Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb

Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin yeni qrupları üçün açılış mərasimi keçirilib. BANM-dən bildirilib ki, tədbirdə rektor Elmar Qasımov “Mühəndislər üçün biznes təhsili” layihəsi çərçivəsində tədris olunacaq modullardan və onların iştirakçıların gündəlik, həmçinin karyera həyatına təsir edəcək müsbət tərəflərindən danışıb. Bildirib ki, layihəsinin əsas məqsədi güclü texniki biliklərə malik mühəndislərdə biznes təfəkkürünün, menecer bacarıqlarının formalaşmasına nail olmaqdır. Layihənin koordinatoru Ləman Hüseynova iştirakçılara BANM, eləcə də layihədə iştirak etməyin qaydaları, modullar, təlimçilər və s. haqqında məlumat verib.
“Mühəndislər üçün biznes təhsili” layihəsinin “Danışıqların aparılması bacarıqları” modulunun təlimçisi, BANM-in proqram meneceri Nərgiz Tarverdiyeva isə proqramın modullarının mahiyyəti və əsas məqsədindən danışıb. Daha sonra iştirakçılar xüsusi qruplara bölünüb və BANM-in kampusu ilə tanış olublar. İki ay müddətində davam edəcək proqramın tədrisi üçün müxtəlif şirkətlərdə çalışan təcrübəli ekspertlər cəlb olunublar. Səkkiz modulu əhatə edən proqramın iştirakçıları xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitlərindən istifadə edəcəklər. Layihədə iştirak etmək üçün BANM və digər ali məktəblərdən 110-dan çox tələbə seçilib.

Xəbər 160 dəfə oxundu.