“Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq bizim əsas məqsədimiz inteqrasiyadır”
Tarix: 17.07.2013 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Nərgiz Əliyeva: “Gürcüstanın müxtəlif şəhər və bölgələrində mədəniyyət festivallarının təşkili və keçirilməsi gürcü xalqının bizim xalqımızı daha da yaxından tanımasına xidmət edir”

Müsahibimiz Nərgiz Əliyeva Gürcüstanın Marneuli şəhərində anadan olub. Orta təhsilini Moskva şəhərində alıb. Moskva Dövlət Statistik, İnformatika və İqtisadiyyat Universitetinin Hüquq fakültəsini bitirib. 2006-cı ildən bu günədək Azərbaycanlıların Mədəniyyət Mərkəzində Gənclər şöbəsinin və Mətbuat xidmətinin rəhbəridir. Eyni zamanda Gürcüstanın Azərbaycanlı Gəncləri İttifaqının sədr müavinidir. Həmçinin Dünya Azərbaycanlıları Gənclər Birliyinin üzvüdür. Ailəlidir, 1 övladı var.


-Nərgiz xanım, Gürcüstandakı azərbaycanlı gənclərin həmrəyliyi necədir?

- Son illər Gürcüstanda yaşayan azərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığı xeyli artıb, bu, özünü gənclərin təhsilə marağında, təşkilatlanmasında göstərir. Onların birləşib müxtəlif tədbirləri, layihələri həyata keçirməsi, bir hədəfə doğru və məqsədlə addımlamaları onlarda birlik və həmrəylik yaradır. Gənclər arasında həmrəyliyi və fikir mübadilələrini biz sosial şəbəkələrdə müzakirələri zamanı da görürük. Onların Azərbaycan xalqının mədəniyyətinə, tarixinə bağlılıqları, mənəviyyata, poeziyaya, elmə maraqları həmfikirləri arasında möhkəm dostluq əlaqələrinin yaranmasına və birləşmələrinə səbəb olur. Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsi olaraq bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçiririk ki, gənclər arasında bu həmrəylik daha da möhkəmlənsin. Məhz buna görə də biz müxtəlifyönlü klublar, tələbə və şagird birlikləri yaratmışıq ki, gənclər güclərini, ideya və məqsədlərini birləşdirib birgə addımlasınlar.
Ümumilikdə, yaşadığımız cəmiyyətdə azərbaycanlı gənclərin səsi günü-gündən eşidilməkdədir.
- Ötən illlərlə müqayisədə azərbaycanlı gənclərin dövlət strukturlarında vəzifəyə təyin olunmasında irəliləyiş hiss olunurmu?
- Şübhəsiz ki, müstəqil Gürcüstanda dövlət dilində ali təhsil ocaqlarında müxtəlif elmi pillələrdə təhsilini bitirmiş gənclərimiz artıq meydandadır. Bu cür savadlı və bacarıqlı gənclərin dövlət strukturlarında vəzifəyə təyin olunma prosesi artıq başlayıb. Parlamentdə təmsil olunan gənc deputatlarımızdan olan Əli Məmmədovu qeyd etmək olar. Bu günlərdə bir neçə gəncimiz artıq dövlətin idarəedici orqanlarında işlə təmin olunublar. Misal olaraq baş nazir Bidzina İvanişvilinin milli məsələlər üzrə köməkçisi vəzifəsinə təyin olunmuş Savalan Mirzəyevin və Gürcüstanın Müdafiə Nazirliyinin ictimai əlaqələr departamentinin baş mütəxəssisi Benyamin Qasımovun, gömrük və vergi sistemində Ayaz Məmmədovun, eləcə də yerli özünüidarəetmə orqanlarında da gənc azərbaycanlıların adlarına rast gələ bilərik. Ümid edirik ki, bu cür yüksək vəzifədə çalışan və xalqımızı təmsil edən gənclərimizin sayı xeyli artacaq. Bunun üçün bizim yetərli sayda bacarıqlı, savadlı, dövlət dilini mükəmməl bilən, layiqli gənclərimiz var.
- Ümumiyyətlə, İvanişvili hakimiyyətində gənclərə nə kimi yer verilir?
- Bildiyiniz kimi, yeni hökumət formalaşmaq üzrədir, ilkin addımlarda yeni hökumətin gənclər siyasəti və dövlət strukturlarında onlara xüsusi yer ayırması təqdirəlayiqdir. Baş nazir çıxışlarında dəfələrlə qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların nümayəndələri ən yüksək vəzifələrdə təmsil olunacaq. Yuxarıda qeyd etdiyim kimi, bu proses artıq başlanılıb. Gələcəkdə də davam edəcəyinə inanırıq. Bu da gənclərimizdə stimul yaradacaq.
- Gənclərimiz gürcü dilini öyrənməyə və Gürcüstan cəmiyyətinə inteqrasiya olunmağa nə dərəcədə maraqlıdırlar?
- Sovetlər dövründə yaranmış ən böyük boşluq burada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiya problemi idi. Son dövrdə bu problem həll olunma mərhələsindədir. Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq bizim əsas məqsədimiz inteqrasiyadır. Bu öncə dövlət dilinin mükəmməl şəkildə mənimsənilməsilə bağlıdır.
Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) 3 il ərzində Gürcüstanın azərbaycandilli məktəblərində gürcü dili kursları təşkil edib. Kurslara 1700-dən çox dinləyici cəlb olunub. Kursların fəaliyyət göstərdiyi müddətdə ali təhsil ocaqlarına daxil olan tələbələrin 80%-i kursların dinləyiciləri olub.
AMM-nin təklifi ilə 1+4 adlı dövlət proqramı tətbiq olunub ki, milli azlıqlardan Gürcüstanın ali təhsil ocaqlarına daxil olan tələbələrin sayı xeyli artıb. Biz də öz növbəmizdə onlara stimul vermək məqsədi ilə tələbələr üçün aylıq təqaüd proqramları həyata keçiririk ki, onların bir sıra ehtiyacları qarşılansın. Təqaüdlər Azərbaycanın bir sıra şirkətləri və ARDNŞ-in Gürcüstan nümayəndəliyi tərəfindən təqdim olunur. 2011-ci ildən etibarən AMM və İslam İnkişaf Bankının imzaladığı memoranduma əsasən, Gürcüstanda ali məktəblərə daxil olan tələbələrin sayı günü-gündən artmaqdadır. Müqayisə üçün qeyd edim ki, əgər 2006-cı ildə onların sayı 10 nəfər idisə, bu gün artıq 1000-dən çox tələbəmiz dövlət dilində müxtəlif elmi pillələr üzrə təhsil alır.
Zənnimcə, bu, gənclərimizin dövlət dilinə və təhsilə olan marağının və mənimsəmələrinin bir göstəricisidir.
-Soydaşlarımızın kompakt yaşadığı bölgələrdə gənc olaraq onların problemlərini nə dərəcədə qabarda bilirsiniz?
- Bu gün bizim ən böyük problemimiz işsizlik problemidir. Gənclərimizin böyük hissəsi burada iş tapa bilmədikləri üçün qonşu ölkələrə üz tuturlar. Bölgədəki əhalinin məşğul olduğu sahə ən çox kənd təsərrüfatıdır. Rusiya bazarı bağlı olduğu üçün bu sahədə də müəyyən çətinliklər var. Yeni hakimiyyətin əsas məqsədlərindən biri də elə bu problemi həll etməkdir. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın Gürcüstanda həyata keçirdiyi irimiqyaslı layihələr, qoyduğu investisiyalar və fəaliyyət göstərən şirkətlər bu problemin həllinə təkan verir. Onlardan ARDNŞ-in Gürcüstan nümayəndəliyini qeyd edə bilərəm ki, apardığı uğurlu işlərdən başqa, həm də gənclərimizin işlə təmin olunması istiqamətində də mühüm addımlar atıb. Bu və digər problemləri yazılı şəkildə bizim təşkilat və digər təşkilatlar da aidiyyəti orqanlara çatdırır və həlli üçün müəyyən addımlar atırıq.
-Gürcüstandakı gənclərimiz diaspor sahəsində aktivlik göstərirlərmi?
- Dünyada diaspor şəklində yaşayan azərbaycanlılardan fərqimiz ondadır ki, biz Gürcüstanın yerli aborigen sakiniyik. Təbii ki, dünyada yaşayan azərbaycanlıların bir hissəsi olaraq bizim əsas missiyamız xalqımızı bu cəmiyyətdə layiqincə təmsil etməkdir. Bu mədəniyyətimizin, həqiqətlərimizin, dəyərlərimizin təbliği ilə həyata keçirilir. Burada fəaliyyət göstərən ictimai təşkilatlarla yanaşı, biz də bu istiqamətdə bir sıra işlər görürük. Gənclərimizin təşkilatçılığı ilə digər millətlərin iştirakı ilə müxtəlif tədbirlər keçirilir.
Tiflisdə Heydər Əliyev adına Azərbaycan Dram teatrı, M.F.Axundov adına Mədəniyyət Muzeyi və s. kimi mədəniyyətimizi təbliğ edən ocaqların fəaliyyəti bizim xalqın mədəniyyətinin və incəsənətinin təbliğatına yönəlir. Bundan başqa Gürcüstanın müxtəlif şəhər və bölgələrində mədəniyyət festivallarının təşkili və keçirilməsi gürcü xalqının bizim xalqımızı daha da yaxından tanımasına xidmət edir. AMM-nin nəzdində “Sarvan” folklor rəqs qrupu fəaliyyət göstərir ki, beynəlxalq müsabiqələrdə və xaricdə Azərbaycan və gürcü rəqslərini layiqincə təbliğ etməkdədir. Azərbaycanın bugünkü inkişafı və Gürcüstanla dostluq əlaqələri buna imkan yaradır ki, burada yaşayan azərbaycanlılar da bu dostluğun möhkəndirilməsi istiqamətində öz töhfələrini versin.
-Siz Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsi olaraq gənclərlə bağlı hansı işlər görürsünüz?
- 10 ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin işləri əsasən gənclərin inkişafına və maariflənməsinə yönəlib. Mərkəzin nəzdində fəaliyyət göstərən Gənclər şöbəsi olaraq bir sıra layihələr həyata keçirməkdəyik. Şöbəmizin nəzdində tələbə və şagirdlər birliyi, tibb, ədəbiyyat və incəsənət klubları, treninq mərkəzləri, dil klubları və s. kimi birliklər fəaliyyət göstərir. Onların vasitəsi ilə gənclər üçün xüsusi treninqlər, aksiyalar, ekskursiyalar və bu kimi işlər həyata keçiririk. Şöbəmizin üzvlərinin içində gürcü gəncləri də təmsil olunurlar. Bununla da biz iki xalqın gəncləri arasında dostluq əlaqələri qurmaq istəyirik. Yaradıcı gənclər üçün təşkil etdiyimiz müsabiqələr və görüşlər gənc nəslin bu sahələrə də maraqlarının artmasına səbəb olur. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində klublarımız fəaliyyət göstərir ki, işlərimizi daha da geniş şəkildə həyata keçirməyə və gənclərin əlaqələndirilməsinə təkan verir. Çalışırıq, layihələrimizə region və kəndlərdə yaşayan gəncləri də cəlb edək ki, mərkəzi şəhərlərdə gedən proseslərdən və inteqrasiyadan uzaqda qalmasınlar.
Yaxın gələcəkdə dünyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları ilə yaxından əməkdaşlıq etməyi düşünürük. Dünya Azərbaycanlıları Gənclər Birliyinin üzvüyəm və rəhbərlik etdiyim şöbə bu təşkilatla bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsini də planlaşdırır.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info