Əli Həsənov: “Təəssüf ki, KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələr işlədilir”
Tarix: 05.12.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


“Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi ilə bağlı 2018-ci ilin avqust və sentyabr aylarında aparılmış monitorinqin nəticələri açıqlandı.
Nəticələrlə bağlı təşkil olunan konfransda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli hazırda Azərbaycan dilinin inkişafı üçün hərtərəfli imkan yaradıldığını qeyd etdi. Bildirdi ki, vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi qəbul olunması dilimizə olan diqqətin və qayğının göstəricisidir və Prezident İlham Əliyev Azərbaycan dilinin saflığına böyük önəm verir. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman buna bariz nümunədir.
Nuşirəvan Məhərrəmli qeyd etdi ki, Milli Televiziya və Radio Şurası teleradio məkanında dövlət dilimizin saflığının qorunmasına xüsusi diqqət yetirir. Vaxtaşırı təşkil olunan bu cür monitorinqlər ümumi işimizə böyük fayda verir. Teleradiolarda ədəbi dillə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını, jarqonların və dilimizə yad sözlərin işləndiyini deyən MTRŞ sədri son vaxtlar mövcud nöqsanların aradan qaldırılması üçün müəyyən iş aparıldığını diqqətə çatdırıb. O deyib ki, televiziya rəhbərləri əməkdaşları işə götürərkən onların Azərbaycan dili üzrə biliklərini yoxlamalı, aparıcılar tərəfindən dil normaları qorunmalıdır. Dil nöqsanlarına reklamlarda və tibbi proqramlarda daha çox rast gəlinir. Teleradionun cəmiyyətə böyük təsiri nəzərə alınmalı, onların dili hamıya nümunə olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, ana dili xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən ən etibarlı vasitədir. Odur ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir.
“Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsidir. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar”, - deyən Prezidentin köməkçisi qeyd etdi ki, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir.
Azərbaycan dilinin keçdiyi inkişaf tarixindən danışan Əli Həsənov bildirdi ki, orta əsrlərdən başlayaraq Azərbaycan dili bizim yaşadığımız coğrafiyada və Avrasiyanın böyük bir geosiyasi məkanında yüksək hüquqi-siyasi status qazanaraq, mərkəzləşmiş Səfəvilər dövlətinin rəsmi dili olub. Sonrakı dövrdə də Azərbaycan dövlətçiliyinin ayrı-ayrı formaları çərçivəsində bu dil öz hüquqi-siyasi statusunu həmişə qoruyub saxlayıb.
Prezidentin köməkçisi ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksəltmək istiqamətində gördüyü mühüm işləri xatırladaraq qeyd edib ki, məhz bunun nəticəsində ana dilimiz dövlət dili statusu qazanıb, onun mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini hazırda Prezident İlham Əliyev ardıcıl surətdə davam etdirir.
Əli Həsənov bildirdi ki, dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsini və saflığının qorunmasını Prezident İlham Əliyev Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir. Təəssüf ki, kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələr işlədilir. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncam imzalayıb. Sərəncamda dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanıb, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi xüsusi qeyd edilib.
“Təəssüf ki, 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan nöqsanlara bu gün də təsadüf edilir. Buna görə də Prezident İlham Əliyev dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və nöqsanların aradan qaldırılması məqsədilə 2018-ci il noyabrın 1-də yeni Fərman imzalayıb. Həmin Fərmandan irəli gələn vəzifələrə uyğun olaraq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”, - deyə Prezidentin köməkçisi vurğuladı.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirdi ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir. O, həmçinin əlavə etdi ki, Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatın dili ilə bağlı mütəmadi monitorinq keçirir. Təəssüf ki, mətbuatda da dil ilə bağlı çoxlu nöqsanlar var. Daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu qeyd etdi ki, Azərbaycan dili dünyanın ən zəngin, səlis dillərindən biridir. Hər kəs dilə məsuliyyətlə yanaşmalıdır. Dili insana uşaqlıqdan sevdirmək lazımdır. Belə olan halda, Azərbaycan ədəbi dilinin pozulması hallarına rast gəlmərik. Akademik M.Nağısoylu bildirdi ki, son zamanlar cəmiyyətdə rus dilindəki “uje” sözündən istifadə halları artıb. Şadlıq evlərinin adlarının yanına ingilis dilindəki “palace” sözünün yazılması nə məqsəd daşıyır? Bu, bizim dilimizdə “saray” deməkdir, bəs onda niyə saray deyil, “palace” yazırlar? Bizim dilimiz zəngindir, istənilən fikri ifadə etmək üçün kifayət qədər söz ehtiyatımız var.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, teleradio məkanında Azərbaycan ədəbi dilinin normaları xeyli pozulur. Bu gün radiolara qulaq asmaq olmur. Elə jarqonlardan istifadə edirlər ki, bunların efirdə işlədilməsi düzgün deyil. KİVDF mediada ədəbi dil ilə bağlı monitorinqlər aparılmasını dəstəkləyir və növbəti illərdə də bu layihələr davam edəcək.
Sonra monitorinq qrupunun mütəxəssisləri hesabatın nəticələri ilə bağlı açıqlama verdilər. Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi Mehriban Əlizadə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktorları Təranə Şükürlü, Aynel Məşədiyeva və başqaları qeyd etdilər ki, Azərbaycan dili lüğət ehtiyatı, qrammatik struktur, ifadə planının zənginliyi baxımından mükəmməl olsa da, onun tətbiqi və təkmilləşdirilməsi ilə bağlı bəzi nöqsanlar var. Bu gün televiziyalarda aparıcıların nitqində özünü göstərən bir sıra nöqsanlar, ədəbi dil normalarının pozulması faktları dili qorumaq kimi nəcib missiyanın həyata keçirilməsi işinə ciddi xələl gətirir. Mütəxəssislər diqqətə çatdırıblar ki, müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar var. Çoxçeşidli informasiyalar KİV-də, reklamlarda, sosial şəbəkələrdə və virtual reklamlarda insanların ixtiyarındadır. Bu gün hər bir şəxsin istənilən informasiyanı almaq üçün geniş imkanları var. Buna görə də dil vahidlərindən düzgün istifadə etmək əsas amillərdən biridir.
Daha sonra teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlandı. Qeyd edildi ki, monitorinqə 6 adda televiziya, 12 adda radio verilişləri cəlb olunub. Həmin verilişlər mövzu istiqamətinə görə təhlil edilib. Məlum olub ki, ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubu səviyyədə pozulur.
Monitorinq nəticəsində qeydə alınan 4633 faktdan 2765-i fonetik, 511-i leksik, 684-ü üslubu səviyyədə norma pozuntusunun göstəricisidir. Televiziya verilişlərinin monitorinqi zamanı 3120 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubu səviyyəyə aiddir. Radioların dilinin monitorinqi zamanı 1017 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-u üslubu səviyyəyə aiddir. Televiziya reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı müəyyənləşdirilib ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubu səviyyədədir.
Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubu səviyyəyə aiddir.
Konfransda monitorinqin davam etdiriləcəyi bildirildi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
08.12.2018
Ermənistan atəşkəs rejimini 28 dəfə pozub
08.12.2018
Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib
07.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb
07.12.2018
Səyyar “ASAN Kommunal” Bilgəhdə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info