Fransanın erməni sevgisi: ölkəsində siyasi böhran yaşanan Makron tarixi hadisələri siyasi vasitəyə çevirir
Tarix: 06.02.2019 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Türkiyəli hərbi ekspert: “Burada iki mühüm amil var. Birincisi, erməni diasporunun qarşısında götürülən öhdəlik, ikincisi, Fransadakı mövcud siyasi böhranı arxa plana keçirmək”


Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir. Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan E.Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, Fransa təqviminə qondarma "erməni soyqırımı" ilə bağlı anım gününün əlavə ediləcəyini açıqlayıb: “Fransa 1915-ci il hadisələrini dövrün soyqırımı hesab edən və uzun mübarizədən sonra 2001-ci ildə onu qanunla tanıyan ilk ölkələrdən biridir. Qarşıdakı həftələrdə ölkəmizdə aprelin 24-nü erməni soyqırımını anma günü olaraq qəbul edəcəyimizlə bağlı rəsmi qərarımızı açıqlayacağıq”. Makronla yanaşı ziyafətdə Paris meri Ann İdalqo, İl-de-Frans regionunun Şura sədri Valeri Pekress, Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin həmsədrləri Murad Papazyan və Ara Toranyan kimi erməni lobbisinin fəal üzvləri də olub. Qeyd edək ki, Fransa 1915-ci il hadisələrini qondarma "soyqırım" kimi tanıyan ilk dövlətlərdən biridir. Emmanuel Makronun saxta “erməni soyqırımı” ilə bağlı açıqlaması Türkiyə tərəfinin kəskin etirazına səbəb olub. Məsələyə ilk etiraz edən Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın olub. Anadolu Agentliyinin məlumatına görə, Fransa Prezidentinin 24 aprel tarixini saxta “erməni soyqırımı” günü elan etmək barədə açıqlamasının kəskin şəkildə qınadıqlarını ifadə edən İbrahim Kalın bildirib ki, ölkəsində siyasi böhran yaşanan Makronun tarixi hadisələri siyasi vasitəyə çevirməsini rədd edirik: “Saxta “erməni soyqırımı” iddiaları hüquqi əsası olmayan və tarixi həqiqətləri təhrif edən siyasi yalandır. Bunun Türkiyə üçün heç bir hüquqi hökmü yoxdur”.

“Saxta soyqırımı açıqlaması Fransa üçün siyasi ləkədir”

Türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Guçlüer AZƏRTAC-a deyib ki, əslində Fransa Prezidentinin saxta “erməni soyqırımı” ilə bağlı açıqlamasında yeni heç nə yoxdur: “Təəssüf ki, Avropanın bəzi siyasətçiləri qoca qitədə köklənən erməni millətçi dairələrinin təsirindən çıxa bilməyiblər. Bu aşıqlama da əvvəlki ədalətsiz mövqelərin davamıdır”. O deyib ki, Fransanın dövlət başçısı bu açıqlamasının Türkiyə dövləti və xalqı tərəfindən kəskin etirazla qarşılanacağını yaxşı bilirdi: “Belə bir açıqlamanın ortaya çıxmasında iki mühüm amil var. Birincisi, erməni diasporunun qarşısında götürülən öhdəlik, ikincisi, Fransadakı mövcud siyasi böhranı arxa plana keçirmək. Bunların hər ikisi hüquqa və siyasi mədəniyyətə ziddir. Dövlət başçısı ayrı-ayrı qurumlar qarşısında götürdüyü öhdəliyə yox, seçicilərinə verdiyi vədə sadiq olmalıdır. Digər tərəfdən, yaxşı olar ki, Emmanuel Makron ölkəsindəki siyasi böhranın əsl səbəblərini siyasi mədəniyyətlə aradan qaldırmağa səy göstərsin, avantürist açıqlamalarla yox. Hadisələrin necə cərəyan edəcəyindən asılı olmayaraq saxta “soyqırımı günü” açıqlaması Fransa üçün siyasi ləkədir”.

Ümumi tətil 200 şəhəri əhatə edib

Qeyd edək ki, son vaxtlar Fransada daxili siyasi vəziyyət çox gərgindir. “Sarı jiletlər” aksiyası ilə silkələnə Fransada Makronun reytinqi sürətlə aşagı düşür. Makronun saxta “soyqırımı” ilə bağlı ədalətsiz qərar qəbul etdiyi gün ölkəsində baş verənlər də bunu təsdiq edir. Belə ki, fevralın 5-də Fransa Ümumi Əmək Konfederasiyası Həmkarlar İttifaqının (CGT) təşkilatçılığı ilə Əyilməz Fransa siyasi partiyasının və “sarı jiletlər” etiraz aksiyaçılarının birgə keçirdiyi ilk ümumi tətil 200 şəhəri əhatə edib. Daxili İşlər Nazirliyi nümayişçilərin sayını açıqlamasa da, CGT həmkarlar ittifaqı onların 300 min olduğunu bildirib. Yerli mətbuatda Parisdə şəhər meriyasından başlayaraq Yelisey çölləri prospektinə qədər davam edən nümayişdə CGT 30 min nümayişçinin, polis prefekturası 18 min, bir neçə media qurumunun sifarişi ilə Occurrence kabinetinin məlumatına əsasən 14 min nümayişçinin iştirak etdiyi bildirilir. Bələdiyyə binası qarşısında toplaşan minlərə nümayişçi Konkord Meydanına qədər yürüyüb. Burada qarşıdurma yaranıb: polis daş atan etirazçılara qarşı bibər qazından istifadə edib. Nümayişçilər əməkhaqqının artırılması, ədalətli vergi sisteminin yaradılması, liseylərlə bağlı islahatlar aparılmaması və universitetlərdə təhsil haqqının artırılmaması, nümayiş hüququ kimi tələblərlə küçələrə axışıblar.

Fransa Milli Assambleyası nümayişlərlə bağlı qanun qəbul edib

Fransanın Milli Assambleyasında isə “dağıdıcılara qarşı qanun” ilk oxunuşdan keçib. Assambleyanın sessiyasında 553 deputatdan 387-si iştirak edib. Onlardan 92-si qanunun əleyhinə səs verib, 74-ü isə bitərəf qalıb. Fransa iqtidar partiyasının 50 üzvü səsvermədə bitərəf qalıb. Bu qanunun nümayişlər zamanı zorakılığın qarşısını almaq və nümayişlərin fəallarını cəzalandırmaq üçün qəbul edildiyi bildirilir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info