respublika, Daşnaksutyun, İşıqlı Ermənistan, Xristian Demokratik İnkişaf, Vətəndaşın Seçimi - Sosial Demokratik, Orinats Yerkir, Milli İnkişaf və Sasna Tsrer partiyaları iştirak edəcəklər: "Nikol Paşinyan seçkiyə hazırkı "Çıxış" blokunda olan müttəfiqləri ilə birgə getmir. Bu blok artıq tam parçalanıb. Blokun tərkibində olan Vətəndaş Müqaviləsi Partiyasının iştirakı ilə "Mənim addımım" blokunu yaradıb. Hesab edirəm ki, Paşinyanın bloku bu seçkilərdə digər siyasi partiya və bloklardan güclüdür. Əslində, dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində nəticələrin indidən bəlli olduğunu demək olar. Əsas məsələ parlamentə hansı siyasi partiya və blokların daxil olacağıdır".
Analitik bildirib ki, Aram Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası əvvəlcə İşıqlı Ermənistan Partiyası ilə birlik yaratmağa çalışsa da, uğur qazanmadı. Nəticədə partiya Azad Demokratlar Partiyası ilə birgə "Biz" blokunu təsis etdi: "Qeyd edim ki, Aram Sarkisyanın, Edmon Marukyanın və Nikol Paşinyanın rəhbərlik etdiyi partiyalar birləşib "Çıxış" bloku yaratmaqla ilk parlament seçkilərində 7,74% səslə parlamentdə təmsil olunma şansı əldə etmişdilər. Lakin sonradan Paşinyanın öz blokunu yaratması "Çıxış" blokunun parçalanmasına gətirib çıxardı. Bu seçkilərdə "Biz" blokunun tərkibini formalaşdıran partiyaların səs faizləri olduqca aşağıdır. Məsələn, Azad Demokratlar Partiyası ilk seçkilərdə 0,56% səs toplaya bilmişdi. Aram Sarkisyanın partiyasının səs faizlərinin yüksək olmadığını nəzərə alsaq, "Biz" blokunun parlamentdə təmsil olunma şansı olduqca aşağıdır, demək olar ki, heç yoxdur".
E.Aşırlı qeyd edib ki, özünü daha iddialı siyasətçi kimi təqdim etməyə çalışan Edmon Marukyanın rəhbərlik etdiyi İşıqlı Ermənistan Partiyası isə seçkiyə təkbaşına qoşulub: "Marukyan, əsasən, Rusiyaya qarşı bəyanatları ilə seçilir. Hazırda aktiv seçki kampaniyası reallaşdırdığını ifadə edə bilərik. Həmçinin "Çıxış" blokunun aparıcı rəhbəri olduğunu nəzərə alsaq, son seçkilərdə müəyyən səs toplasa da, parlamentdə təmsil olunma şansının aşağı olduğu görülür".
O deyib ki, budəfəki seçkiyə qatılan Orinats Yerkir “məxməri inqilab” zamanı N.Paşinyana ilk dəstək verən partiyalardan biri olduğuna görə seçkidə uğur qazanacağına ümid edir: "Lakin partiyanın rəhbəri Zaruhi Postancyanın son vaxtlar Paşinyan əleyhinə bəyanatlar səsləndirməyə başlaması onun partiyasının parlamentdə təmsil olunma şanslarını azaldır. Bu baxımdan, hesab edirəm ki, Orinats Yerkir Partiyasının parlamentdə təmsil olunma şansları olduqca aşağıdır".

“Daşnaksutyun Partiyası isə ənənəvi qatı millətçi siyasi görüşləri ilə tanınır”
Analitikin sözlərinə görə, Daşnaksutyun Partiyası isə ənənəvi qatı millətçi siyasi görüşləri ilə tanınır. Son parlament seçkilərində 6,57% səs toplayan partiyanın qarşıdakı seçkilərdə parlamentdə təmsil olunma şansı var. Belə ki, bu seçkilərdə də təqribən elə bu qədər səs yığması mümkündür:
"Çiçəklənən Ermənistan Partiyasının lideri iş adamı Qaqik Tsarukyandır. Partiya 2004-cü ildə yaradılıb, siyasi və maliyyə potensialını əhəmiyyətli dərəcədə qoruyub saxlaya bilib. Xüsusilə, Tsarukyan seçki kampaniyasında fəallıq göstərir və əsasən, toxunduğu məsələ turizm sektorunun inkişafıdır. Lakin son Yerevan meri seçkilərində biabırçı şəkildə məğlub olmaları onların siyasi arenadakı nüfuzuna xələl gətirib. Bununla belə, az da olsa, parlamentdə təmsil olunma şansını qoruyub saxlayır".
E.Aşırlı Sasna Tsrer Partiyasının parlamentdə təmsil olunma şanslarını yüksək dəyərləndirib: “Bunu onların radikal erməni millətçiliyi mövqeyindən çıxış etməsi və Rusiya əleyhinə fikirlər səsləndirməsi ilə əlaqələndirirəm. Nəticə etibarilə isə bu seçkilərdə "Mənim addımım" blokunun səslərin 70 faizindən çoxunu əldə edəcəyi gözləniləndir. Beləliklə, seçkilərdə əsas rəqabət Çiçəklənən Ermənistan, Sasna Tsrer, Daşnaksutyun və bir qədər İşıqlı Ermənistan partiyaları arasında olacaq. Qaldı ki, köhnə iqtidara, Respublika Partiyasının seçkilərdə uğur qazanacağını düşünmürəm. Xüsusilə bundan sonra Respublika Partiyasında parçalanma ola bilər. Bir sözlə, bu seçkilərin "Mənim addımım" blokunun qələbəsi və Serj Sarkisyanın partiyasının fiaskosu ilə nəticələnəcəyi gözlənilir".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
06.12.2018
Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib
04.12.2018
“Ermənistan tərəfi danışıqlar prosesini ləngitmə taktikasını həyata keçirməyə çalışır”
03.12.2018
“Ermənistanda Dağlıq Qarabağ probleminin həllinə ədalətli yanaşmağı bacaran siyasətçi yoxdur”
30.11.2018
Milanda Dağlıq Qarabağ münaqişəsi üzrə predmet müzakirələr aparılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info