“Gənclərin dövlətçiliyə sadiqliyi hər zaman öz təsdiqini tapıb”
Tarix: 11.07.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Elvin Aslanov: “Əgər gənclərimiz tariximizi öyrənsə,
öz mədəni irsini təbliğ etsə və qorusa, o zaman fəxrlə deyə bilərik ki, Azərbaycanın gələcəyi əmin əllərdədir”


Layihə çərçivəsində Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanovla müsahibəni təqdim edirik:

-Elvin müəllim, rəhbəri olduğunuz QHT nə vaxt yaradılıb?
- Rəhbəri olduğum Azərbaycan Tələbələr Birliyi 15 sentyabr 2008-ci ildə yaradılıb və həmin il 24 dekabr tarixində də dövlət qeydiyyatına alınıb. Birliyin yaradılmasında əsas məqsəd tələbələrin vətəndaş cəmiyyətinin inkişafındakı rolunu artırmaqdan ibarətdir. Birlik tələbələrin təhsil, sosial, mədəni və iqtisadi maraqlarını müdafiə edir. Bundan başqa biz ilk dəfə olaraq Azərbaycanda dinindən, irqindən, milliyyətindən, cinsindən asılı olmayaraq bütün tələbələri birləşdirməyi hədəfləyən ilk tələbə təşkilatıyıq.
Azərbaycan Tələbələr Birliyinin fəaliyyət istiqaməti əsas olaraq təhsil və tələbələrdir. Biz daha çox ali təhsil və tələbələr sahəsində fokus olaraq çalışmaqdayıq.
- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?
- Bu suala cavab verərkən ümummilli lider Heydər Əliyevin sözlərini xatırlamamaq olmur. Heydər Əliyev düzgün qeyd edib: “Təhsil millətin gələcəyidir”. Məncə, bir dövlətdə hər bir sahəni müəyyən müddətdə formalaşdırmaq olar, yalnız təhsil sistemini bir neçə ilə formalaşdırmaq mümkün deyil. Bunun üçün hər bir dövlətdə ən əsas prioritet gələcək nəslin düzgün və lazımi təhsil almasını təmin etməkdir. Hər bir sahənin idarəetməsində səhv buraxıla bilər və müəyyən müddətdən sonra həmin səhvlər aradan qaldırıla bilər. Yalnız təhsildə buraxılan səhvlər nəinki qısa müddətdə aradan qaldırıla bilmir, hətta həmin səhvlərin fəsadları uzun müddət cəmiyyətin üzərində hiss olunur. Məhz bunun üçün qeyd edə bilərik ki, təhsil və elm cəmiyyətin, ölkənin ümumi inkişafını təmin edən əsas faktordur. Digər ölkələrin inkişaf tarixlərinə diqqət yetirsək, görərik ki, həmin ölkələrin inkişaflarını sürətləndirən əsas faktor yüksək biliklərə yiyələnən gənc nəsil olub. Misal olaraq Yaponiya, Cənubi Koreya göstərilə bilər. Bu mənada Azərbaycanda da verilən qərarların çox düzgün olduğunu qeyd etmək istəyirəm. Belə ki, Azərbaycanda olan neft gəlirlərinin məktəb, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsinə, azərbaycanlı tələbələrin xaricdə təhsil almasına yönləndirilməsi özlüyündə böyük bir qərardır. Çünki hər birimizə aydındır ki, bu ölkənin gələcəyini sağlam və təhsilli gəncliklə qurmaq olar. Məhz bu baxımdan Azərbaycan dövlətinin fəaliyyətləri tam təqdirəlayiqdir.
- Gənclərin Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə və mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz?
- Bilirsiniz ki, yaşadığımız dövr qloballaşma dövrüdür. Qloballaşma sərhədlərin götürüldüyü, milli kimliklərin yox olduğu bir prosesdir. Amma bu prosesin olduğu bir vaxtda ən xoşbəxt gənclik Azərbaycan gəncliyi olmalıdır. Çünki Azərbaycan gəncliyinin söykənəcəyi qədim tarix, bəşəri faktlara söykənən milli mədəniyyət, dövlətçilik ənənələri var. Məhz bu faktorlar qloballaşan dünyada çox da böyük olmayan Azərbaycan adlı ölkənin gəncliyinin dayaq olaraq istifadə edəcəyi faktorlardır. Əgər gəncliyimiz Azərbaycan tarixini, ən əsası isə müasir Azərbaycan tarixini, daha dəqiq isə Qarabağ tarixini öyrənsə, hər hansı siyasi fikrindən, baxışlarından asılı olmayaraq öz dövlətinə sadiq olsa, dünyanın hər bir yerində öz mədəni irsini təbliğ etsə və qorusa, o zaman fəxrlə deyə bilərik ki, Azərbaycanın gələcəyi əmin əllərdədir. Məhz sağlam gənclik fəlsəfəsi də məncə, buna söykənməlidir.
Mənim fikrim bundan ibarətdir ki, hansı peşəyə yiyələnməsindən asılı olmayaraq Azərbaycan gəncliyi Azərbaycan tarixini bilməyə borcludur. Hər bir gənc Azərbaycan torpaqlarının işğalı ilə bağlı faktları əzbər bilməlidir. Bu həm istənilən halda və istənilən yerdə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün əhəmiyyətlidir, həm də bu gənclər gələcəyin valideynləri olduğundan, gələcək nəsillərin bu barədə məlumat alması baxımından önəmlidir.
Dövlətçilik ənənələri baxımından etiraf etmək lazımdır ki, Azərbaycanda müasir və dünyəvi prinsiplərə söykənən dövlətçilik ənənələri 1993-cü ildən sonra, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra formalaşmağa başlayıb. Məhz o dövrdən sonra formalaşan dövlətçiliyimiz artıq inkişaf mərhələsindədir. Təbii ki, gənclərin dövlətçiliyə sadiqliyi, yəni, hər hansı maraq güdmədən Azərbaycanın dövlət maraqlarına sədaqəti hər zaman öz təsdiqini tapıb. Bu, son dövrlərdə Azərbaycana qarşı edilən bəzi xarici qüvvələrin hücumlarına gənclərin necə cavab verməsi ilə bir daha sübut olundu. Əminəm ki, gələcəkdə də möhkəmlənən dövlətçiliyimizin əsas keşikçiləri Azərbaycan gəncləri olacaq.
- Elm və təhsilin inkişafı istiqamətində hansı layihələr keçiribsiniz?
- Bizim demək olar ki, hər il Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” proqramı ilə birgə layihələrimiz olur. Layihələrimizin çox hissəsi qeyd etdiyim kimi, ali təhsil və tələbələr istiqamətindədir. Son illərdə həyata keçirdiyimiz layihələrə misal olaraq “Ali təhsildə qeyri-formal üsulların tətbiqinə dəstək”, “Bərabər təhsil imkanları-müxtəlif bacarıqlar”, “Tələbələrin inkişafında qeyri-formal təhsilin rolunun artırılması”, “Azərbaycanda Bolonya prosesinin tətbiqinə ictimai dəstək” kimi layihələri göstərmək olar. Bunlar həyata keçirdiyimiz layihələrin sadəcə bir hissəsidir. Biz elm və təhsilimizin Avropa təhsil məkanına inteqrasiyasını sürətləndirmək, problemlərin həlli üçün real təkliflər hazırlamaq, təhsilin idarəolunması prosesində tələbələrin iştirakını artırmaq məqsədilə çoxlu fəaliyyətlər etmişik. Bu fəaliyyətlər indi də davam etməkdədir. Əsas məqsədimiz təhsil, daha dəqiq desək, ali təhsilin müasirləşməsi və inkişafı prosesinə lazımi dəstəyi verə bilməkdir. Bunun üçün Azərbaycan Tələbələr Birliyi üzv olduğu beynəlxalq təşkilatların təcrübəsindən də istifadə edir. Belə ki, Azərbaycan Tələbələr Birliyi tamhüquqlu üzv olduğu Avropa Tələbələr Birliyi və assosiativ üzv olduğu İAESTE təşkilatının digər ölkələrdən olan üzvləri ilə daim kontaktdadır və onların müsbət təcrübələrindən yararlanır. Bu da Azərbaycan Tələbələr Birliyinin həyata keçirdiyi fəaliyyətlərə əlavə güc qatmaqdadır.
- Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?
- Qeyd etdiyim kimi, Azərbaycan Tələbələr Birliyinin layihələrinin əsas tərəfdaşları Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondudur. Məhz bu dövlət qurumları və müxtəlif layihələr çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı, Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası və digər QHT-lərlə sıx əməkdaşlıq edirik. Məhz buna görə də Azərbaycan Tələbələr Birliyi olaraq fəxrlə deyə bilərik ki, həm dövlət qurumları, həm QHT sektoru üzvləri ilə əlaqələrimiz ən yüksək səviyyədədir.
- Gənc nəslin elm və təhsilini artırmağa marağı necədir?
- Gənc nəslin elm və təhsilə marağı lazımi səviyyədədir. Amma əsas nəticədir. Biz kəmiyyət baxımından hamının ali təhsil alması prinsipi ilə yanaşmamalıyıq, bizim üçün əsas təhsilin keyfiyyəti olmalıdır. Azərbaycana hər bir sahədə kadrlar lazımdır. Ona görə biz həm ali, həm də peşə təhsilinin inkişafını təmin etməli və gənclərin öz istəklərinə, əmək bazarının tələblərinə uyğun olaraq həm ali, həm də peşə təhsilinə yönləndirilməsini stimullaşdırmalıyıq.
- Tələbələr və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?
- Təhsil kompleks yanaşma tələb edən sahə olduğu üçün burada məktəbəqədər, məktəb, ali təhsil bir kompleks olaraq ələ alınmalı və idarə edilməlidir. Məhz o zaman daha intellektual gənclik yetişə bilər. Mən bu fikri ona görə qeyd edirəm ki, məktəbə qədər yaxşı tərbiyə görməmiş uşaq məktəbdə yaxşı təhsil ala bilməz, məktəbdə yaxşı təhsil ala bilməyən şagird universitetdə yaxşı tələbə ola bilməz, yaxşı tələbə olmayan isə yaxşı mütəxəssis ola bilməz. Təbiidir ki, hər zaman istisnalar var. Amma intellektual və savadlı gənclik kompleks yanaşma ilə yetişdirilə bilər.
Bundan başqa gənclərin şəxsi inkişafını təmin edəcək kitabxanalar, ictimai təşkilatlar, televiziya və radio proqramları və s. də prosesin əsas tərkib hissəsi olmalıdır. Bütün bunlar nəzərə alındığı zaman daha güclü gələcək olan gəncliyi görə biləcəyik.
- Perspektivdə hansı layihələr gözlənilir?
- Biz Azərbaycan Tələbələr Birliyi olaraq layihələrimizi əsas üç istiqamətdə həyata keçiririk: ali təhsil və tələbə problemlərinin aşkarlanması və həlli yolları, tələbələrin istəklərinin qarşılanması, təhsil və tələbələrimizin beynəlxalq arenada təmsil olunması. Siz Azərbaycan Tələbələr Birliyinin bir il ərzində həyata keçirdiyi layihələrə diqqət yetirsəniz, görərsiniz ki, hər üç istiqamətdə birliyimiz layihələr həyata keçirir. Məhz bu baxımdan deyə bilərik ki, perspektiv layihələrimiz tələbələrimizin istəklərini qarşılayacaq, təhsil və tələbə problemlərimizin həllinə dəstək verəcək və tələbələrimizi beynəlxalq arenada təmsil edəcək layihələr olacaq.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info