Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi
Tarix: 12.12.2018 | Saat: 09:33:00 | E-mail | Çapa göndər


Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.
Ulu öndər Heydər Əliyevin vəfatından ötən 15 ildə həyatımız büsbütün dəyişib. Azərbaycan 15 il əvvəlki Azərbaycan deyil. Baş verən inkişaf ildən-ilə gözəlləşən Bakının və regionlarımızın simasında aydın görünür. Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə qlobal layihələr həyata keçirilir, əfsanələr reallığa çevrilir. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi...

Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb, azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bu möhtəşəm, dünyanı heyran qoyan uğurların əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
1990-cı illərdə çox ağır, böhranlı vəziyyətə düçar olmuş xalq ötüb keçənləri unutmayıb və xilasına görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramın parlaq ifadəsi kimi diqqət çəkir.


Vətənə və xalqa bağışlanmış ömür

Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində dönməz xarakter alıb.
Daha qlobal miqyasda baxılarsa, Heydər Əliyev sağlığında əfsanələşmiş, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biri idi. Dünyanın məşhur simaları Heydər Əliyev barəsində bu gün də heyranlıqla, böyük ehtiramla danışır, onu siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik şəxsiyyət adlandırırlar.
Bu böyük insan təlatümlər, çətin sınaqlar, aramsız mübarizələrlə dolu bir həyat yaşayıb. Elə bir həyat ki, nə zaman, nə də məkan anlayışına sığmır. O, bütün mübarizələrdən qalib çıxıb. Heydər Əliyev ömrü insan iradəsinin yenilməzliyinə parlaq nümunədir. Bu böyük, sözün əsl mənasında, Vətənə və xalqa bağışlanmış ömrün ayrı-ayrı məqamları, tarixi anları fotoşəkillərdə yaşayır.
AZƏRTAC-ın arxivindəki fotolardan nurlu, bəzən təbəssümlü, bəzən qayğılı və düşüncəli doğma sima boylanır. Bu tarixi fotolar bizi ötən günlərə qaytarır: baxıb təsirlənirik, baxıb xatirələrə dalırıq...


Azərbaycan intibahının müəllifi və yol göstərən mayak

1969-cu ilin iyulu... Bu təqvimin Azərbaycan tarixində xüsusi yeri var. Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev birinci katib seçildi. Bununla da SSRİ-nin geridə qalmış ucqarlarından biri olan Azərbaycanın tarixində yeni bir dövr başladı. Yeni birinci katib ətalət və durğunluq buzunu sındırdı, həyat ritmini dəyişdirdi. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, “Gülüstan” sarayı, indiki Heydər Əliyev sarayı kimi yaraşıqlı binalar tikildi. Yeni Əhmədli, Günəşli yaşayış massivlərinin, mikrorayonların salınması əhalinin mənzil probleminin həllinə yol açdı. Eyni zamanda, kənd təsərrüfatı dirçəldildi, pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Buna adekvat olaraq, kənd əhalisinin güzəranı yaxşılaşdı.
Bu illər haqlı olaraq, Azərbaycanın intibah dövrü adlandırılır. Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayakdır.
Heydər Əliyev bu gün də yaşayan ənənənin əsasını qoydu. O, bölgələrə müntəzəm səfərlər edir, insanlarla görüşür, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı.Fotolar özündə həmin anları yaşadır, bizi xəyalən o illərə qaytarır.

Xalqın qürur və iftixar mənbəyi
Heydər Əliyev xalqın qürur və iftixar mənbəyidir. O, SSRİ-in əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmişdi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Bu hadisələr Azərbaycanda əsil bayram əhval-ruhiyyəsi yaratmışdı, insanlar bir-birilərinə gözaydınlığı verir, sevinc hisslərini bölüşürdülər. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici idi.
Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi təbii ki, Azərbaycanın xeyrinə işlədi. Onun bir əli Vətənin üstündə idi. Heydər Əliyev öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.
Moskvada olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini getdikcə artırır, bu şöhrət SSRİ hüdudlarını aşırdı. Bu, imperiyanın bəzi rəhbərlərini qıcıqlandırır, onlarda həsəd və paxıllıq hissləri yaradırdı.
Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. O, ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyir ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.
Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycana qayıtdı. Ölkənin siyasi rəhbərliyi onun xalq arasında nüfuzundan qorxur, Bakıya yolunu hər vəchlə kəsməyə çalışırdı. Bu səbəbdən doğulub boya-başa çatdığı Naxçıvana getdi. Həmin vaxt çəkilmiş fotoşəkillərdə Ulu Öndərin Naxçıvan həyatının bəzi məqamları əksini tapıb
Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız ilk dəfə məhz Naxçıvanda ucaldıldı, Yeni Azərbaycan Partiyasının təməli burada qoyuldu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar, atılan addımlar Azərbaycanın gələcək taleyində həlledici rol oynadı.
Bu böyük siyasətçinin şəxsi nüfuzu sonradan müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin beynəlxalq arenaya inamla çıxmasını şərtləndirdi. Onu dünyanın hər yerində hörmətlə qarşılayır, sözünü eşidirdilər. Həmin xarici səfərlər və dünya liderləri ilə görüşlər zamanı çəkilmiş fotolara bir daha nəzər salmaq yerinə düşər.


Heydər Əliyev “Əsrin müqaviləsi” ilə Azərbaycanın inkişafının başlanğıcını qoydu

Dövlət müstəqilliyinin bərpasının olduqca ağır keçən ilk illəri yada düşür. Ölkədə görünməmiş xaos və anarxiya hökm sürürdü. İqtidarın səriştəsizliyi, hakimiyyət uğrunda çəkişmələr Azərbaycanı uçuruma sürükləyirdi. 1993-cü ilin yayında siyasi və iqtisadi böhran kulminasiya nöqtəsinə çatdı. Yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalq gözünü Naxçıvana, Heydər Əliyevə dikmişdi. Hamı belə bir yekdil fikirdə idi ki, ölkəni fəlakətdən yalnız bu müdrik insan qurtara bilər.
Azərbaycan xalqı, xüsusən ziyalılar onu təkidlə Bakıya, siyasi rəhbərliyə dəvət edirdi. Heydər Əliyev gəldi və xilaskarlıq missiyasını cəsarətlə üzərinə götürdü. Bu qayıdış Azərbaycan tarixinə həmişəlik yazılmış hadisələrdən biridir. Ulu Öndər uzaqgörən siyasəti, güclü iradəsi sayəsində Azərbaycanı siyasi fırtınalardan salamat çıxararaq, sakit limana gətirə bildi. Separatçılıq meyillərinin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı, ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Müdrik siyasətçi və dövlət xadimi olan Heydər Əliyev onu da yaxşı bilirdi ki, yaşanan dərin sosial-iqtisadi böhrandan yeganə çıxış yolu neftdir. Dənizin dibindəki nefti isə Azərbaycan təkbaşına çıxara bilməzdi. Bəs ölkədə siyasi-ictimai sabitliyin hələ çox kövrək olduğu bir vaxtda xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoymaq istəyəcəklərmi? Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandırmağı bacardı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu.
Bu müqavilədən əldə olunan ilk neftin Ulu Öndərdə necə böyük sevinc hissi doğurduğu o vaxt çəkilmiş fotoşəkildə aydın görünür. Baxın, onun gözləri gülür, əlini neftə batıraraq üzünə çəkir...
Sonra üç dəniz əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. Halbuki çoxları bu layihələri xəyal hesab edirdi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Ulu Öndər sosial-iqtisadi siyasətdə köklü dəyişikliklərlə eyni vaxtda nizami ordu yaradılması istiqamətində də aramsız səylər göstərirdi. Onun cəbhə bölgələrinə səfərləri, ön xətdə əsgərlərlə görüşləri böyük ruh yüksəkliyi yaradır, düşmən hücumlarının qarşısının alınmasına vəsilə olurdu.
Fotoşəkillər bizi bir daha həmin günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamlarını göz önündə canlandırır.

Heydər Əliyevin ailə ocağı
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsidir. Ulu Öndər həyatının son günlərində xalqa müraciətində yazırdı: Mən İlham Əliyevə özüm qədər inanıram. Əminliklə bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq.
O vaxtdan ötən 15 ilin möhtəşəm uğur salnaməsi Ulu Öndərin öz inamında yanılmadığının əyani təsdiqidir. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə güclü dəstək verir və onun arxasınca inamla gedir. Xalq-iqtidar birliyi Azərbaycanı yeni zəfərlərə doğru aparır.
Heydər Əliyevin portret cizgilərini onun ailəyə münasibəti tamamlayır. Gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb, istirahət nə olduğunu bilməyib. Bu qədər iş-gücün qabağında ailəsinə necə vaxt ayırırdı? Buna fotoşəkillər şahidlik edir. Baxın, Heydər Əliyev ailə üzvləri arasında, övladlarının, nəvələrinin əhatəsindədir.

Bu tarixi fotolar dil açaraq Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba olduğundan xəbər verir. Oğlunun və qızının gözündə o, dünyanın ən yaxşı atası, nəvələrinin gözündə dünyanın ən yaxşı babası idi. Nəvəsi Leyla “Elegiya” şeirində babasını dağa bənzədir:
Dağ idin, çiynimi dağlara verdim,
Dağların dərdini çəksə, dağ çəkər,
Sənə məhəbbətim dağlar qədərdi,
Yerini dağlardan soruşum bəlkə?..


Yəqin razılaşarsınız ki, doğma və əziz insanın itkisindən doğan kədəri bəlkə də heç bir şair bu qədər səmimi ifadə edə bilməz.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə idi”
05.09.2019
Prezident “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib
26.08.2019
Bibiheybət ziyarətgahında Azərbaycanın Birinci vitse-prezidentinə Qurani-Kərim hədiyyə olunub
09.07.2019
Prezidentin Donald Tuskla təkbətək görüşü olub- YENİLƏNİB
15.06.2019
Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info