Şərhçilərin regionlar üzrə ixtisaslaşması zəruridir
Tarix: 07.01.2019 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

KİV-lərdə siyasət, iqtisadiyyat, sosial, hərbi, idman və s. sahələr üzrə yüksək səviyyəli şərhçilərə tələbat bütün dövrlərdə olub. Cəmiyyət onların fikirlərini ciddi qəbul edib, inanıb və əksəriyyətin dünyagörüşünün formalaşmasında, hadisələrə münasibətində, yanaşmasında şərhçilərin rolu olub. Etiraf edim ki, vaxtilə beynəlxalq miqyasda tanınmış şərhçilərin fikirlərindən bu gün də istifadə edirəm və onların düzgünlüyünə şübhəm yoxdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif sahələr üzrə yeni milli şərhçilərimiz də ortaya çıxdı və bu sahədə daimi olaraq təkmilləşmənin, keyfiyyət dəyişmələrinin şahidi oluruq. Son zamanlar şərhçilərimizin kəmiyyətində də ciddi artım müşahidə etməkdəyik ki, onların da arasında gənclərin sayının artması, həqiqətən də, sevindirici və qürurvericidir. Şərhçilərin keyfiyyət məsələsinə gəlincə isə etiraf olunmalıdır ki, bu komandada regional səviyyədə özünə mövqe tuta biləcək şəxslər mövcuddur. Bu yaxınlarda xarici səfər zamanı təyyarədə üç saata yaxın belə milli siyasi şərhçilərimizin biri ilə həmsöhbət oldum. Bir daha əminlik yarandı ki, şərhçilərimizin arasında ölkədə, regionda və dünyada gedən siyasi-iqtisadi proseslərdən düzgün baş çıxara bilən kadrlarımız var. Bununla yanaşı, bu sahədə diqqət yetirilməsi zəruri olan bir cəhət də var.
Azərbaycan tamaşaçıları içərisində ölkə televiziyaları ilə yanaşı, qonşu Rusiya və Türkiyə telekanallarını da ciddi şəkildə izləyən kəsim var və onların sayı az deyil. Həmin telekanallarda mətbuat nümayəndələrinin elm adamları ilə eyni verilişdə yanaşı əyləşdiklərinin və mövzu ilə bağlı kifayət qədər sanballı şərhlər verdiklərinin şahidi oluruq. Çünki mətbuatı təmsil edənlər konkret sahələri və yaxud ayrı-ayrı dövlətlərin siyasətini gündəlik izləməklə, artıq peşəkarlara çevriliblər. Qonşuların təcrübəsinə uyğun olaraq, bizim siyasi şərhçilərimizin də bəzilərinin regionlar üzrə ixtisaslaşmasına ehtiyac duyulur. Məsələn, onlardan bir neçəsi yalnız dünyanın güclü dövlətlərinin - ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə və s. apardığı siyasəti gündəlik, mütəmadi izləməklə məşğul olmalıdırlar. Digər bir qisim isə regionları - Şərqi Avropanı, Yaxın Şərqi, Latın Amerikasını, Cənub-Şərqi Asiyanı və s. dərindən öyrənməlidir. Fikrimizcə, türkdilli dövlətlər, qalan MDB dövlətləri üzrə də ayrıca ixtisaslaşmış mütəxəssislərimiz olsa, bu, sözügedən problemin həllinə yalnız müsbət təsir göstərmiş olar. Ermənistana gəlincə isə müharibə vəziyyətində olduğumuzu nəzərə alıb, bir neçə siyasi şərhçini sırf bu dövlət üzrə peşəkar səviyyədə yetişdirməliyik.
Doğrudur, daxili siyasətimizi real şərh edə bilən mütəxəssislərimiz var, lakin onların da təkmilləşdirilməsi üçün müəyyən addımlar atmaq olar. Ən azından ildə iki dəfə müvafiq dövlət orqanlarının iştirakı ilə təkmilləşdirmə kurslarının təşkil edilməsi elə bir çətinlik törətməz.
Beləliklə də, müxtəlif regionlar və sahələr üzrə şərhçilərimizin ixtisaslaşması bu yönümlü televiziya və radio verilişlərinin həm keyfiyyətini artıracaq, həm də tamaşaçı etibarının qazanılması istiqamətində daha böyük nailiyyətlər əldə edə biləcəyik.




 
Müəllifin son yazıları

11.03.2019 İstedadlı şagirdləri necə qoruyaq?
13.11.2018 Mətbuat milli maraqları müdafiə edir
13.08.2018 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info