Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
Tarix: 11.12.2018 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Dekabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının VIII plenumu keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət nümayəndələri, veteranlar, şəhər və rayon veteran təşkilatlarının sədrləri iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın builki fəaliyyətinin yekunları, 2019-cu il üçün tədbirlər planı və cari məsələlər müzakirə olunacaq.
Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulayıb ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Təşkilatın keçirdiyi tədbirlər barədə məlumat verən C.Xəlilov bildirib ki, qurum gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün yerli və beynəlxalq səviyyəli çoxsaylı ictimai-siyasi, mədəni-kütləvi mühüm tədbirlər təşkil edib. Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının, Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illik, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyləri və digər tədbirlər təşkilatın mərkəzi aparatında və müxtəlif qurumlarda yüksək səviyyədə qeyd edilib. Qurumun beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə MDB dövlətlərinin veteran təşkilatları ilə iş gücləndirilib. Veteranlarımız apreldə keçirilmiş Prezident seçkilərində fəal iştirak edib və özlərinin layiqli namizədi İlham Əliyevi yekdilliklə dəstəkləyiblər. İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ilə əlaqədar dövlət orqanlarında, ictimai təşkilatlarda, təhsil ocaqlarında, hərbi hissələrdə veteranlarla görüşlər olub.
Oktyabrda Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi Dünya Veteranları Federasiyasının prezidentinin iştirakı ilə təntənəli şəkildə müxtəlif tədbirlərlə qeyd edilib. Tədbirlərdə ölkəmizdə dövlətin veteranlara qayğısı, Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan silahli qüvvələri tərəfindən işğal olunması, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanması ilə bağlı qəbul etdiyi dörd qətnamənin təcavüzkar dövlət tərəfindən yerinə yetirilməməsi barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb.
Hesabat dövründə təşkilatın Rəyasət Heyətinin iclaslarında veteranların sosial müdafiəsi məsələsi müzakirə olunub, onlara kömək göstərilib. Ötən müddətdə təşkilata veteranlardan daxil olmuş 200-dən çox müraciətlə bağlı müvafiq qurumlara məktublar göndərilib, itkin düşmüş müharibə iştirakçılarının axtarışı davam etdirilib.
Bu il də respublikanın şəhər və rayonlarında yaşayan müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının sayı dəqiqləşdirilib. Məlumatlara görə, 2018-ci ilin noyabrınadək İkinci Dünya müharibəsi iştirakçılarının sayı 540 nəfərdir. Onlardan on nəfərinin yaşı 100-dən çoxdur.
Azərbaycan dövləti tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışan C.Xəlilov deyib ki, hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onların problemləri ilə maraqlanır. İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləğinin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı fərman və sərəncamlar bu sahəyə dövlət qayğısının bariz nümunələridir. Respublika Veteranlar Təşkilatı bu qayğını yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır.
Plenumda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Respublika Veteranlar Təşkilatı ölkəmizin ictimai-siyasi həyatında fəallığı və səmərəli fəaliyyəti ilə seçilir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti hərtərəfli dəstəkləyirlər.
Bu ilin ölkə həyatında bir çox mühüm hadisələrlə zəngin olduğunu vurğulayan Ə.Mehdiyev veteranlarımızın bu tədbirlərdə yüksək fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırıb. Veteranların böyük döyüş və mənalı həyat yolu keçərək zəngin təcrübə qazandıqlarını qeyd edən şöbə müdirinin müavini bildirib ki, buna görə də onlara cəmiyyətin ağsaqqalı, müdrik sözü, qəti və aydın mövqeyi olan insanlar kimi hörmət və ehtiram göstərilir. Bu baxımdan veteranların ictimai-siyasi proseslərdə rolu çox böyükdür. Onlar həmişə cəmiyyətdə öndə gedərək aydın şəkildə qəti vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. Azərbaycan dövləti də həmişə veteranlara yüksək diqqət və qayğı göstərir. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri veteranların qayğı ilə əhatə olunması, onların fəaliyyətinin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsidir. Bu gün Respublika Veteranlar Təşkilatının fəaliyyəti üçün yaradılan şərait bütün bunları aydın şəkildə sübut edir.
Bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileylərinin yüksək səviyyədə qeyd olunduğunu deyən Ə.Mehdiyev vurğulayıb ki, müxtəlif vaxtlarda Azərbaycan Silahlı Qüvvələrində xidmət edən veteranlarımız ordumuzun xalqımız və dövlətimiz qarşısında vəzifə borcunu yerinə yetirməsi, onun təhlükəsizliyinin qorunması, əmin-amanlığının təmin olunması işinə bu gün öz töhfələrini verirlər. Veteranlarımız indi də bu işin öhdəsindən gəlmək əzmi ilə çalışır, qarşıda duran əsas vəzifənin - işğal altındakı ərazilərimizin azad olunması istiqamətində istər orduda, istərsə də cəmiyyətdə hərbi-vətənpərvərlik ruhunun artırılması işində fəal iştirak edirlər.
Naxçıvan Muxtar Respublikası Veteranlar Təşkilatının sədri Firudin Süleymanov, Şəki rayon veteranlar təşkilatının sədri Mustafa Əhmədov, Gəncə şəhər veteranlar təşkilatının sədri Yusif Məmmədov və digərləri hesabat dövründə görülən işlərdən danışıblar.
Çıxış edənlər, eləcə də Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, professor Bəhram Zahidov, Təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədr müavini Salman Babayev və başqaları Respublika Veteranlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Natiqlər yeniyetmə və gənclərimizin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində, veteran hərəkatının inkişafında, cəmiyyətimizin həyatında mühüm rol oynayan Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətini qeyd edib, qarşıda duran vəzifələrdən danışıblar. Plenumun iştirakçıları Respublika Veteranlar Təşkilatının hər zaman dövlətin yanında olduğunu, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onu dəstəklədiklərini bildiriblər.
Daha sonra C.Xəlilov gündəlikdəki ikinci məsələ olan Respublika Veteranlar Təşkilatının 2019-cu il üçün tədbirlər planı barədə məlumat verib.
Plenumda müzakirəyə çıxarılan məsələlər, o cümlədən Respublika Veteranlar Təşkilatının tədbirlər planı, habelə qurumun hesabat dövründəki fəaliyyətinin yekunları səsə qoyularaq qənaətbəxş hesab edilib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info