Fikir
Tarix: 18.07.2013 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


|

Fikir
Bir anda beynimə min fikir gəlir,
Fikir limanıdır beynim elə bil.
Gör necə sıxlaşır, necə seyrəlir,
Fikir dumanıdır beynim elə bil.

Allahsız bir fikir tufan eləyir,
Ürəksiz bir fikir aman diləyir.
Fikirlər bir-birin al-qan eləyir,
Döyüş meydanıdır beynim elə bil.

Qalib gələn də mən, məğlub olan da,
Özüm öz əlimdə əsirəm belə.
Fikirdən kənara çıxa bilmirəm,
Mən fikir içində gəzirəm belə.

Fikir mənim, mən də fikir içində,
Hörüktək gör necə hörülmüşük biz.
İkimiz birləşib bu adamlara,
Fikirli adamtək görünmüşük biz.

“Min fikir bir borcu ödəməz” demə,
Bir fikir min borcu ödəyə bilər.
Fikir dumanında itib-batmayan
Şair oxucuya nə deyə bilər?!

Min bir məna yatan ən incə söz də,
Nə göydən düşür, bax nə yerdən çıxır.
Qəlbini oxşayan o uca söz də,
İnan ki, ən dərin fikirdən çıxır.

Fikirsiz ötən gün dərd olur, şair,
Çəkdiyim ahı da fikir aparır.
Yerdə fikirlərə qərq olur şair,
Göydə Allahı da fikir aparır.




Ürəyim

Bir cavabsız sevgidən
Xarab oldu ürəyim.
Gücdən düşdü günü-gündən,
Bitab oldu ürəyim.

Qaldı ömrün çölündə,
Qaçdı ondan ölüm də.
Hər gün qəmlər əlində,
Rübab oldu ürəyim.

Gördü düşmən də, dost da,
Bir söz ocağı üstə.
Hey bişib asta-asta,
Kabab oldu ürəyim.




Bu qürbət dünyanın qərib yolçusu

İşığı azalmaz, nuru azalmaz
Tanrının mərhəmət çırağı kimi.
Sevgidən özgə bir marağı olmaz
Göylərin yerlərdə dayağı kimi.
Aclara çörəkdi, susuzlara su
Bu qürbət dünyanın qərib yolçusu.

Nəfəsi dəyməsə, dünya durulmaz,
Azar dumanlarda haqqın yolları.
Hər kəsin ruhuna nur qatar bir az,
Bir az da güc tapar haqqın qolları.
Göylərin hökmüdür, yerin arzusu
Bu qürbət dünyanın qərib yolçusu.

Gözləri əbədi eşqin səması,
Yerə də, göyə də gün dilər belə.
Özünə qaytarar eşqin mənasın,
Dirilər min illik ölülər belə.
Odur hər vicdanın aydın güzgüsü
Bu qürbət dünyanın qərib yolçusu.

İlahi, kim duyar, kim anlar onu,
Məhşər ayağına çəkərlər yenə.
Yenə daşa basar nadanlar onu,
Qanın ovuc-ovuc içərlər yenə.
Susar qəmli-qəmli dildə duası
Bu qürbət dünyanın qərib yolçusu.

Hər sözü açardır, açar göylərə,
Qəlbini süfrə tək açar göylərə.
Yerin ağrısını çəkib canına,
Bir qanlı çarmıxdan uçar göylərə.
Ruhunda tükənməz eşqin acısı
Bu qürbət dünyanın qərib yolçusu.




Nəyin var uduzmağa...


Bəxtin yıxılıb yatdı, tək qaldın ayaq üstə,
Azdın sən öz yolunu yolların hamarında.
Bir əlin ürəyində, bir əlin varaq üstə,
Uça bilmir sözlərin hələ öz qatarında.

Hansı nəfəs soldurur, İlahi, bu gülləri,
Sözüm yamaya bilmir bu sınıq könülləri.
Lələklər qarğış kimi örtür yenə çölləri,
Bir kainat qərq olur bir durna havarında.

Məhəbbət zərrə-zərrə qorxuya çevriləndə,
Hər adam bir qaranlıq quyuya çevriləndə,
İnsanın damarında qan suya çevriləndə,
Qan axır su yerinə torpağın damarında.

Bir saralmış nəğmədir hər payızın son ayı,
Boğazında qəhərdir ürəyinin harayı...
Sevinci şəhid olmuş bir ömürdən savayı,
Nəyin var uduzmağa taleyin qumarında?!


Bilmirəm necə deyim

Hamıya gərək olan
Hamıya gərək olmur.
Ha yazsam da bu şeiri,
Bu ömrə dirək olmur.

Bilmirəm necə deyim,
Xətri qalmasın Göyün.
Gerçəklər bir şey deyil,
Röyalar gerçək olmur.

Bu insan bu həyatda
Özünə sirdir hətta.
Ağır fikirlər altda
Yeyin yerimək olmur.







Mən ürəkdə qalan sözə bənzərəm

Mən bir gündə min xəyala düşərəm,
Hərdən qışa, hərdən yaza bənzərəm.
Çalxalanıb haldan-hala düşərəm,
Hərdən oda, hərdən buza bənzərəm.

Nə şeytan yaşadım, nə də ki mələk,
Dərd oldu dərdimdən dərdiyim çiçək.
Az mənim külümü sovur, ay külək,
Mən kül altda qalan közə bənzərəm.

Eşqin yaşıl bulağında gəz məni,
Gəl mey bilib badələrə süz məni.
Hardan biləcəksiz axı siz məni,
Mən ürəkdə qalan sözə bənzərəm.






Yol
Mən biləni şeytan bilə bilməz ki,
Ha səslərəm amma yola gəlməz ki.
Hər adamın yolu ola bilməz ki,
Sevgi dolu ürəklərdən ötən yol.

Gözümüzdə yeri-göyü boz eylər,
Könlümüzün atəşini buz eylər.
Ömrümüzün günlərini toz eylər,
Ruhumuzu pambıq kimi didən yol.

Gözlərin dolmasın qəlbin qəmindən,
Heç də qəm yağmasın hər qədəmindən.
Keçər bu dünyanın cəhənnəmindən,
O dünyanın cənnətinə gedən yol.




Baxışım gül açmır yanağın üstə


Yəqin, nəfəsindən şaxta gəlibdi,
Baxışım gül açmır yanağın üstə.
Ox kimi dəyirəm gözünə hər gün,
Adım zəhər dadır dodağın üstə.

Bir ömür olmadı bu eşqin ömrü,
Çaşıb yaşayıram bu çaşqın ömrü.
Sənin ürəyində, yar, eşqin ömrü,
Bir şeh ömrüymüş yarpağın üstə.

Bu sevda gözümü tor kimi örtdü,
Həsrətin qəlbimi qar kimi örtdü.
Nahaq yaşıl-yaşıl nəğmələr ötdüm,
Yarpağı saralmış budağın üstə.

Qışla ölüb gedən yazla dirilsə,
Xoş halına könül sazla dirilsə.
Şeirlə yaşarmı–sözlə dirilsə,
Bu sevgi bu gündən varağın üstə.





Göylərin uca bir qatına çıxdım

Başıma göylərdən yağan daşları,
Bir-bir ayağımın altına yığdım.
Qaldı aşağıda göyün quşları,
Göylərin uca bir qatına çıxdım.

Gəldi mələklərdən bir səs, bir səda,
“Tanrı səni seçdi, səni bəyəndi,
Söylə günah dolu yerə əlvida,
Gəl, gəl, bu gördüyün göylər sənindi.”

İndi yerdəkilər daş atır mənə,
Daş atıb deyirlər, düş gəl aşağı.
Elə bilirlər ki, çıxmaq asandır,
Belə ucalara, zalım uşağı.




Gəlirəm

Bələyə bilmədim nura günləri,
Başımı köksümə əyib gəlirəm.
Qanımı qaraldan qara günləri,
Bəyaz kəfən kimi geyib gəlirəm.

Hər üzə gülənə gül uzatmıram,
Qibləsiz mənzilə yol uzatmıram.
Özgə süfrəsinə əl uzatmıram,
Mən öz ürəyimi yeyib gəlirəm.

Yuxarı qalxmadı bir yol qaşları,
Bəs haçan dəyəcək o kal başları?!
Yoldaş olsun deyə bu yol daşları,
Sözümü daşlara deyib gəlirəm.

Gəlmədim Adəmlə deyişmək üçün,
Gəldim bu şeytanla döyüşmək üçün.
Mən hər gün havamı dəyişmək üçün,
Gedib o dünyaya dəyib gəlirəm.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info