Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşənlərin 80 faizi hərbçilərdir
Tarix: 07.02.2019 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb. Trend-in məlumatına görə, ötən il ərzində itkin düşmüş 775 nəfərin yaxınlarından 2170 ağız suyu nümunəsi götürülüb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndələri olan 4500-dək insan itkin düşüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi Daniel Messerli bildirib ki, həmin şəxslərdən 3800 nəfəri BQXK-nın Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80 faizi hərbçilərdir.
1992-ci ildən bəri 700-dək insan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tərəflərinə qaytarılıb. Qeyd edilib ki, girovluqdan azad edilənlər arasında hərbçilərlə yanaşı, mülki şəxslər də olub.
Bu arada Ukrayna vətəndaşı teleaparıcı Nadia Baziv Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirən N.Baziv gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini müraciətində qeyd edib.
Habelə sözügedən şəxs gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və Nadia Bazivin adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Yeri gəlmişkən, “Penta” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, ukraynalı politoloq Vladimir Fesenko AZƏRTAC-a açıqlamasında söyləyib ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı müsbət mövqe nümayiş etdirmir.
Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti, baş nazir N.Paşınyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət bəyanat verməyib.
“Paşınyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştə gedəcəyini görmürəm. O Ermənistanın siyasi kursunun dəyişməyəcəyini də bəyan edib. Ola bilsin ki, perspektivdə Paşinyanın mövqeyində dəyişiklik olsun. Əgər o Ermənistanın daxili siyasətində uğur qazana bilsə, ola bilər, münaqişənin həllində də hansısa mövqe ortaya qoysun”, - deyə Fesenko əlavə edib.
Politoloq bildirib ki, regionda sülhün əldə olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli önəmlidir.
Milli Məclisin deputatı Asim Mollazadə isə SİA-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla əlaqədar real addımlara keçəcəyini gözləyir: “Ermənistan bu istiqamətdə addım atarsa, əslində bu ölkə özünü xilas etmiş olacaq. Son dövrlər Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mülayim davranışlar nümayiş etdirildiyini deyən deputat söyləyib ki, real bəyanatlar əslində bu ölkənin 90-cı illərin əvvəllərində olan mövqeyini əks etdirir”.
Onun sözlərinə görə, işğalçı tərəf əslində problemin həlli istiqamətində yeni fikir irəli sürmür. A.Mollazadə bildirib ki, Azərbaycana təcili sülh lazımdır: “Bu baxımdan biz danışıqlar prosesini davam etdirməliyik. Sadəcə olaraq beynəlxalq ictimaiyyət, təşkilatlar bu istiqamətdə Ermənistanın davranışlarını ciddi şəkildə izləməlidirlər. Çünki, Ermənistan yenə də öz köhnə davranışlarını davam etdirə bilər. Əgər belə olsa, o zaman işğalçı ölkənin bu hərəkətləri dayandırılmalıdır ”. Ermənistanda fərqli proseslərin getdiyini dilə gətirən deputat qeyd edib ki, düşmən ölkənin sülhə hazır olduğu heç bir prosesdə öz əksini tapmır.

“Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün - həm diplomatik həm də hərbi vasitələrdən istifadə etməyə hazırdır”
Politoloq Fikrət Sadıqov isə SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün - həm diplomatik həm də hərbi vasitələrdən istifadə etməyə hazırdır. F. Sadıqov qeyd edib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının artması, Ermənistana yeni hakimiyyətin fonunda Azərbaycan öz diplomatik addımlarını daha güclü və qabarıq şəkildə ortaya qoymalıdır: “Hücumedici diplomatik addımlar ölkəmizin maraqlarını müdafiə etməklə yanaşı, Azərbaycana qələbə qazandıra bilər. Uzun illər ərzində davam edən münaqişə konkret nəticələrlə yekunlaşmalıdır ”.
Xalqların sülhə hazırlıqla bağlı məsələyə gəlincə politoloq vurğulayıb ki, Azərbaycan xalqı torpaqları işğaldan azad olunmayan qədər heç zaman sülhə hazır ola bilməz: “ Bu bir aksioma, reallıq və həqiqətdir. Sülhə erməni xalq hazır olmalıdır. Onlar uzun illərdir ki, digər dövlətlərin ərazilərinə iddialıdırlar. Bu iddialar yoxa çıxsa, o zaman xalqlar sülhə hazır ola bilərlər. Amma ilk şərt Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesinə başlanılmasıdır. Yalnız bu halda, xalqımız sülhə hazırlığını nümayiş etdirə bilər”.

“Fransada güclü erməni lobbisi fəaliyyət göstərir”

Politoloq Elxan Şahinoğlu isə SİA-ya açıqlamasında Fransanın qondarma erməni soyqırımı ilə bağlı qərarına münasibət bildirib. Politoloqun sözlərinə görə, bunun iki əsas səbəbi var: “Birinci səbəb odur ki, Fransa ilə erməni arasında tarixi bağlılıq var. Fransa Birinci Dünya Müharibəsində Osmanlı Türkiyəsinin zəiflədilməsi üçün bu ölkədə yaşayan ermənilərdən istifadə edib. Fransa Türkiyədə yaşayan erməniləri Türkiyənin o zamankı hakimiyyətinə qarşı qiyama həvəsləndirib. Bunun nəticəsində Türkiyədə qarşıdurmalar olub və ölənlər içərisində türklər, kürdlər və ermənilər də olub. Sonradan ermənilər bu hadisələri “erməni soyqırımı” kimi qiymətləndirdilər və ölənlərin sayını dəfələrlə artırdılar.
İkinci səbəb odur ki, Fransada güclü erməni lobbisi fəaliyyət göstərir. Erməni lobbisi siyasi zəmində çox fəaldırlar. Ona görə də ABŞ və Fransa kimi dövlətlərdə bir qrup siyasətçi erməni lobbisinin dəstəyini qazanmaq üçün ermənilərə xoş olan açıqlamalar verir, qərarlar qəbul edirlər. Fransanın keçmiş prezidenti Nikola Sarkozi erməniləri fransızların bacısı adlandırmış və ölkəsində “erməni soyqrımının” tanınmasını qanuniləşdirmişdi. Sarkozi hətta “erməni soyqrımının” inkarına görə cəzanı nəzərdə tutan qanuna imza atmışdı. Fransa Konstitusiya Məhkəməsi həmin qanunu təsdiq etmədi. İndi isə Emmanuel Makron “erməni soyqırımını” aprelin 24-də Fransada xatirə günü kimi qeyd etməyi qərara aldı.
Beləliklə, Fransanın prezidenti kim olursa-olsun, erməni lobbisinin dəstəyini qazanmağa çalışır. Makronun bu qərarı obyektiv olaraq həm Türkiyədə, həm də Azərbaycanda narazılıqla qarşılandı. Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədr dövlətindən biridir. Fransa neytral olmaq əvəzinə erməni lobbisini istəklərini yerinə yetirir. Bu isə Fransanın münaqişənin həllində neytarllığına gölgə salır. Çünki həmin erməni lobbisi Dağlıq Qarabağın işğalına dəstək verirlər.
Emmanuel Makronun qərarına və türkiyəli rəsmilərin sərt açıqlamalarına baxmayaraq Ankaranın və Bakının Parislə münasibətlərinə yenidən nəzərdən keçirəcəyini düşünmürəm. Türkiyənin və Azərbaycanın Fransa ilı sıx iqtisadi və ticarət əlaqələri var. Fransa-Türkiyə və Fransa-Azərbaycan iqtisadi əlaqələri Fransa-Ermənistan iqtisadi əlaqələrini dəfələrlə üstələyir. Ona görə də əgər Bakı və Ankara Parislə əlaqələrini zəiflədərsə bu erməni lobbisinin və Ermənistan hakimiyyətinin maraqlarına xidmət edəcək”.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Səfir: “Terrorizm, işğalçılıq Ermənistanın dövlət siyasətinə çevrilib”
15.02.2019
“Digər xalqların etnik təmizlənməsi Ermənistanı monoetnik dövlətə çevirdi”
14.02.2019
“Ermənistan rəhbərliyinin əsas məqsədi işğal və hərbi təcavüzün məsuliyyətindən qaçmaqdır”
13.02.2019
“Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir”
12.02.2019
“Ermənistanın əsl məqsədi regionda dayanıqlı sülhün təmin edilməsi deyil...”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info