“Gənclər ailə qurmamışdan öncə təhsil haqqında düşünsünlər”
Tarix: 07.02.2019 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ailə dəyərləri haqqında danışıb. O qeyd edib ki, ailə institutu hər bir cəmiyyət üçün mühüm əhəmiyyətə malikdir: “Şəxsiyyətin formalaşmasında ailənin böyük rolu var. Azərbaycanda ailə və uşaqlarla bağlı təkmil qanunvericilik bazası mövcuddur. Bu gün bəzi hallarda əxlaqa, tərbiyəyə, milli adət-ənənələrimizə zidd halların baş verməsi təəssüf doğurur".

Ötən il Azərbaycanda 13 651 boşanma halı olub

A.Naxçıvanlı bildirib ki, 2018-ci ilin 12 ayı ərzində Azərbaycanda 13 651 boşanma halı olub: “Əvvəllər biz deyirdik ki, ailələrdə boşanma hallarının əsas səbəbi sonsuzluqdur. Ancaq təəssüflər olsun ki, indi uşaqlı ailələrdə də boşanma halları var. Son vaxtlar ailə dağılmasında ev, mülk, maşın daha çox üstünlük təşkil edir. Bu hal milli dəyərlərimizə ziddir. Ailələrdə uşaq dünyaya gəlir, o uşağı düzgün tərbiyə etmək lazımdır, ancaq ev, mülk, maşın önə keçir, sevgi, səmimiyyət ailələrdən uzaqlaşır. İndi sanki ailə qurmağa oyun kimi baxırlar”.
Komitə sədrinin sözlərinə görə, araşdırmalar göstərir ki, boşanmaların müxtəlif səbəbləri var: “Tərəflərin bir-birini yaxşı tanımaması, məcburi evlilik, erkən nikahlar, məişət zorakılığı, ailə qurmazdan əvvəl düşünməmək, kənar müdaxilələr, qayınananın və qayınatanın ailənin işlərinə qarışması, maddiyatın əsas götürülməsi, nikah müqavilələrinin bağlanmaması münaqişələrə gətirir və axırda da boşanmaya səbəb olur. Ancaq düşünürəm ki, ailədə adət-ənənə, mənəvi dəyərlər qəbul olunsa, bəlkə də belə olmaz”.
Millət vəkili bu gün bir çox ailələr oğluna qız axtaranda onun az savadlı olmasını, evdən çıxmamasını istəyir. Amma bu, problemlər yaradır. A.Naxçıvanlı qeyd edib ki, hər bir ailə öz övladına yaxşı təhsil verməlidir: “Düzdür, bu gün bəziləri qıza elçi gələndə söz verirlər ki, onun işləməyinə icazə verəcəklər, amma dediklərinə əməl etmirlər. Bu, insani keyfiyyətlər kimi səciyyələndirilmir. Adətən ögey ata olan ailələrdə qızları başdan etmək üçün tez ərə verirlər".
Millət vəkili bildirib ki, qeyri-rəsmi nikahlar cəmiyyəti narahat edir: "Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər. İnanmıram ki, təhsilli ailədə gənc hər hansı təsir altına düşsün və ailə probleminə barmaqarası baxsın. Bizim gənclər əziyyətə dözmək istəmirlər. Əvvəllər yeni ailələr qurulanda hər kəs onlara kömək edirdi. İndi gənclərin sosial-mənzil problemlərinin həlli istiqamətindən tədbirlər görülür. Gənclərə tövsiyəm odur ki, ailə qurmamışdan öncə təhsil haqqında düşünsünlər. O zaman seçimləri də gözəl olacaq".

Aynur Sofiyeva: “ Məqsəd milli dəyərləri qorumaq olmalıdır”
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyib ki, Azərbaycanda dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir, bu istiqamətdə müxtəlif addımlar atılır. Onun sözlərinə görə, ailədəki problemlərin kökü araşdırılmalıdır: “Reallıq odur ki, müəyyən problemlər var. Avropada bəzi ailələrdə uşaq əvəzinə, heyvan saxlayırlar. Bizə yeni modelləri sırımaq istəyirlər. Proseslərə nəzər salsaq, Qərbdə ailə dəyərlərinin deformasiyaya olduğunu görmüş olarıq. Bu da demoqrafik problemlər yaradır. Onlar bu problemləri həll etmək əvəzinə, digər cəmiyyətlərə ötürmək yolunu seçirlər”.
Komitə sədrinin müavini bildirib ki, məqsəd milli dəyərləri qorumaq olmalıdır:
"Beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər. Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən qalma bəzi dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bu günə qədər qoruyub saxlamışıq. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir”.

Gündüz İsmayılov: “Qərbdən və Şərqdən gələn təsirlərə qarşı mənəvi immunitetimiz olmalıdır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bu gün Azərbaycan gəncliyinə və ailəsinə qarşı iki istiqamətdə təsir var. O qeyd edib ki, bu təsirlərdən biri Qərbdən gələn ultramüasirlik, digəri isə Şərqdən gələn ultradindarlıqdır: “Mənim çalışdığım sahə Şərqdən gələn təsirlərlə bağlıdır. Təəssüf ki, o təsirlərin əsas hədəflərindən biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir. Hər bir xalqın özünəməxsus həyat tərzi, mədəniyyəti, adət-ənənələri var. Bu baxımdan bizim Şərqlə dinimiz eyni olsa da, mədəniyyətimiz fərqlidir. Biz ərəblərlə, Anadoludakı qardaşlarımızla, pakistanlı, malayziyalı, iranlı, ərəblərlə eyni dini paylaşırıq, ancaq mədəniyyətimiz eyni deyil. Çünki həyat tərzimiz fərqlidir”.
Komitə sədrinin müavini vurğulayıb ki, biz dinimizə sahib çıxa bilərik, amma bu, heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır, biz öz mədəniyyətimizə sahib çıxmalıyıq: “Eyni zamanda Qərbdən gələn təsir nəticəsində ingilisləşmə, fransızlaşma, amerikanlaşma kimi hallar olmamalıdır. Qərbdən və Şərqdən gələn bu kimi təsirlərə qarşı bizim mənəvi immunitetimiz olmalıdır”.
Tədbirdə daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, ailə kiçik bir dövlət modelidir və bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bu tədbiri keçirməkdə məqsədimiz də gənclərimizi ailə ilə bağlı qanunvericilikdə nəzərə tutulan hallarla tanış etməkdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır
24.06.2019
“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı
24.06.2019
DİN-də əməliyyat müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info