Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib
Tarix: 06.12.2018 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


ATƏT PA Azərbaycanın mövqeyini dəstəkləyir

Xəbər verildiyi kimi, İtaliyanın Milan şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşü olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi razılaşdırılıb.

Yeri gəlmişkən, Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqətinə çatdırıb.
Azay Quliyev deyib: “Azərbaycanın bu təşəbbüsü çox humanist bir yanaşmadır və bu təşəbbüsün ATƏT PA tərəfindən dəstəklənməsi üçün kifayət qədər əsaslar var. Təşəbbüsün reallaşması münaqişə tərəfləri arasında müəyyən bir etimad mühitini yaratmaq və sülh danışıqlarında müsbət irəliləyişə nail olmaq üçün önəmli rol oynaya bilər. Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanın göstərdiyi xoş məramı düzgün qiymətləndirməli və danışıqlar üçün yaxşı şərait yarada biləcək bu nadir şansı qaçırmamalıdır. Buna görə Prezident Georgi Tseretelini və Büro üzvlərini bu təşəbbüsü dəstəkləməyə və məsələni Assambleyanın əsas siyasi gündəmində saxlamağa çağırıram”.
Azay Quliyev, həmçinin xatırladıb ki, 4 ildir qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına kömək etmək məqsədilə Parlament Assambleyasının demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin sədri xanım Marqareta Kiner Nellenə rəsmi məktubla müraciət edib və məsələyə insan hüquqlarının kobud şəkildə pozulması prizmasından qiymət verməyi xahiş edib.
ATƏT PA-nın prezidenti Georgi Tsereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını bildirib.
Həmçinin Azay Quliyev Milanda Assambleyanın Büro iclasında ATƏT PA-nın Prosedur qaydaları və iş praktikası üzrə alt Komitənin sədri, təşkilatın vitse-prezidenti lord Piter Bounesə məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunduğuna görə təşəkkür edib.
“Trend”in məlumatına görə, A.Quliyev, eyni zamanda Azərbaycanın ərazisində mövcud olan münaqişənin məruzədə “Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasına etirazını bildirib.
A.Quliyev deyib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin adında əhəmiyyətli bir düzəliş etmək kifayət qədər zəruridir: “İki ölkə arasında davam edən münaqişəyə nə siyasi, nə hüquqi, nə də coğrafi baxımdan “Dağlıq Qarabağ münaqişəsi” demək düzgün və anlaşılan deyil. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və Ermənistan bu ərazini və Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan digər 7 ətraf rayonla birlikdə 25 ildir işğal altında saxlayır. Münaqişənin mahiyyətinə görə onu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlandırmaq daha doğrudur. Məhz elə bu səbəbdən münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan liderləri arasında uzun illərdir danışıqlar aparılır. Ona görə xahiş edərdim ki, bu səhv aradan qaldırılsın və ATƏT PA-nın bundan sonrakı sənədlərində münaqişə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kimi qeyd edilsin. Bu düzəliş bir çox sui-istifadələrin və siyasi manipulyasiyaların qarşısını almaq üçün də önəmlidir.”
ATƏT PA-nın prezidenti Corc Sereteli, vitse-prezident Lord Piter Bouness və baş katib Roberto Montello A.Quliyevin iradı ilə razılaşdıqlarını və bundan sonrakı sənədlərdə bu düzəlişi nəzərə alacaqlarını bildiriblər.Daha sonra ATƏT PA-nın prezidenti Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi terminindən istifadə edib.
Milli Məclisin deputatı Elman Nəsirov isə “Azadinform”a açıqlamasında deyib ki, bu gün ATƏT PA Azərbaycanın mövqeyini dəstəkləyir və bunun haqq işi olduğunu bildirir: “Azərbaycanın bu təklifi münaqişənin tənzimlənməsi prosesində bizim mövqe üstünlüyümüzü daha da gücləndirir. Yəni beynəlxalq ictimaiyyət, ATƏT rəhbərliyi bir daha görür ki, Azərbaycan münaqişənin həlli prosesində həm humanizm prinsipləri həm də beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək çox vacib təşəbbüslə çıxış edir. Amma Ermənistan bundan imtina edir. Münaqişənin tənzimlənməsi prosesində Ermənistanın əsl mahiyyəti həm də bununla açılmış olur”.

“Ermənistanda iqtisadi problemlərlə yanaşı, siyasi problemlər də yaşanır”
Bu arada politoloq Arzu Nağıyev SİA-ya açıqlamasında deyib ki, Paşinyan əvvəlcədən yeni ilə qədər seçkilərin keçirilməsi və qələbə qazanmasına çalışırdı. Ermənistan üçün qışın həddindən artıq sərt gələcəyini deyən Arzu Nağıyev bildirib ki, bu gün Ermənistanın həm logistik, həm də iqtisadiyyatla bağlı mövcud problemləri onların builki qışını daha bərbad vəziyyətə gətirib çıxara bilər: “Çünki bu gün Ermənistana gələn hər hansı yük iki dəmir yolu - Gürcüstan və İran xəttindən gələ bilər. Lakin Gürcüstandan daşınmaların da avtomobil yolları vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, bu ölkədə qışla bağlı böyük problemlərin yarandığını deyə bilərik”. Ermənistanda iqtisadi problemlərlə yanaşı, siyasi problemlərin də yaşandığını deyən A.Nağıyev söyləyib ki, düşmən ölkənin bu problemlərlə üzləşməsinin əsas səbəbi onun həm Qərb, həm də Rusiyayönümlü olmasıdır: “Bu cür siyasət həyata keçirmək qeyri-mümkündür. Ermənistan dəfələrlə bəyan edib ki, Rusiya Dağlıq Qarabağ məsələsi həll olunana qədər bizə lazımdır. Hətta ABŞ prezidentinin müşaviri Con Bolton Ermənistanda səfəri zamanı Paşinyana bildirmişdi ki, tarixə vararaq, özünüzün əsiri olmayın. Bu da Ermənistana Azərbaycan və Türkiyə ilə düşmənçilik münasibətində olmamağa bir çağırış idi”.
Politoloq deyib ki, bu gün Ermənistanın böyük strukturlarında gedən yoxlamalar zamanı yeyintilərin olduğu üzə çıxır: “Bundan başqa, Ermənistanın hərbi baxımdan ciddi problemləri var və ən pisi odur ki, Ermənistan belə vəziyyətdə seçkilərə gedir. Bu problemlərin olması Paşinyan tərəfdarlarının azalmasına da səbəb olub. Son mitinqlərdə də bunu görmək mümkündür. Çünki mitinqləri idarə etməklə hakimiyyəti idarə etmək arasında mühüm fərqlər var”.
A.Nağıyev qeyd edib ki, Paşinyan hazırda qubernatorları dəyişmək, müxtəlif vədlər verməklə seçkilərdə nəyin bahasına olursa-olsun, qalib gəlmək istəyir: “Hətta seçkini uduzması ilə bağlı ehtimallar olsa belə, bu, inandırıcı görünmür. Paşinyan birmənalı olaraq qalib gələcək. Amma əsas məsələ bundan sonra baş verəcək proseslərdir”.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
05.12.2018
“Lazerev klubu” MDB çərçivəsində əlaqələrin inkişafına zərbə vurur
04.12.2018
“Ermənistan tərəfi danışıqlar prosesini ləngitmə taktikasını həyata keçirməyə çalışır”
03.12.2018
“Ermənistanda Dağlıq Qarabağ probleminin həllinə ədalətli yanaşmağı bacaran siyasətçi yoxdur”
30.11.2018
Milanda Dağlıq Qarabağ münaqişəsi üzrə predmet müzakirələr aparılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info