“Gənclərimiz beynəlxalq layihələrdə iştirak etməlidirlər”
Tarix: 15.07.2013 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Nailə İsmayılova: “Mədəniyyətimiz və tariximizlə bağlı layihələrin həyata keçirilməsi üçün milli donorlarımızın dəstəyinə böyük ehtiyac var”

Layihə çərçivəsində müsahibimiz “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılovadır.

-Sədri olduğunuz QHT-nin fəaliyyət istiqamətləri və həyata keçirdiyiniz layihələr barəsində məlumat verərdiniz.
- “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi 2003-cü ilin may ayında təsis olunub və həmin ildə də Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb, bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Dövlət qeydiyyatına alındıqdan dərhal sonra 1995-ci ildə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Gənclər Təşkilatları Milli Şurasına müraciət edərək, qurumun üzvlüyünə qəbul olundu. Birliyimiz şura tərəfindən bu günə qədər təşkil olunmuş layihələrdə və tədbirlərdə yaxından iştirak edib və bu gün də edir. Təşkilat yeni fəaliyyətə başladığı vaxtlarda bir sıra humanitar layihələr həyata keçirib. Bilirsiniz ki, cəmiyyətin aztəminatlı təbəqəsi hər zaman başqalarının köməyinə ehtiyac duyur. Biz də məhz bu meyarları nəzərə alaraq, fəaliyyət istiqamətimizə uyğun olaraq o insanların müxtəlif ehtiyaclarını qismən də olsa, qarşılamağa çalışmışıq. Belə ki, istər valideyn himayəsindən məhrum olmuş uşaqlar, yeniyetmələr, eləcə də gənclər olsun, istərsə də nisbətən yaşlı insanlara, ümumiyyətlə, dəstəyə ehtiyacı olan hər kəsə əlimizdən gələn köməyi əsirgəməməyə çalışmışıq. Təbii ki, həyata keçirdiyimiz bütün işləri ilk fəaliyyətə başladığımız dövrdə müəyyən çətinliklərlə üzləşərək, əsasən də maliyyə çətinliklərini nəzərdə tuturam, həyata keçirmişik. Xüsusi qayğıya ehtiyacı olan insanlar bizim hər zaman diqqət mərkəzimizində olub. Ehtiyacı olan insanlara əlil arabası ilə təmin olunmalarında kömək etmişik. Nəinki Bakıda, eləcə də regionlarımızda fəaliyyət göstərən uşaq evləri, internat məktəbləri və yardımçı məktəblərdə təhsil alan uşaqlara, yeniyetmələrə baş çəkərək onların ehtiyacları ilə bağlı araşdırmalar aparmışıq, məktəb rəhbərliyi ilə birgə həmin ehtiyaclarının aradan qaldırılmasında yardımçı olmuşuq. Lakin bilirsiniz ki, respublikamızın birinci xanımı Mehriban xanım Əliyeva uşaq evləri və internat məktəblərini öz nəzarətinə götürərək, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun maliyyə vəsaiti ilə həmin müəssisələrin böyük əksəriyyətini əsaslı təmir etdirdi və orada yaşayan və təhsil alan övladlarımıza ərməğan etdi. Bəzi müəssisələr isə yenidən tikildi. Bildiyiniz kimi, 2008-ci ildə ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı və millət vəkili Azay Quliyevin rəhbərliyi ilə milli donor institutu olaraq fəaliyyətə başladı. Ölkəmizdə fəaliyyət göstərən başqa QHT-lər kimi, bizim birliyimiz də milli donorun müxtəlif istiqamətlərdə elan etdiyi maliyyə yardımı proqramları üzrə müsabiqələrdə iştirak edib və qalib olaraq, təklif etdiyimiz layihələri uğurla həyata keçirmişik.
-Gənclərlə bağlı həyata keçirilən QHT layihələrini necə qiymətləndirirsiniz?
-Çox istifadə olunan ifadə olsa da, deməliyəm ki, gənclər bizim gələcəyimizdir.Təbii ki, əgər biz bugünkü gənclikdən danışırıqsa, gənclərimiz bütün sferalarda aktivdirlər. Gənclər və İdman Nazirliyinin gənclərə göstərdiyi dəstək nəticəsində gənclərimizin həyata keçirdiyi layihələr yüksək səviyyədə təşkil olunur. Bu layihələr nəinki respublikamızın sərhədləri çərçivəsində, eyni zamanda ölkəmizin hüdudlarından kənarda da beynəlxalq səviyyələrdə gənclərimiz tərəfindən həyata keçirilir. Gənclərin həyata keçirdikləri beynəlxalq layihələr yaşadığımız qlobal dünyanın qlobal problemlərinin həllində öz töhfəsini vermiş olur. Onu da qeyd edim ki, bildiyiniz kimi, gənclər eyni zamanda cəmiyyətin aparıcı qüvvəsidir. Yüksək potensial enerjiyə malik olan gənclər başqa sahələrdə olduğu kimi, QHT sahəsində də öz intellektual bilik və bacarıqları ilə fərqlənirlər. Ona görə onların müxtəlif istiqamətlər üzrə təşkil etdikləri toplantılar, tədbirlər daha kreativ və fərqli olur.
-Gənclərlə bağlı həyata keçirilən dövlət proqramları barədə hansı fikirləriniz var?
- Gənclərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğı, mən deyərdim ki, çox yüksək səviyyədədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə Gənclər Fondununun Əsasnaməsi təsdiq edildi və daha sonra Prezidentin 07 fevral 2013-cü il fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli fərmanında dəyişikliklər edildi. Digər bir məsələ, Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bütün bunlar Azərbaycan dövlətinin gənclərə olan mövqeyini ifadə edir.
-Gənclərin dövlətçilik şüurunun artırılması yönündə hansı tədbir və layihələrin həyata keçirilməsinin lazım gəldiyini düşünürsünüz?
- Azərbaycan cəmiyyətinin 65%-dən çoxunu gənclər təşkil edir. Bugünkü Azərbaycan dövlətçilik ənənələrini gələcəkdə yaşadacaq və inkişaf etdirəcək gənclik olmalıdır. Hamımıza məlumdur ki, ömrü çox uzun olmasa da, Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycanda qurulub. Lakin ondan daha öncə əsasını Şah İsmayıl Xətai qoyan Azərbaycan dövlətçilik ənənələrini unutmaq olmaz. Müasir milli dövlətçilik isə Heydər Əliyevin siyasi fəaliyyəti ilə formalaşıb və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Gənclərimiz bu ənənələrə sadiq qalmalı və ölkəmizin daha da çiçəklənməsi üçün dövlətçilik şüurunu artırmaq üçün yeni-yeni layihələrin gerçəkləşdirilməsi üçün öz milli şüurlarını inkişaf etdirməlidirlər. Biz dünyəvi bir dövlətdə yaşayırıq və dünya dövlətləri ilə münasibətlərimizin daha da yaxşılaşdırılması istiqamətində beynəlxalq layihələrdə iştirak etmək gənclərimizin üzərinə düşən məsuliyyətlərdən biridir.
-Gənclərin təhsil şüurunun artırılması üçün hansı layihələrə ehtiyac var?
- Əslində təhsil şüuru dedikdə, mənə bir az qəribə gəlir. Çünki təhsil məsələsi şüurlu surətdə insanın sahib olduğu intellektual səviyyədir. Müasir təhsil siyasətimiz artıq müasir texnologiyalar əsasında həyata keçirilməlidir. Təbii ki, müasir texnologiyalar əsasında həyata keçirilməsinə üstünlük verirəm.Və mən inanıram ki, gənclərin əksəriyyəti artıq müasir texnologiyalardan istifadə etmək bacarığına malikdirlər.
-Sizcə, bu gün Azərbaycan gəncləri mədəniyyətimiz, tariximizlə bağlı yetərincə məlumatlıdırlarmı?
- Əgər fərdi şəkildə götürsək, hə, lakin ümumi şəkildə gənclərimizin əksər hissəsi Azərbaycan tarixini dərindən mənimsəmirlər. Mən bunun səbəbini gənclərimizin orta məktəblərdə oxuyarkən bir istiqamətdə, yəni hansı ali məktəbə gedəcəklərsə, konkret o fənlərdən hazırlıq keçmələri ilə bağlayıram. Bildiyimiz ki, ali məktəblərdə də aldıqları təhsil yalnız onların seçdikləri ixtisaslara uyğun olur. Bir də gənclərimizin kitaboxuma vərdişi, mütaliə aşağı səviyyədədir. Mədəniyyətimiz və tariximizlə bağlı layihələrin həyata keçirilməsi üçün milli donorlarımızın dəstəyinə böyük ehtiyac var.
-Azərbaycan həqiqətlərinin təbliğində gənclərin səfərbər edilməsi üçün hansı təklifləriniz ola bilər?
- Azərbaycan diasporunun inkişaf etməsi, onun formalaşması, eləcə də ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemi və ermənilərin işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatları ilə yanaşı, ayrı-ayrı gənclər təşkilatları, vətənpərvər insanlar da yaxından çalışır, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər. Azərbaycanlı gəncləri yaşadıqları ölkələrin iqtisadi, siyasi və sosial-mədəni həyatına sıx inteqrasiya olunmalı, bu ölkələrlə Azərbaycan Respublikası arasında əlaqələndirici vəsilə rolunda çıxış etməlidirlər. Müxtəlif ölkələrdə mövcud olan Azərbaycan cəmiyyətlərinin qarşılıqlı fəaliyyəti gücləndirilməli, mühüm məsələlər üzrə onların tədbirləri əlaqələndirilməlidir.
-Korporativ sosial məsuliyyət sahəsində Azərbaycanda vəziyyətin yaxşılaşması üçün nə kimi təklifləriniz ola bilər?
- Dövlətin QHT-lərə son zamanlar maliyyə dəstəyini artırması müsbət mənada dəyişikliklərə səbəb olub. Eyni zamanda Azərbaycanın həqiqətlərinin təbliği, tarixi, mədəniyyəti və sairlə bağlı dövlət dəstəyinin daha da artırılmasını, Azərbaycan cəmiyyətindən qazanan korporasiyaların, iri şirkətlərin də sosial məsələlərə həsr olunmuş layihələrə qrant ayırmalarını istərdim. Bu baxımdan eyni zamanda milli məsələlərlə bağlı layihələrin həyata keçirilməsində də korporativ sosial məsuliyyət gücləndirilməlidir. Əsas təklif bundan ibarətdir ki, korporativ sosial məsuliyyətdən heç bir şirkət boyun qaçırmamalıdır. Əlbəttə ki, belə məsələlərdə aktiv iştirak edən şirkətlərə də müəyyən məsələlərdə dövlət tərəfindən güzəştlər olmalıdır.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info