Professor Kərim Tahirov: “Milli Kitabxana Milli Elektron Kitabxananın yaradılmasını vacib sayır“
Tarix: 07.01.2019 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Müasir dövrdə kitabların elektron versiyalarının internet portallarında mövcudluğuna baxmayaraq, kitabxanalar, əvvəlki kimi, öz nüfuzlarını qoruyaraq daha da təkmilləşirlər. Hazırkı dövrdə də Azərbaycan oxucusu ən etibarlı mənbə kimi üzünü kitabxanalara tutur, onların daxili resurslarından bəhrələnirlər. Elmi müstəvidən tədqiqatlar aparılmasında Azərbaycan Milli Kitabxanasının rolu və yeri əvəzsizdir. Bu gün Milli Kitabxanada yaradılan şərait, maddi-texniki bazanın möhkəmləndirilməsi, kitabları və dövri mətbuatı rahat şəkildə əldə etmək baxımından Milli Kitabxana oxucuların ən sevdiyi məkanlardan biridir. Hər bir oxucunun müraciətini əsas götürərək Azərbaycan oxucusunun qayğısına qalan Azərbaycan Milli Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovla görüşdük və Kərim müəllimlə maraqlı söhbətimiz alındı. İndi isə həmin müsahibəni təqdim edirik:

- Dövrümüzdə kitabların elektron portallarda yerləşdirilməsi prosesi sürətlənib və bu addım kitabları rahat bir şəkildə oxucunun əldə etməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Artıq qalın-qalın kitabların internet səhifələrində “pdf” formatları yaradılıb ki, bu da oxucunun istənilən kitabı əldə edərək mütaliə etməsini asanlaşdırıb. Bu baxımdan, Azərbaycan Milli Kitabxanası arxivində olan kitabların, dövri nəşrlərin bütövlükdə “pdf” formatına gətirilməsi istiqamətində hansı addımlar atır?

- Dünya kitabxanalarının təcrübəsində nə “fondun dövriyyəsi” adlı məfhum, nə də fondun tam elektronlaşdırılması; yəni nəşrlərin bütünlükdə “pdf” formatına keçirilməsi anlayışı yoxdur. Bilirsiniz ki, Azərbaycan cəmiyyətində Azərbaycan Milli Kitabxanası mühüm informasiyaya resurslarına malikdir - təxminən kitabxanamızda 5 milyona yaxın qiymətli və dəyərli informasiya resursları mövcuddur ki, bunları isə internet resurslarında tam olaraq yerləşdirmək qeyri-mümkündür. Siz dünya praktikasına nəzər yetirsəniz görərsiniz ki, dünya kitabxanalarında elektron resursların həcmi fondun 10-30 faizindən yuxarı deyil; o cümlədən bu bizim Milli Kitabxanada da belədir. Milli Kitabxananın fondunda elə kitablar var ki, arxiv fondu sayıldığı üçün bu gün onların elektron şəkildə internetdə yayılmasına ehtiyac yoxdur. Arxiv fondunda elə nəşrlər saxlanılır ki, hətta həmin nəşrlərə oxucular illərlə, on illərlə müraciət etmirlər, amma bu o demək deyil ki, bu informasiya resursları Milli Kitabxanada olmamalıdır; əksinə, olmalıdır, çünki Milli Kitabxana milli nəşr məhsullarının arxivi funksiyasını yerinə yetirir.
Milli Kitabxana olaraq aldığımız yeni nəşrlərin (istər dövri nəşrlər, istərsə də kitablar olsun – fərq etməz) çalışırıq ki, elektron resurslarını yaradaq və bunu uğurla da yaradırıq. Ancaq bu ona əsas vermir ki, biz bu nəşrlərin hər birini internet üzərindən yayımlamalıyıq. Nəşrlərin internet üzərindən yayılması məsələsində müəllif hüquqları ciddi problem yaradır; bu səbəblə də hər resursu internet üzərindən yaymağa hüquqi cəhətdən də ixtiyarımız yoxdur. Ancaq bu məsələlərlə bağlı Milli Kitabxana öz daxilində intranet (daxili şəbəkə) şəbəkə yaradıb və yeni daxil olan nəşrlərin orada “pdf” formatını yerləşdiririk ki, burada da məqsəd oxucuların optimal şəkildə mütaliəsini təmin etməkdir. Orta hesabla Milli Kitabxanaya gün ərzində 1000 nəfərdən artıq (bəzi günlərdə bu say 2000 nəfərə də yaxınlaşır) oxucu müraciət edir. Bir də görürük ki, bir nəşrdən bir neçə nəfər oxucu istifadə etmək istəyir ki, həmin problemin qarşısını almaq üçün Milli Kitabxana daxilində intranet şəbəkə yaradılıb və oxucuların bu tələbatını qarşılamaq məqsədilə 25 kompüterin quraşdırıldığı Elektron resurslardan istifadə üzrə oxu zalı fəaliyyət göstərir. Biz Milli Kitabxana olaraq o çap məhsulunu internet üzərindən yaya bilərik ki, müəllif bizə rəsmi razılıq verib və ya nəşrin müəllifinin ölümündən 70 il keçib. Müəlliflər kitablarını Milli Kitabxanaya təqdim edərkən biz onlardan əsərlərinin internet resurslarında yayılması üçün yazılı sürətdə razılıq alırıq. Son olaraq qeyd edim ki, dünyanın elə kitabxanaları var ki, onların fondları 50-60 milyona yaxındır və bunları tam şəkildə internet resurslarında yerləşdirmək qeyri-mümkündür.
Milli Kitabxananın arxivdə olan nəşrlərinin müəyyən hissəsini daxili şəbəkəyə, bəzilərini isə internetə yerləşdirərək oxuculara təqdim etmişik. Nəşrlərin qorunması əsas olduğu üçün biz, hələ ki, bu məsələlərə ehtiyatla yanaşırıq. Müasir dövrdə müharibə şəraitində yaşadığımız üçün Milli Kitabxananın arxivində olan elə nəşrlər var ki, biz onların internet üzərindən geniş yayılmasına ehtiyatla yanaşırıq.

- İctimaiyyət üçün də maraqlıdır ki, Milli Kitabxana fəaliyyətə başladığı illərdən günümüzə qədər onun arxivində (və ya fondunda) saxlanılan nəşrlər məhv edilibmi? Misal üçün, repressiya dövrü kimi tariximizə daxil olan 1937-ci ildə nə qədər qələm sahiblərimizə hücumlar oldu və onların əsərləri Milli Kitabxanadan götürülüb yandırıldımı? Axı Salman Mümtaz, Vəli Xuluflu kimi repressiya qurbanlarının əsərlərinə bu gün də Milli Kitabxanada rast gəlirik.

- Sualınız çox yaxşı və düzgün sualdır. Milli Kitabxana elə bir yer deyildir ki, kimsə burada olan hər hansı bir əsəri götürüb yandıra bilsin. Vaxtilə kitabxanamızda “xüsusi fond” (“spes fond”) deyilən bir yer olub; siz dediyiniz kitablar məhz ümumi fonddan çıxarılaraq həmin fonda verilib və burada yalnız müəyyən təşkilatların icazəsi ilə istifadə oluna bilərdi. Yəni Milli Kitabxanamızdan hər hansı nəşrləri çıxarıb yandırmaq deyilən bir addım olmayıb, amma sovetlər dövründə müəyyən nəşrləri xüsusi təşkilatların qərarı ilə kitabxanadan götürüb apara bilərlər. Sovetlər dövründə kitablar Milli Kitabxanada əsas fondan götürülüb xüsusi fonda daxil edilirdi ki, burada yalnız KQB əməkdaşları və bu orqanın razılığı ilə müəyyən insanlar istifadə edə bilərdi – yəni bu xüsusi fonddan istənilən oxucu yararlana bilməzdi. Bir neçə il bundan əvvəl Türkiyədə olarkən orada mənə dedilər ki, sizin Milli Kitabxanaya kitablar göndərirdik və bunlar kitabxananızda varmı? Mən onlara həmin kitabların bizdə olmadığını dedim. Sovetlər dövründə müəyyən təşkilatlar var idi ki, onlar bu kitabların təyin olunmuş ünvanlara çatmasına imkan vermirdilər və yaxud xüsusi fonda göndərilirdi ki, hər oxucu da bunları əldə edə bilmirdi. Sadəcə, müəyyən razılıqlar alındıqdan sonra istifadəsinə icazə verilirdi, amma müstəqillik əldə etdikdən sonra xüsusi fond açılaraq bizim ümumi fondumuza verildi. Təəssüf ki, bu fondda da kifayət qədər kitablar qalmayıb; yəni vaxtilə bu fonddan həmin kitablar çıxarılıb.
Bu gün Milli Kitabxanada xüsusi fond yoxdur və fondumuz açıqdır, istənilən oxucumuz istənilən nəşrləri əldə edərək oxuya bilər. Amma müəyyən kitabları, sadəcə, arxiv fondundan istifadə edə bilərlər.

- Tarixi torpaqlarımız xarici qəsbkarların işğallarına məruz qalıb və bunu biz əlifbamızda da müfəssəl şəkildə görürük. Vaxtilə ərəb, latın, kiril və yenidən latın əlifbasına keçidlər olub deyə, bu təsirlər çap məhsullarından da yan keçməyib. Milli Kitabxana həmin nəşrlərin yeni əlifba ilə nəşr edilib oxuculara təqdim edilməsi məsələsinə necə yanaşır?

- Sualınız mühüm sualdır və bu işi də məmnuniyyətlə görürük. Mədəniyyət Nazirliyi ilə birlikdə Milli Kitabxananın “Bərpanəşr” layihəsi var; artıq həmin seriya altında 30-dan artıq kitab nəşr etmişik. Təəssüf ki, köhnə əlifbalarla çap olunan bəzi kitablar fondumuzda məhdud şəkildə qalıb və günümüzdə həmin kitablara ehtiyac olanda onları təzədən çap edirik. “Bərpanəşr” layihəsi əsasında çap olunan əsərlərin tam mətnini internet saytımızda yerləşdirmişik və oxucular bunu da rahat şəkildə oxuya bilərlər. Bu fəaliyyətimiz davam edir və 2019-cu ildə, düşünürük ki, artıq 3 belə kitabı nəşr edək.
Biz həmin nəşrləri çapa hazırlayarkən onlara yaradıcı yanaşırıq. Yəni həmin nəşrlərdə müəyyən məsələlər var ki, günün tələbləri ilə uyğunlaşmır. Hazırda müharibə şəraitində yaşayırıq deyə, bədnam qonşularımızla problemlərimiz var. Vaxtilə belə bir problemin olmadığı dövrlərdə nəşr olunan əsərləri olduğu kimi çapa verə bilmərik. Çalışırıq ki, dövrün, zamanın tələblərinə uymayan məsələlər yeni nəşrlərdə öz əksini tapmasın.

- Bölgələrdə yaşayan oxucular, xüsusilə tədqiqatçılar, alimlər, şair və yazıçılar və digər insanlar Milli Kitabxanaya zaman və məkan baxımından gələ bilmirlər. İctimaiyyətimizdə bu məsələ ciddi problemlərdən biri kimi qələm sahiblərimizi narahat edir. Məhz belə bir problemi həll etmək üçün Milli Kitabxana hansı addımlar atır?

- Həqiqətən, bu qaldırdığınız məsələ çox ciddi problemdir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi fərmanı var ki, bu da siz deyən problemin həllinə yönəlib. Milli Kitabxananın da hazırkı başlıca problemlərindən biri oxucu mütaliəsində zaman və məkan probleminin aradan qaldırılmasıdır. Kitabxanamızda olan elektron kataloq, elektron resurslar və digər virtual xidmətlərin həyata keçirilməsi məhz bu istiqamətə yönəlib. İnternet saytımızda müəyyən kitabların “pdf” formatları mövcuddur ki, bu, kompüter istifadəçiləri ilə yanaşı, telefon istifadəçilərinin də istifadəsini asanlaşdırır.
Virtual sifariş, biblioqrafik, virtual sorğu sistemlərimiz və məsafədən müəyyən xidmətlərimiz var. Bölgə kitabxanalarından bizə hər hansı bir kitabın elektron versiyası tələb edildikdə biz 30 dəq. – 1 saat ərzində istənilən kitabın elektron resursunu yaradıb yerlərdəki kitabxanaların oxucularına təqdim etmək imkanına malikik.

- Regionlarda fəaliyyət göstərən kitabxanalarla Milli Kitabxananın onlayn əməkdaşlığından söhbət açardınız...

- Biz ölkənin milli və baş kitabxanasıyıq. Təbii ki, digər kitabxanalarda olan oxuculara yardım göstəririk. Virtual xidmət anlamında danışsaq, demək olar ki, biz bu işi yerinə yetiririk. Oxucuların sorğularını biz kitabxanalar vasitəsilə qəbul edib cavablandırırıq. Çünki kitabxanalardan gələn sorğular əsasında həmin kitabların elektron versiyaları müraciət ünvanlanmış kitabxanaların bazasında qalır və onlardan başqa, oxucuların da gələcəkdə istifadə imkanları yaranır. Bölgə kitabxanalarına müəllif hüquqları qorunan kitabların belə, elektron versiyasını müəyyən kodlar altında təqdim etmək imkanımız var. Bu cür kitabları, ancaq oxumaq üçün istifadə edə bilərlər. Burada əsas məqsəd oxucunun sorğusunun ödənilməsidir; bu ödənmə kitabxana səviyyəsində olanda daha kütləvi anlam daşıyır. Bizə yerlərdən şəxsi müraciətlər olduqda biz onları yerlərdəki kitabxanalara yönləndiririk və kitabxanalar vasitəsilə onlara virtual rejimdə xidmət göstəririk. Bu da yerlərdəki kitabxanalarda tədricən elektron bazaların yaranmasında bir stimul rolunu oynayır. Bu işdə kitabxanalar virtual sifariş, onlayn biblioqrafik sorğu və virtual metodik xidmət formalarından aktiv şəkildə istifadə edirlər.

- Hazırda kəndlərimizdə mövcud olan kitabxanaların durumundan da söhbət açardıq. Bu kitabxanaların əksəriyyəti sovetlər dövründə inşa olunmuşdur deyə, binaların vəziyyəti, maddi və texniki durumları qənaətbəxş deyil. Bu istiqamətdə hansı addımlar atılır? Axı kənd kitabxanaları kənd sakinlərinin maariflənməsində çox ciddi rola malikdir.

- Həqiqətən, bu böyük problemdir. Qeyd edim ki, ötən ilə qədər kitabxanalar yerli icra orqanlarının tabeliyində idi. Sonra kitabxanalar mərkəzləşdirilərək Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. 2018-ci ilin yekunları ilə əlaqədar Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi və iclasda hörmətli nazirimiz Əbülfəs müəllim də qeyd etdi ki, keçən bir il, il yarım ərzində, təbii ki, yerlərdəki kitabxanaları tamamilə yenidən qurmaq, hamısını təmir etmək mümkün deyil, amma müəyyən işlər görülmüşdür. Mədəniyyət Nazirliyi, demək olar ki, fəaliyyətsiz olan, tamamilə yararsız binalarda fəaliyyət göstərən (yəni oxucuları kəskin az olan, heç bir şəraiti olmayan) kitabxanaların əksəriyyətini ləğv edib. Ümumiyyətlə, bu işlər müəyyən zaman tələb edir və hazırda bölgələrdə monitorinqlər gedir. Son bir il ərzində bir sıra kənd kitabxanalarında artıq internetə çıxışı olan kompüterlər quraşdırılmışdır. Əlbəttə, bu addım da oxucuların kitabxanamızın internet resurslarından istifadəsinə imkan verən addımdır. Bu son bir il ərzində yaradılıb və bundan sonra da inkişaf edəcəkdir. Nazirliyin kollegiyasında Milli Kitabxana və nazirliyin regionlar üzrə nümayəndəliklərinin qarşısında oxucuların sorğularının virtual şəkildə təmin edilməsi bir vəzifə olaraq qarşıya qoyulub. Təbii ki, bu gün də bütün kənd kitabxanalarını kifayət qədər yeni kitabla təmin etmək imkan xaricindədir; bir növ bu, vəsaitə bağlıdır və zaman keçdikcə öz həllini tapacaq. Yerlərdə maddi-texniki bazalar yaradılır və hissə-hissə həyata keçirilir, inşallah, bu işlər davamlı olaraq görüləcəkdir.

- Bölgələrimizdə ciddi yaradıcılıq nümayiş etdirən el şairləri, yazıçıları, tədqiqatçıları yaşayır və onların əsərlərinin qorunub saxlanması da bizim üçün vacibdir. Çünki bölgələr üzrə də çoxlu kitab çap olunur və elə el şairləri var ki, onların yaradıcılıqları heç də Xalq şairlərinin yaradıcılıqlarından fərqlənmir. Milli Kitabxananın bu səpkidə fəaliyyəti maraqlıdır. Yəni rəhbərlik etdiyiniz Azərbaycan Milli Kitabxanası bölgələrdə məskunlaşan qələm sahibləri ilə mütəmadi əlaqələr saxlayıb, onların əsərlərini kitabxanaya cəlb edərək qoruyurmu?

- Milli Kitabxana olaraq ölkədə çap olunan bütün nəşrləri almalıyıq – təəssüflər olsun ki, ayrı-ayrı nəşriyyatlar bu sahədə də bizə problemlər yaradır, amma müəyyən işlər də görürük. Bölgələrdə yaşayan qələm sahiblərinin əsərləri də, şübhəsiz ki, iri təmərküzləşmiş yerlərdə; yəni Bakı şəhərində çap olunur və biz, əlbəttə, həmin nəşrləri “pdf” formatda olmasa da, özlərini alırıq. Milli Kitabxana ölkə ərazisində çap olunan əsərlərdən məcburi pulsuz nüsxə almaq hüququna malikdir: təəssüf ki, bu hüququ hamı təmin etmir. Amma sevindirici haldır ki, əsərləri çap olunan müəlliflərin özləri kitablarını Milli Kitabxanaya hədiyyə edirlər və bu bizi çox zaman nəşriyyatlarla problemlərdən qurtarır – nəşriyyatların öhdəsinə qalsa, kitabxanamız onlardan kitab almasında ciddi problemlərlə üzləşə bilərdi. Müəlliflər istəyirlər ki, onların əsərləri bizim arxivimizdə olsun; bu, həqiqətən, çox yaxşı haldır. Qaldı ki, bölgə yazarlarına, biz onların istənilən əsərini mühafizə edərək qorumağa hazırıq və onlar da bizə öz kitablarını çap olunan kimi göndərirlər.

- Bəzən müəlliflər əsərlərini Milli Kitabxanaya hədiyyə edərkən problemlərlə qarşılaşdıqlarını deyirlər. Buna münasibət bildirməyinizi xahiş edirəm.

- Düzü, buna inanmıram. Bizdə yeni ədəbiyyatın qəbulu üçün xüsusi yer və jurnal var və orada bir həftə ərzində qəbul olunan kitab mütləq elektron kataloqa düşür. Ümumiyyətlə, deyim ki, bizdə kitabın qəbul olunmamağı söhbəti də ola bilməz. Azərbaycan ərazisində çap olunan kitabları mütləq qəbul edirik. Əgər kitabı bizə nəşriyyat göndəribsə, bununla yanaşı, müəllifdə hədiyyə edirsə, onda həmin kitabı alıb açıq kitabxanaya, ya da mübadilə şöbəmizə veririk ki, rayonlara göndərsinlər. Kitabxanamızda yer problemi də var, yəni bir kitabdan 4 nüsxədən artıq götürsək digər nəşrlər üçün yerimiz qalmaya bilər.

- Ölkə ərazisində çap olunan istənilən dövri mətbuata Milli Kitabxana abunədirmi? Həmin nəşrlərdəki hansı yazılar daha çox Azərbaycan Milli Kitabxanası tərəfindən qorunur?

- Əlbəttə, abunəyik. Azərbaycan Respublikasının ərazisində çap olunan istənilən dövri nəşri alırıq. Bir çox dövri nəşrlər bizə məcburi nüsxə kimi verilir, amma bəzi nəşrləri özümüz alırıq. Qəzetlərdə gündəlik çap olunan (daha çox ədəbi) yazılar xüsusi şöbəmiz tərəfindən işlənir və ayda bir dəfə onları qruplaşdırıb bülletenini çap edirik. Bülletenlərdə yazılar bölmələr üzrə verilir. Bu bülletenlərin üstün cəhətlərindən biri də onların saytımızda da yerləşdirilməsidir və burada məqalələrin tam mətnlərinin də verilməsidir ki, qəzetlər hansı bölgələrimizə çata bilmirsə, yaxud gec çatdırılırsa, həmin bölgə oxucuları saytımız vasitəsilə bu yazıları izləyə və oxuya bilərlər.

- Bilirik ki, Milli Kitabxanada saysız nəşrlər var və onların qorunub saxlanması da ciddi məsələdir. Bu baxımdan, dövri nəşrlərin, kitabların mühafizəsinə Azərbaycan Milli Kitabxanası necə yanaşır?

- Bu, Azərbaycan Milli Kitabxanası olaraq çox ciddi problemimizdir. İnanın, bu problemlə əlaqədar oxucularla ciddi narazılığımız da yaranır. Bir çox kitabların elektron versiyasını yaratmışıq ki, kitabların mühafizəsi təmin edilsin, amma oxucu əksər halda həmin nəşrlərin özünü istəyir; bu da çap məhsullarının mühafizəsinə və konservasiyasına mənfi təsir göstərir. Kitabxanamıza gündəlik 1000-1500 nəfər oxucu gəlir və təsəvvür edin ki, hər bir oxucu kitabları vərəqləsə, həmin nəşrlər “əldən düşər”. Qiymətli kitabların konservasiyasını təmin etmək üçün həmin nəşrlərin elektron versiyasını dövriyyəyə buraxmışıq. Çalışırıq ki, qiymətli əsərlərə əl dəyməsin; çünki əl dəydikcə korlanır. Arxivdə elə əsər olmaz ki, onun elektron resursu olmasın, bu da onun üçündür ki, bilavasitə oxucu onu ələ götürməsin. Qiymətli əsərləri o zaman oxucuya veririk ki, o, tədqiqatçı olur, orijinalı görmək onun üçün vacibdir və işçimizin yanında kitabdan istifadə edərək ona qaytarır.

- Hazırkı dönəmdə Azərbaycan Milli Kitabxanası Cənubi Azərbaycanda yaşayan yazıçılarımızla əlaqə saxlaya bilirmi? Axı onların əsərləri də bizim milli sərvətimizin bir parçasıdır. Onların əsərlərinin toplanıb qorunaraq gələcək nəsillərə çatdırılmasında Milli Kitabxananın hansı xidmətləri var?

- Təbriz şəhərində yerləşən mərkəzi kitabxana var və onlarla qarşılıqlı əməkdaşlıq edirik. Təəssüf ki, Təbrizdən gələn və oraya göndərdiyimiz nəşrlər bizdən asılı olmayan səbəblərə görə, bəzən vaxtında ünvana çatmır. Amma biz müxtəlif yollarla - ayrı-ayrı adamlar, kitab sərgiləri vasitəsilə kitablarımızı Təbriz kitabxanalarına çatdırmağa çalışırıq.

- Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrindən danışardınız. Bu gün bunun əhəmiyyəti də kitabxana üçün vacibdir...

- Bizim xüsusi Beynəlxalq kitab mübadiləsi şöbəmiz var. Şöbənin məqsədi beynəlxalq səviyyədə Milli Kitabxanalarla kitab mübadiləsini həyata keçirməkdir. İl ərzində xarici ölkə kitabxanalarına və təşkilatlara 4-5 min nüsxə kitab göndəririk, amma aldığımız kitablar az olur; səbəbi də budur ki, hələ dünyada özümüzü tanıtmaq prosesindəyik və buna görə də xaricə çox kitab göndərib, az kitab almalıyıq. Çünki müəyyən ölkələr artıq tanınmış ölkələrdir və onların qələm sahiblərini dünya oxuyur, onları tanıtmalarına ehtiyac yoxdur. Amma biz öz ölkəmizi və yazıçılarımızı tanıtmaq üçün xaricə mütəmadi kitab göndərməliyik. Buna görə də il ərzində xaricdən aldığımız kitabların sayı 2 mindən çox deyildir. Ancaq dünyada kitabı-kitabla mübadilə etmək (dəyişmək) qaydası mövcuddur. Beynəlxalq kitab mübadiləsi yolu ilə kitab verir və alırıq ki, bu da qarşılıqlı şəkildə həyata keçirilir. Dünyanın 34 Milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalamışıq və onlarla sıx əlaqələrimiz vardır. Həmçinin biz kitabların özlərini ala bilməsək də, elektron versiyalarının mübadiləsini həyata keçiririk. İl ərzində Mədəniyyət Nazirliyi ilə birlikdə 12 beynəlxalq sərgidə iştirak edirik və bu sərgilər ölkəmizi tanıtmaq baxımından, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin xaricdə təbliği baxımımdan çox əhəmiyyətlidir. Öz ölkəmizdə də hər iki ildən bir beynəlxalq kitab sərgiləri keçirilir və buraya dünyanın 25-30 ölkəsindən kitablar gətirirlər.

- Milli Kitabxananın maddi-texniki bazasından söhbət açardıq...

- Milli Kitabxananın maddi-texniki baza baxımından qəti problemi yoxdur. Bəzən Milli Kitabxananın maddi-texniki bazasını görmədən müəyyən söz-söhbətlər səsləndirirlər. Bu gün hər hansı bölgə kitabxanasına müraciət ünvanlamış oxucunun istənilən sorğusunu Milli Kitabxana çox tez bir zamanda virtual rejimdə qəbul edib ödəmək imkanına malikdir. 15-30 dəqiqə ərzində istənilən kitabın elektron versiyasını yaradıb oxucuya təqdim etmək imkanımız vardır. Milli Kitabxana istənilən kitabın elektron versiyasını yaradaraq dərhal bölgə kitabxanasına göndərə bilirsə, demək, bu sahədə problemimiz yoxdur. Həqiqətən, bu çox yaxşı haldır. Artıq oxucularımız kitab sifarişlərini elektron şəkildə həyata keçirirlər. Kitabxanaya yazılma, qeydiyyat, kitab axtarışı və sifarişi, kitabın qaytarılması, demək olar ki, bütün xidmət prosesləri avtomatlaşdırılmışdır. Təbii ki, bu imkanları oxuculara dövlətimiz yaradıb. Ən böyük sponsorumuz dövlətdir ki, bu da oxucuya nümunəvi xidmətin bariz göstəricisidir. Kitabxanamızda qısa bir zamanda fasilə olsa, oxucu narazılığı ilə üzləşirik ki, bu da, həqiqətən, bizi sevindirir.

- Bəs Azərbaycan Milli kitabxanasında internet resurslarının arxivi yaradılıbdırmı?

- Milli Kitabxanada internet resurslarının arxivi yaradılmır; bunun yaradılması hüquqi tənzimlənməsi tələb olunan çox ciddi bir məsələdir. Amma Fransada “fr” domeyn adı ilə gedən bütün internet resursları qorunub saxlanılır. Biz hələ indi Azərbaycanda dərc olunan bütün nəşr məhsullarının elektron məcburi nüsxələrinin Milli Kitabxanaya göndərilməsi barədə hökumət qarşısında məsələ qaldırmışıq. Artıq bu məsələnin də vaxtı çoxdan çatıb.

- 2018-ci il ərzində Azərbaycan Milli Kitabxanasının çap elədiyi kitablardan söhbət açardıq...

- Azərbaycan Milli Kitabxanası ölkədə yeganə kitabxanadır ki, onun nəşriyyat hüququ var. Həmin nəşrlərdən biri də biblioqrafiyalardır. Milli Kitabxana 2018-ci il ərzində 40-dan çox müxtəlif adda kitab çap edib və bu az nəticə deyil. Həmin kitablar sırasında informasiya bülletenləri, biblioqrafiyalar və digər nəşrlərimiz var. Amma əsas çap etdirdiyimiz biblioqrafiyalardır. Biz bədii əsərlər çap edə bilmərik və sadəcə olaraq, dövri mətbuatda yayımlanan yazıları toplayıb çap edə bilərik, çünki bu, bizim işimizdir, yəni həmin yazılar bizim arxivimizdədir. Milli Kitabxana 2005-ci ildən başlayaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından fundamental biblioqrafiyalar nəşr edir. Artıq bu günədək 75 görkəmli şəxsiyyətin həyat və fəaliyyətinə və əsərlərinə dair biblioqrafiyalar çap etmişik. Bunların içərisində ulu öndər Heydər Əliyevə, dahi Nizami Gəncəviyə, M.F.Axundzadəyə, M.Ə.Sabirə, Ü.Hacıbəyliyə, Q. Qarayevə, Bülbülə, S.Bəhlulzadəyə, S.Vurğuna, B.Vahabzadəyə, X.Rzaya və b. görkəmli şəxsiyyətlərə həsr olunmuş biblioqrafiyaları misal göstərmək olar.

- Sonda oxuculara sözünüz...

- Fürsətdən istifadə edib, birinci növbədə nəşriyyatlara müraciət edərdim. Onlar çap etdikləri nəşrlərdən pulsuz məcburi nüsxələri Milli Kitabxanaya versinlər. İkinci növbədə müəlliflərə müraciət edərdim və onlar tarixdə qalmalarını, əsərlərinin internet vasitəsilə dünyaya yayılmasını istəyirlərsə, öz kitablarını Milli Kitabxanaya təqdim etsinlər. Həmçinin ayrı-ayrı oxuculara müraciət edərdim ki, bizim kitabxanada əldə edə bilmədikləri kitabları başqa yerlərdən taparlarsa, bizə təqdim etsinlər. Kitabla dost olan, kitab oxuyan insanlar mənən zəngin olurlar, onların dünyagörüşü daha geniş olur, nitqi cilalanır və şüurları geniş olur. Kitab oxuyan insanın əxlaqı və mənəviyyatı yüksəkdir. Mən fəxrlə demək istəyirəm ki, Milli Kitabxananın oxucularının 85 faizi gənclərdir ki, bu da çox yaxşı haldır.
Bəzən ənənəvi kitaba, yaxud da elektron kitablara üstünlük verənlər arasında kəskin mükalimə gedir və müxtəlif nöqteyi-nəzərlərə üstünlük verənlər olur. Mən bununla razı deyiləm. Oxucu kitabı əlinə alıb hiss etməlidir, kitabın öz qoxusu və ab-havası var, o mühitə daxil olanda oxuduqlarını daha yaxşı dərk edirsən. Digər tərəfdən mən, ümumiyyətlə, oxumağın, mütaliənin tərəfdarıyam.

Söhbəti qələmə aldı:
Mahmud Əyyublu




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info