“Milli şura”nın növbəti iflası
Tarix: 31.01.2019 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Uzun illərdir ki, müxalifət partiyaları, eləcə də müxalifətdə olan siyasətçilər arasında narazılıqlar, intriqalar, düşmənçilik mövqeyi hökm sürür. Dəfələrlə olub ki, bir araya gələn müxalifət partiyaları sonda yaratdıqları birlik, hərəkat və ya qurumlardan narazı halda ayrılıblar. Özlərinə güclü siyasətçi deyən bu şəxslər vahid məxrəcə gəlmək, həmrəylik göstərib uğurlu mübarizə naminə bir mərkəzdən idarə olunmaq və ya ən azından seçkilərdə vahid namizəd müəyyənləşdirmək əvəzinə, daim fikir ayrılığı yaradan addımlar atırlar. Seçkilərdən söz düşmüşkən, onu da xatırladım ki, müxalifət partiyaları seçkidən-seçkiyə bir qədər aktiv fəaliyyət göstərmələri ilə də tanınır. İlboyu passiv fəaliyyət göstərib ortaya heç bir siyasi konsepsiya və s. qoymayan bu partiyalar seçki ilində “qış yuxusu”ndan ayılıbmış kimi, qəfil meydana atılaraq təkcə hakimiyyətlə-iqtidarla deyil, elə öz aralarında da mübarizə aparırlar.
Bu cür neqativ fəaliyyəti dünən də müşahidə etdik. Belə ki, hər il olduğu kimi, dünən də bəzi müxalifət partiya və birlikləri Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ayrı-ayrılıqda ziyarət etdi. Halbuki “milli şura” və Müsavat partiyası abidəni eyni saatda, birgə ziyarət edə bilərdi. Amma əvvəldən də Müsavat partiyası elan verərək müsavatçılara çağırış etmişdi ki, onlar abidəni ayrıca - “milli şura”ya qoşulmadan ziyarət edəcəklər. Xatırladım ki, bu anormal qurum yarananda Müsavat “milli şura”ya qoşulsa da, sonradan buranı narazılıqla tərk etmişdi. Yəni zatən sözügedən qurumla Müsavat arasında gərginlik var idi. Bu gərginliyin bu gün də davam etdiyini görürük. Baxmayaraq ki, müsavatçı Tofiq Yaqublu tez-tez Əli Kərimlinin yanında peyda olur, ümumilikdə, Müsavat rəhbərliyi ilə Əli Kərimli və onun Cəmil Həsənlinin adı ilə idarə etdiyi “milli şura” üzvləri arasında xoş münasibətlər formalaşmayıb.
Məlum ziyarətin ayrı-ayrılıqda təşkil olunması isə bir daha “milli şura” ilə Müsavat, eləcə də, Klassik Xalq Cəbhəsi Partiyası və digərləri arasında münasibətlərin hələ də soyuq olduğunu göstərir. Müxalifətdə olanların əksəriyyəti Rəsulzadə yolunun davamçıları olduqlarını desələr də, Məhəmməd Əmin Rəsulzadə sağ olsaydı, özü bu siyasətçilərdən imtina edərdi... Yəni Rəsulzadənin 1918-ci ildəki amalı və sərgilədiyi siyasət zərrə qədər də olsa, indiki müxalifət partiyalarının fəaliyyəti, məqsəd və məramları ilə üst-üstə düşmür. Sadəcə olaraq, bu cür ziyarətlər müxalifətdə öz qüvvələrinin nümayişi üçündür ki, “baxın ölkədə əsas müxalifət mənəm!”. Əslində, ayrı-ayrılıqda olan bu ziyarətlərlə bağlı görüntülərə baxanda aşkar görünür ki, sosial bazası ilbəil zəifləyən bu partiyalarda gücdən, müxaliflikdən əsər-əlamət qalmayıb. Artıq bu anormal görüntülərlə bağlı elə müxalifət daxilindən də təəssüf doğuran fikirlər səsləndirilir. Məlum ziyarətlə bağlı sosial şəbəkələrdə paylaşılan foto və videoların altında yazılan şərhlərə baxanda görmək olur ki, cəbhəçilərdən tutmuş, müsavatçılar, hətta REAL Partiyasının üzvlərinə qədər, əksəriyyət müxalifətin bu cür pərakəndəliyini, Rəsulzadənin abidəsini belə, ziyarət edərkən həmrəylik göstərməməsini qınayır. Hətta “milli şura”nın 300 nəfərə yaxın adam yığa bilməsi isə sosial şəbəkələrdə əsl məsxərəyə çevrilib. Elə müxalifət rəhbərləri də buna yaxşı bəhanə tapıblar - “Əsas ziyarət etməkdir”.

Ağızdolusu “xalqın dəstəyi” barədə danışanlar bütün hazırlıqlara baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 200-300 adamla qatıla bildilər


Əslində isə bu cür siyasətin sərgilənməsi, yuxarıda da qeyd etdiyim kimi, müxalifət partiyaları və ya siyasətçilərin bir-birinə gövdə nümayiş etdirməsi deməkdir. Gövdə də nə gövdə-biri 200, digəri də 100 nəfər tərəfdaş toplayıb. Yeri gəlmişkən, onu da xatırladım ki, “milli şura”nın ziyarəti zamanı hakimiyyət əleyhinə şüarlar da səsləndirilib... Bu isə xoş mənzərə yaratmır. Bu səbəbdən də polislərin bir neçə gün öncə müxalifətin 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanını mitinq şəklində, hamıdan fərqli olaraq, nizamsız qaydada ziyarət etmək istəməsinə icazə verməməsini alqışlayıram! Mən təsəvvür edirəm ki, anım gününü siyasiləşdirməyə, öz məqsədləri üçün istifadə etməyə çalışanlar, o müqəddəs məkanda hansı şüarlar səsləndirib, fit çalıb, halay vurub “Əli bəy” şüarları ilə tragikomik bir durum yaradacaqdılar... Yəni Şəhidlər xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi spekulyasiya və şou meydanına çevirmək istəyən müxalifət polisin operativ davranışı sayəsində öz niyyətinə çatmadı. Əli Kərimlinin utanmadan Şəhidlər xiyabanı ilə bağlı danışdığı fikirlər isə indiki halda, lap yerinə düşür. O deyirdi ki, polis, guya, qəsdən “milli şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxıb ki, az görünsünlər. Əcəba, Əli Kərimli, xiyabana 10 min adam topladığını deyirdin, bəs hanı o kütlə? Niyə indi abidə önünə 500 nəfər yığa bilmədiniz? Görəsən, “milli şura” Rəsulzadənin heykəlinin yanına o “10 minləri” niyə apara bilməyib? Axı polis onlara heç bir maneçilik törətməmişdi! Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa, bir şey deyil.
Doğrudan da, gülməli durumdur, bir neçə gündür ki, sosial şəbəkələr və başqa vasitələrlə Rəsulzadənin ildönümünü “möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən “milli şura”, Müsavat, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığmaqla, rəzil durumda olduqlarını göstərdilər.
Hətta AXCP sədri Əli Kərimli və “milli şura” rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəlib. Bir o qədər də Müsavat partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə, nə az, nə çox, 3 nəfərlə gəlib... Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir.
Qısası, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 200-300 adamla qatıla bilən bu şəxslər hansı potensiala malik olduqlarını bir daha gördülər. Ən gülməlisi isə o idi ki, Əli Kərimli oturub-durub deyirdi ki, guya, struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və Birinci vitse-prezidentin tapşırıqları, şəhid ailələri ilə görüş, bununla bağlı verilmiş sərəncamlar və s. kimi tədbirlər 19 yanvar mitinqinin effektidir. Əslində isə son rəzillikləri, hakimiyyətin mütəmadi olaraq atdığı müsbət addımları 19 yanvar mitinqinin effekti ilə izah etmək cəhdinin sabun köpüyündən başqa, bir şey olmadığını göstərdi...




 
Müəllifin son yazıları

20.06.2019 İslahatlar müxalifəti niyə narahat edir?
07.03.2019 Leyla Yunusun daxilindəki erməni sevgisi
11.02.2019 Qərəzin də bir həddi var...
20.05.2013 Sürücülük mədəniyyəti və artan qəzalar…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info