Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib
Tarix: 26.12.2018 | Saat: 14:07:00 | E-mail | Çapa göndər


Səyavuş Heydərov: “Dini və milli-mənəvi dəyərlər bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilib”


Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.
Tədbirdə DQİDK-nın rəhbərliyi, millət vəkilləri, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili işlər, Gənclər və idman, Təhsil nazirlikləri, Qafqaz Müsəlmanları İdarəsi və digər qurumların məsul şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir: “Aparılan təhlillərin nəticələrinə görə dünyadakı mövcud ziddiyyətlərin, müharibələrin kökündə əsasən dini və etnik zəmində baş verən münaqişələr dayanır. Onun sözlərinə görə, dünyadakı ictimai-siyasi gərginlik, o cümlədən baş verən münaqişələrin dini və etnik zəmində olması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır”.
S.Heydərov vurğulayıb ki, dünyanın güc mərkəzləri öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən istifadə edirlər: “Dini və milli-mənəvi dəyərlər bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilib. Xüsusilə, son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsi olduqca təhlükəlidir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyə nəzarət etmək qeyri-mümkündür”.
DQİDK-nın sədr müavini dünyada din pərdəsi altında cərəyan edən proseslərin artım dinamikasını nəzərə alaraq dini təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanılmasının olduqca vacib olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensial olduğunu deyən S.Heydərov vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov “Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri” mövzusunda çıxış edib. G.İsmayılov vurğulayıb ki, respublikamızda həyata keçirilən din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir: “Bununla yanaşı, konfessiyalararası münasibətləri, dinlərarası dialoqu, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir”.
Dövlət Komitəsi sədrinin müavininin sözlərinə görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazası formalaşdırılıb: “Azərbaycan dünyəvi dövlət olsa da, dövlətimiz bütün dinlərə eyni münasibət sərgiləyir, tolerant və multikultural dəyərləri təşviq və təbliğ edir”.
G.İsmayılov dini radikalizmə qarşı mübarizədə həyata keçirilən ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb.
O qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği olduqca vacibdir, çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır.
Sədr müavini deyib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. O qeyd edib ki, bəzi dini qruplar bunu məqsədli şəkildə edirlər.
G.İsmayılov sonda dini radikalizmin təsirlərindən qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə medianın rolu” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır.
H.Babaoğlu milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü vurğulayıb. O bildirib ki, jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqelərini açıq-aydın şəkildə nümayiş etdirməlidirlər.
Millət vəkili Elman Nəsirov “Din və terrorçuluq: əks qütblər” mövzusunda məruzə ilə çıxış edərək respublikamızda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. E.Nəsirov bildirib ki, bir sıra ölkələrdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır.
Dini radikalizmlə mübarizə tədbirlərindən danışan millət vəkili bu mübarizədə vəhdətin və həmrəyliyin vacibliyini qeyd edib. "Bəzi xarici qüvvələr radikal qruplara dəstək verərək onların vasitəsilə İslamı gözdən salmağa, dinimizi terrorla eyniləşdirməyə, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər. İslam dini sülh və əmin-amanlıq dinidir". Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib. R.Məmmədov 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu qeyd edib, bu mübarizənin məqsədlərindən və əsas prinsiplərindən danışıb.
Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev vurğulayıb ki, sabit, tolerant, regionun ən qüdrətli ölkəsi olan Azərbaycan xarici qüvvələrin təhdidlərindən kənarda deyil. O, iştirakçıları ölkəmizdə ekstremist ideyaları yayılması cəhdlərinə, habelə humanitar yardım adı altında fəaliyyət göstərən missionerlərə qarşı ayıq-sayıq olmağa səsləyib.
Digər çıxış edənlər də dini radikalizmə qarşı mübarizənin vacibliyindən və ölkəmizdə bu təhdidlərə qarşı görülən işlərdən söz açıblar.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info