Azərbaycan Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir
Tarix: 09.01.2019 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


“Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək”

Nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Avtomobil yollarını, dəmir yolu nəqliyyatını, dəniz və hava yolu ilə daşınmaları birləşdirən nəqliyyat və logistika sahələri hər bir ölkənin iqtisadiyyatının inkişafının aparıcı istiqamətlərindən biridir. Nəqliyyat dəhlizlərinin fəaliyyəti yeni tranzit-nəqliyyat imkanları yaradır, ikitərəfli və çoxtərəfli ticari-iqtisadi əlaqələri genişləndirir. Ölkə başçısı bildirib ki, Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir: “Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək”.

Avropanın ən böyük infrastruktur layihələri: “Şahdəniz-2”, TANAP və TAP

Son illər ərzində öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu istiqamətdə ardıcıl layihələr həyata keçirilir. Bu gün ən böyük layihələrdən biri hesab edilən TANAP-ın XXI əsrin layihəsi olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, “Şahdəniz-2”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir: “TANAP tarixi layihədir, yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi icra edilmiş olacaq. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.
Təbii ki, bu cür layihələr təkcə region dövlətləri ilə məhdudlaşmır, eyni zamanda Avropa ölkələri bu layihələrdən faydalanan və qazanan ölkələr sırasındadır.
Bu layihələr Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaradıb. Ölkə başçısı bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir: “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji xəritəsini dəyişir. Avropa istehlakçıları etibarlı, dost mənbədən, yeni mənbədən qaz alacaqlar. Azərbaycan qaydalarla, təcrübə və qanunvericiliklə tənzimlənən böyük bazarlara çıxışı əldə edəcək. Bu, elə mənbədir ki, onilliklər boyu etibarlı təchizatı təmin edə bilər. Əminəm ki, bu, belə də olacaq, çünki Azərbaycanın son iyirmi il ərzində başladığı bütün layihələr uğurlu layihələr olub. Bu layihə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir”.

TAP Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm rol oynayacaq

TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcək. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir.
Son illər imzalanan bir sıra sazişlər ölkəmizin beynəlxalq layihələrə qoşulmasına imkan verir. Bu layihələr iştirakçı ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır. Belə layihələrdən biri də “Lapis-Lazuli” marşrutudur ki, bununla bağlı saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.
Artıq Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanan və tərəfdaş ölkələr arasında yük və sərnişin nəqliyyatında tranzit keçid imkanını təmin edəcək olan “Lapis Lazuli” adlı sazişin tətbiqinə başlanılıb. Tranzit Nəqliyyat Layihəsi, razılaşmaya tərəf ölkələrin yük və məhsullarının heç bir maneəyə rast gəlmədən daha sürətlə hərəkət etməsinə səbəb olacaq. “Lapis Lazuli” layihəsi ilə İpək Yolunun, Bakı-Tbilisi-Qars dəmir yolu, Qara dəniz limanları, boğaz körpüləri və Marmaray xəttindən keçərək, Türkiyə üzərindən Avropaya bağlanmasını da təmin etmiş olacaq. “Lapis Lazuli”nin fəaliyyətə başlaması tərəf ölkələri arasında iqtisadi və ticarət əlaqələri sürətlə inkişaf edəcək və Avropa əlaqəsi güclənəcək.

Bakı Limanı ölkənin tranzit imkanlarının genişlənməsində həlledici rola malikdir
Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyur. Ölkə başçısı bildirib ki, yeni Bakı Limanı ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülüb. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
“Ehtiyac içində yaşayan erməni xalqını artıq yalan vədlərlə aldatmaq mümkün deyil”
19.06.2019
Ermənistanda gələn il üçün də doğum və nikahın azalması proqnozlaşdırılır
18.06.2019
BMT: ”Gələcəkdə Ermənistanın əhalisi 1 milyon nəfər azalacaq”
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info