“Kinonu inkişaf etdirmək üçün fondlar yaradılmalıdır”
Tarix: 13.07.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Təəssüf edirəm ki, Azərbaycanda bu günə qədər də prodüseri sovet sistemində olduğu kimi film direktorları kimi qəbul edirlər”

Layihə çərçivəsində müsahibimiz hazırda Kazanda yaşayan, “Yeni dalğa” prodüser mərkəzinin sədri, prodüser Rasim Həsənovdur:

-Mən Sankt-Peterburq Dövlət Kino və Televiziya Universitetində Səs texnikası ixtisası üzrə təhsil almışam. Kinonun bütün texnologiyasını: film çəkilişi, çəkiliş avadanlığı, laboratoriya işləri, səs texnologiyası və s. nüanslarını məhz orada öyrənmişəm. Böyük kinoya gəlişim kinoya olan sevgimdən irəli gəlir. Azərbaycanda ilk prodüser mərkəzi kimi fəaliyyətə başlayan “Yeni dalğa”nın əsası 2003-cü ildə qoyulub. Bir sıra maraqlı layihələrə imza atan mərkəz dövlətdən sifariş alan ilk prodüser mərkəzi idi. Bu iş birliyindən “Cavid ömrü” filmi çəkildi. Ən parlaq işlərimdən biri 2005-ci ildə lentə alınan “Keçid” qısametrajlı film bir çox kinofestivallardan mükafatlarla qayıdıb. Azərbaycanda 23 il qaldım. Mən universiteti bitirib Bakıya kino çəkmək ümidi ilə gəldim və həmin illərdə bir neçə adam kinonun dirçəlməsi uğrunda mübarizə aparırdı. Onlar Şamil Nəcəfzadə, Nizami Abbas, Yavər Rzayev, Ayaz Salayev, Vaqif Mustafayev, Cəmil Quliyev, Nəriman Əbdülrəhmanlı və s. O vaxt bizə gənc kinematoqrafçılar deyirdilər. İçərimizdən əksəriyyəti Moskvada oxumuşdu və görürdük ki, Azərbaycanda kino sahəsində heç nə yerində deyil. Ona görə də çalışırdıq ki, kinonu düzgün istiqamətdə inkişaf etdirək. Amma mümkün olmadı. Bizim nəsil çox çalışdı və mən hətta prodüser kimi təhsilimi artırmaq üçün İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə 2002-2004-cü illərdə Cənubi Qafqazda keçirilən “Avanti” layihəsində iştirak etdim. Avropalı prodüserlərdən aldığım təhsildən sonra başa düşdüm ki, əsl prodüser necə olmalıdır. Prodüser sözü bizim başa düşdüyümüzdən çox fərqli anlayışdır.
- Bu prosesmi sizin “Yeni dalğa” prodüser mərkəzini yaratmağınıza şərait yaratdı?
-Bəli, “Avanti” proqramının davamı olaraq “Regional sxem” adlanan proyektdə isveçrəlilərlə birgə Cənubi Qafqazda kino sahəsində olan problemləri aradan qaldırmaq istiqamətində çalışırdıq. Əksəriyyəti deyirdi ki, bizim ölkədə ən böyük problem maliyyənin çatışmazlığıdır. Avropalılar deyirdi ki, onlarda maliyyə var, əgər siz öz layihələrinizlə bizləri maraqlandıra bilsəniz, asanlıqla maliyyə tapa bilərsiniz. Avadanlıq məsələsini də həll etmək olar, bircə müasir səs avadanlığından başqa. Avropa üçün bu, ciddi məsələdir, çünki dünyada onillərdir ki, bütün kino nümayişləri stereo səs formatında həyata keçirilir. Məhz bu səbəbə görə Azərbaycanda çəkilən tammetrajlı filmlərin heç birini xaricdə nümayiş etdirmək mümkün deyil (İstisna “Nərimanfilm” prodüser kompaniyasının “Şöbə” filmidir). Bu texnologiya ilə çəkiliş zamanı bütün mütəxəssislərdən, o cümlədən aktyorlardan fərqli peşəkarlıq tələb olunur.
- Həmin proqramda sizin prodüseri olduğunuz və sizin qalib gəldiyiniz bir neçə layihənin sonrakı taleyi necə oldu?
-Prodüser olaraq “Avanti”də üç layihəm qalib gəlmişdi: Mirsadıq Ağazadənin “Günəşin düşmənləri” indiyə kimi çəkilməyib. İkincisi Mirbala Səlimlinin “Qırmızı bağ” ssenarisi, hazırda mənsiz çəkilir. Üçüncüsü isə gürcü qız-Rusudan Çikoniyanın “Gürcü anası” ssenarisi idi. “Avanti” şərtlərinə görə, qalib gələn layihələrə formal olaraq 50 min dollar maliyyə ayrılırdı. Qalan maliyyəni isə layihənin prodüserləri özləri tapmalı idilər. Mən gürcü rejissorunun ssenarisinə daha çox ümid bəslədiyimdən ilk başda bütün gücümü o layihəni reallaşdırmağa sərf etdim. Rejissor gənc xanım idi. Layihə üçün maliyyəni tapmışdım, amma sonra xanım filmin prodüserliyini öz üzərinə götürmək istədi və mənə sadəcə film direktorluğunu təklif etdi. Mən də razı olmadım və layihədən vaz keçdim. Mən layihədən kənara çəkilincə “Avanti” də o filmə maliyyə ayırmadı. Film yalnız ötən il çəkildi, xüsusi uğurla fərqlənmədi. Halbuki, mən onu 2005-ci ildə çəkə bilərdim və birbaşa Kann festivalına gedəcəkdi. Mirbalanın ssenarisinə gəldikdə, finalı məni qane etmirdi. Ssenari təsirli idi, ona görə finalında daha da təsirli olmalı idi. Amma o versiyada ssenarinin sonunda emosional xətt aşağı düşürdü. Bildiyim qədər Mirbala ssenarini elə o formada da çəkdi. Düşünürəm ki, film ən sadə və yaxşı filmlərdən biri ola bilər. Qaldı ki, Mirsadıqla işbirliyimizə, o da bir az özünü gürcü rejissoru kimi apardı və bu səbəbdən də işbirliyimiz alınmadı. Amma indi bizim aramızda çox yaxşı münasibət var. Müqaviləyə əsasən, 3 il layihələrin çəkiliş hüququ mənim idi, o müddət başa çatandan sonra bütün hüquqlar rejissorlara qaytarılırdı. “Avanti”də mənim müəllimim almaniyalı prodüser Martin Hageman idi. Onunla çox tez-tez söhbətləşirdik. Martinə də təxmini belə bir sual vermişdim. Bilmək istəyirdim ki, Almaniyada prodüserlə rejissor arasında münasibət necə qurulub? O dedi ki, Almaniyada da 60-cı illərə qədər rejissorlar özlərini həm də prodüser sayırdılar. Amma sonra düşündülər ki, bu optimal deyil, rejissorun və prodüserin fərqli işləri var. Prodüserin işi heç də üzdə görünən qədər deyil. Prodüser çox şey etməlidir. O cümlədən də filmi çəkərkən tamaşaçının istiqamətini düzgün təyin etməli, filmin satılması üçün çalışmalıdır. Çünki kino beynəlxalq biznes, beynəlxalq incəsənət növüdür. “Beynəlxalq” sözünü kinonun inkişafından çıxarmaq olmaz. Kino həm də iqtisadiyyatdır. Unutmaq lazım deyil ki, kino incəsənət növü kimi deyil, məhz əyləncənin bir növü kimi yaranıb. Təəssüf edirəm ki, Azərbaycanda bu günə kimi də prodüseri sovet sistemində olduğu kimi film direktorları kimi qəbul edirlər.
- Sizcə bu, bir qədər də prodüserlərin günahı deyilmi?
- Sözsüz, ondan ötrü də bilik, savad lazımdır. Prodüser ilk növbədə layihələrin hamısına qiymət verməyi bacarmalıdır. Bütün Hollivud prodüserləri ildə 60 000 ssenari oxuyurlar, amma cəmi 600-700 film çəkilir. Əslində, düz deyirsiniz, prodüserlər gərək özlərini elə aparsınlar ki, rejissorlar prodüserin böyük qüvvə olduğunu anlasınlar və onun arxasınca getsinlər. Prodüser öz pulunu yalnız layihənin hazırlanmasına xərcləyə bilər. Çünki onun ilk işi ideya və ya ssenari seçib, layihəni hazırlamaqdır ki, maliyyələşmək üçün həmin layihəni investora təqdim edə bilsin. Bütün layihələrin hazırlanmasına ciddi xərc tələb olunur. Məsələn, “Həcc” ssenarisini 5 xarici dildə tərcümə etdirmişəm, onunla bağlı hər didə bukletlər hazırlamışam, xarici prodüserlərə və investorlara şəxsən təqdimatlarını etmişəm. Tərcümənin hər səhifəsinin qiyməti 10-15 manatdır. Ssenarinin həcmi 70-120 səhifə olur. Proyektlərin və bukletlərin hazırlanması üçün istedadlı dizaynerləri cəlb etmək lazımdır. Aylıq ofis xərcləri və maaşlar ödənilməlidir. Maraqlananlar hesablasınlar. Amma istehsala prodüser heç vaxt səxsi pulunu qoymamalıdır. Səbəbi çox sadədir: Hollivud dünyanın ən böyük kino istehsalı ilə məşğul olan mərkəzdir, amma orada ildə çəkilən filmlərin 80 faizi özünü doğrultmur. Yəni, prodüser istehsala pul qoysa, o ən azı 80% əminliklə iflasa uğrayacaq. Hollivud filmlərinin yalnız 5 faizi o qədər gəlirli olur ki, yerdə qalan zərəri ödəyə bilir. Xaricdə investor tapmaq asandır, çünki orada çoxsaylı kino fondlar fəaliyyət göstərir. Onlarla bir didə danışmağı öyrənmək lazımdır. 2007-ci ildə mənim ofisimdə kriminal hadisə baş verdi. Ssenaristlərlə bağlanan birinci müqavilələrin hamısı bir qovluqda toplanıb, ofisdə saxlanılırdı. Həmin müqavilələrə əsasən, ssenarist qarşılıqlı razılaşma əsasında, müəlliflik hüququ hər zaman özündə qalmaq şərti ilə uzun müddətə mülki hüquqlarını prodüserə verir. Bir gün müqavilələr olan qovluq itdi. Əslində bu xaricdə elə də böyük hadisə deyil, çünki prodüser istənilən vaxt ssenaristdən müqavilənin surətini götürə bilər. Mənim vəziyyətimdə isə elə alındı ki, ssenarist özü birbaşa bəzi qurumlarla əlaqə əldə etdi. Halbuki, həmin ssenariləri daha öncələrdə mən həmin qurumlara təqdim etmişdim. Uşaqdan tutmuş böyüyə kimi hamı bilirdi ki, bu proyektləri mən hazırlamışam. Amma məni təəccübləndirən başqa məsələ idi. Onlar heç bir saniyədə düşünmədilər ki, mən bu layihələrə külli miqdarda maliyyə xərcləmişəm. Bu pullar ailəmin büdcəsindən götürülmüşdü.
- Bəs həmin ssenarilər əsasında çəkilən filmləri bəyəndinizmi?
-Bəyənmədim. “Həcc”in ideyası dəyişdirilmişdi, “İlahi məxluq”da da çox böyük səhvlər var idi, ən əsası isə bütün istiqamətlərdə səriştəsizlik idi. Onu da bilirəm ki, bu ssenarilərin yaxşı film kimi çəkilməsi rejissordan tam asılı deyildi.
- Bizdə kinonu daha da inkişaf etdirmək üçün mütəxəssis kimi hansı təkliflər irəli sürərdiniz?
- Bunun üçün prodüser institutunu, kino biznesini formalaşdırmaq, kino proyektlərinin Avropada qəbul edilmiş qaydada təqdimatını, maliyyələşmə sistemini düzgün qurmaq lazımdır. Yəni, kino fondları yaradılmalıdır. Bütün kino mütəxəssislərinə mütəmadi olaraq müasir bilgiləri almaq üçün treninqlər təşkil etmək, onların beynəlxaq kinofestivallarda iştiraklarına dəstək vermək lazımdır. Kino sahəsində qanunvericilik Avropa ölkələrinə uyğunlaşmalıdır. Çoxlu sayda müasir kinokomplekslər yaradılmalıdır və bütün kinoteatrlar milli kadrların nəzarəti altında olmalıdır. Kinostudiya Hollivud kimi prodüserlərin ofislərinin yerləşdiyi, yüksək keyfiyyətli səsyazma sistemi, bir neçə müxtəlif pavilyonların olacağı məkana çevrilməlidir.
- Kinoya qayıtmaq həvəsilə gəlirsiniz Azərbaycana?
-Kino mənim sənətimdir. Əgər Azərbaycanda kino çəkməyə şərait olsa, yenə qayıdıram. Çünki kinoya qayıtmağı çox istəyirəm. Elə ara-sıra Azərbaycana gəlməyimin də səbəbi budur. İş elə gətirib ki, mənim övladlarım da kino sahəsindədirlər. Oğlum mən oxuduğum universitetdə prodüserlik, qızım isə Kazan Mədəniyyət və İncəsənət Universitetində film montajı üzrə təhsil alır. Həyat yoldaşım da mənim qrup yoldaşım olub, yəni o da kino adamıdır.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info