Prezident şəhid ailələrinin sosial müdafiəsini daha da gücləndirdi
Tarix: 30.01.2019 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb. Fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. Fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır

Qeyd edək ki, Prezident daim şəhid ailələrinə diqqət və qayğı göstərir. 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman da şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar olub. İctimaiyyətin böyük rəğbət və məmnunluqla qarşıladığı həmin fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dövlət başçısının göstərdiyi qayğının daha bir ifadəsi idi. İndiyədək 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib və bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam edir. Prezident bir neçə gün əvvəl şəhid ailələrinin bir qrupu ilə görüşərək onlara dəstəyin dövlətin həyata keçirdiyi siyasətdə prioritet olduğunu göstərdi. Görüş zamanı Prezidentin şəhid valideynlərinə göstərdiyi yüksək diqqət cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlət başçısı həmin gün imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsini daha da genişləndirdi. Fərmana əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək şəhid olmuş daha 2725 şəhidin (o cümlədən 11 min manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulub. Ümumiyyətlə, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrdə həmin kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. İndiyə qədər müharibə əlillərinə 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Son fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Şəhid ailələri daim dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsi ildən-ilə yaxşılaşır. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alır. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləğinin artırılması ilə bağlı son fərman Prezidentin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğısını növbəti təsdiqidir.

Şəhid övladı: “Biz ölkəmizdə şəhid ailələrinə olan hörmətdən, göstərilən yüksək qayğıdan razıyıq”

Prezidentin bu dəstəyi şəhid yaxınları tərəfindən böyük razılıqla qarşılanır. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Ağdam rayonu Qaradağlı kənd sakini, şəhid Zakir Tağıyevin övladı Hafiz Tağıyev AZƏRTAC-a deyib ki, şəhid ailələri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub: “Prezidentin fərmanı ilə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələrinə maddi kömək olmaqla yanaşı, həm də böyük mənəvi dəstəkdir”. Ermənilərin torpaqlarımıza təcavüzü başlayanda Zakir Tağıyev könüllü olaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdamda yaradılan özünümüdafiə batalyonunun tərkibində bir çox döyüşlərdə iştirak edib. İki dəfə yaralansa da, yenidən döyüşlərə qayıdıb. Xocalı soyqırımı zamanı xocalılıların çıxarılmasında yaxından iştirak edib. 1993-cü il avqustun 7-də Kəngərli və Çəlik kəndləri uğrunda gedən döyüşdə şəhid olub. "Biz ölkəmizdə şəhid ailələrinə olan hörmətdən, göstərilən yüksək qayğıdan razıyıq. Dövlətimizin başçısının şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsinə dair imzaladığı fərmana əsasən, bizə də 11 min manat məbləğində birdəfəlik ödəmə olunub. Bir şəhid övladı kimi belə bir humanist addıma görə Prezident İlham Əliyevə minnətdaram. Prezidentin yanvarın 28-də şəhid ailələri ilə görüşməsi də bu qəbildən olan insanlara böyük ehtiramın göstəricisidir. Atam Vətən uğrunda şəhid olub. Ali Baş Komandan əmr verərsə, mən də atam kimi Vətənimin ərazi bütövlüyü uğrunda döyüşlərə hazıram" - deyə Hafiz Tağıyev bildirib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
13.02.2019
“Cedarnyus” qəzetinin baş redaktoru: Qarabağ tarixi Azərbaycan torpağıdır
11.02.2019
Minimum əmək haqlarının artırılması əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir
08.02.2019
Müxalifətin “yalan maşını”
07.02.2019
Paşinyanın əməkhaqqı və pensiyaların kəskin artımı barədə xalqa verdiyi vədlər reallaşmadı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info