Saat əqrəbində sahil ili
Tarix: 15.07.2013 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


|

Saat əqrəbində sahil ili

Sıxıb duyğuları ovuclarında,
Bir damla göz yaşılıq məkan vermisən.
Gizlədib kədəri sevinclə birgə,
Soyuq ürəyinə təkan vermisən.

Bəlkə taleyinin qum sahilini,
Yuyubdur, düşündün səma yağışı.
Saat əqrəbində sahil ilini,
Çəkib, naxışlayıb eşqin qarğışı.

Varmısan, yoxmusan, bilinmir hələ,
Soyuq ürəyinlə necə olmusan?
Vaxt çəkən saatın geriləyəndə
Gündüzüm içində gecə olmusan.

Açılıb örtülən qapı ürəyin,
Kirayə mənzildir, çox yadlaşmısan.
Sənin gözlərində ümid sevgisi,
Mənim gözlərimdə sən daşlaşmısan.



Ey sevgi tufanım

Ey sevgi tufanım, hay sal, haray sal,
Qoşulum, qoy sənin şaqraq səsinə.
Səmavi buludlar incilər yağdır,
Qarışım təzə-tər şeh nəfəsinə.

Gülüm yağışların gülüşləriylə,
Yerə də, göyə də salam deyərək.
Qoy sevda nəğməm də qarışsın selə,
Tale yollarına boyun əyərək.

Öpüm o dəlisov sərt küləklərlə,
Ayın, ulduzların al yanağından,
Bir səhər mehinin titrəyişiylə
Günəşin sevgili gül dodağından.

Təbəssüm çiləyim məhəbbətimlə,
Ömrə bəxş etdiyin çiçəklərimə.
Gözəllik diləyim sevgilərimlə,
Bahara həsrət qalan ləçəklərinə.

Ey sevgi tufanım, hay sal, haray sal,
Süzülüm göylərin ənginliyinə.
Məni xülyalardan ayırıb apar,
Uçum ruh eşqinin dərinliyinə.



Ömrünü ömrümə büküb getmisən

Yaxşı ki, xəbərsiz gəldin ömrümə,
Xəbərim olsaydı, nə edərdim mən?
Görüşümüz oldu dumanlı, çənli,
Xatirəm üşüsə, nə edərdin sən?

Torpağını öpən çiçəklər kimi,
Qəlbimin köçünü çəkərdinmi heç?
Mənə qucaq açıb pıçıltılarla,
Dərdimi ürəyinə əkərdinmi heç?

Bəlkə bir ömrü ucaldıb elə,
Vədəsiz ölümə dayan deyərdin...
Bəlkə varlığımı qocaldıb elə,
Sarmaşıq illərə saçaq hörərdin.

Mən səni sevmədim, sevgisiz qalım,
Ömrünü ömrümə büküb getmisən.
Neyləyim ruhuma izini salıb,
Məndən varlığını söküb getmisən.



Getdi
Bu baharda sevdalar
Şimşək tək çaxdı getdi.
Yalnız qalan sevgilər
Ürəklər sıxdı getdi.

Tufan qopardı ahlar,
Yarı könül haraylar.
Xatirə qalan çağlar
Üfüqdən çıxdı getdi.

Bulud doldu yaşıyla,
Ömür keçər naşıyla.
Qara sevda daşıyla
Gözlərdən axdı getdi.



Göz yaşım
Gözlərimdə yuva tapmaz,
Göz yaşım ağlayar gülüm.
Nisgilimi dərdə qatmaz,
Sular tək çağlayar gülüm.

Yuyular selin əlində,
Kövrələr ürək dilində.
Qönçəsi açar elində,
Hicrini dağlayar gülüm.

Xəzana büküb ömrünü,
Yarpaq tək töküb ömrünü,
Didədən söküb ömrünü,
Şehini saxlayar gülüm.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info