: “SOCAR karbamid” zavodu Azərbaycanda dayanıqlı inkişafa xidmət edir”
Bakıda "Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı keçirilib. Konfransda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunun perspektivləri, Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, Qara dəniz və Aralıq dənizi regionlarında ammonyak və karbamid bazarlarının icmalı, Xəzər regionu gübrə istehsalçılarının ixrac tədarüklərinin əsas istiqamətləri, yeni yük boşaltma və yükləmə potensialına tələbat, Azərbaycanın kənd təsərrüfatı və s. mövzular müzakirə olunub.
Konfransın açılışında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR və "Argus" arasında tədbir və konfransların təşkili ilə bağlı müsbət təcrübə yaranıb: "Bu əməkdaşlıq hər iki tərəf üçün mühüm önəm daşıyır. Yalnız Azərbaycanın deyil, həm də bütün regionun iqtisadi inkişafında ciddi təsir imkanlarına malik olan SOCAR “Agrus” üçün “Argus” isə analitik materialları ilə SOCAR üçün effektiv məlumat mənbəyi funksiyasını yerinə yetirir. SOCAR gübrə istehsalına başlamazdan əvvəl potensial satış bazarlarını araşdırıb. Biz həm də bu sahədə yeni aktyorların bazara çıxışını əvvəlcədən nəzərə almışıq. Bununla belə ölkəmizdə belə konfransın indi -SOCAR Karbamid layihəsi tamamlandıqdan sonra keçirilməsi düzgün və məntiqi addımdır. İnanıram ki, konfrans gələcək satış və yeni bazarlarla bağlı əsas strateji sektorların müəyyənləşməsinə, ehtiyac olarsa bəzi məsələlərin yenidən baxılmasına kömək edəcək. Ümid edirəm ki, “Argus” ilə birlikdə keçirilən bu konfrans regionda mövcud və yeni tərəfdaşlarla əməkdaşlığın inkişafına, Xəzər və Qara dənizdə mineral gübrələr bazarının formalaşmasına öz töhfəsini verəcək".
SOCAR prezidenti onu da bildirib ki, 2008-2017-ci illəri əhatə edən dövrdə SOCAR-ın gəliri 20 dəfə artıb: “Hazırda SOCAR-ın gəlirinin 90 faizi xarici bazarlarda formalaşır. Şirkət əvvəllər əsasən öz məhsullarının satışını həyata keçirirdi. Hazırda isə SOCAR-ın ticarət portfelində üçüncü tərəflərin məhsulları çoxluq təşkil edir". “Azərbaycanda “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi ölkənin dayanıqlı inkişafına xidmət edir” deyən R.Abdullayev bildirib ki, SOCAR ölkədə və regionda enerji layihələrini reallaşdırmaqdan əlavə, həm də Azərbaycanın qeyr-neft sektorunun inkişafını dəstəkləyir. R.Abdullayev əlavə edib ki, bu addımlardan biri də Azərbaycanda karbamid zavodunun tikintisi olub: “Zavodda istehsal olunan məhsulun bir hissəsi ixrac olunacaq, çünki zavodun istehsalat gücü karbamidə olan daxili tələbatı üstələyir”. Şirkətin fəaliyyəti ilə bağlı vurğulanıb ki, SOCAR artıq qlobal şirkətə çevrilib.

"SOCAR karbamid" zavodunun tikintisi gübrə idxalını azaldacaq”

Tədbirdə çıxış edən Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib ki, "SOCAR karbamid" zavodunun tikintisi Azərbaycanda karbamid gübrə idxalını minimuma endirməyə imkan verəcək. Zavod rəhbəri qeyd edib ki, dünyada istehsal olunan karbamidin 90 faizi kənd təsərrüfatında istifadə olunur, bu, Azərbaycanda da belə olacaq. Onun sözlərinə görə, XX əsrin ortalarından başlayaraq Azərbaycan, keçmiş SSRİ məkanında xüsusən də gübrə istehsalı sahəsində əsas kimya sənayeçilərindən birinə çevrilib. X.Cəfərov deyib: "SSRİ dağılandan sonra istehsal dayanıb. Lakin Azərbaycanda kənd təsərrüfatı ənənələri olduğunu nəzərə alaraq hökumət karbamid zavodunun tikintisi barədə qərar qəbul edib".
Zavod direktoru qeyd edib ki, müəssisə iki dövlət proqramı çərçivəsində inşa olunub - birinci proqram Azərbaycanın ərzaq təhlükəsizliyi, digər proqram isə sənayenin inkişafı ilə bağlıdır.
Bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunda istehsal olunan məhsulun ixracına may ayının ikinci yarısında başlanılacaq. Onun sözlərinə görə, ildə 500 min ton karbamidin ixracı nəzərdə tutulur və bu həcmin böyük hissəsi Türkiyə bazarına yönəldiləcək: “Türkiyə hazırda azot gübrəsinin ən böyük idxalçılarından biridir. Bu ölkə İldə 2,5 mln. ton gübrə idxal edir. Bundan başqa, Qara və Aralıq dənizi ölkələri də ixrac bazarları kimi nəzərdə tutulub".
X. Cəfərov qeyd edib ki, Koreyanın "Samsung Engineering Co., Ltd.” şirkəti Karbamid zavodunu bu ilin may ayında tam olaraq təhvil verəcək. Onun sözlərinə görə, ilkin təhvil işləri aprelin əvvəlində həyata keçiriləcək.
Maliyyələşmədən da danışan zavodun direktoru bildirib ki, Karbamid zavodunun ümumi dəyəri 780 mln. avro təşkil edir: "Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Büdcədən 197 mln. avro vəsait ayrılıb. Maliyyələşmənin 500 mln. avro hissəsi dövlət zəmanəti ilə kredit hesabına həyata keçirilib, Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM) 251 mln. avro, habelə "Societe Generale" (Fransa), "Deutsche Bank"(Almaniya) və "UniCredit" (Avstriya) banklarından 249 mln. avro vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədi ilə SOCAR tərəfindən 80-85 mln. avro məbləğində vəsait ayrılıb".
Qeyd edək ki, bu gün SOCAR Karbamid zavodunun istehsal ərazisinə səfər təşkil ediləcək. “Argus Media” aparıcı müstəqil qiymət agentliyidir. Şirkət kotirovkaları hesablayır və beynəlxalq əmtəə-xammal bazarının təhlilini aparır, həmçinin müştərilərinə ixtisaslaşmış konsaltinq xidmətləri təklif edir və sahə tematikası üzrə konfranslar təşkil edir. Dünyanın 140 ölkəsində şirkətlər fiziki tədarükün sövdələşmə dəyərini hesablamaq üçün, habelə istehsal maliyyə alətləri bazarında etalon qiymət qismində və həmçinin bazarın təhlili və strateji planlama məqsədilə Argus kotirovkasından istifadə edirlər.

Nigar

Xəbər 163 dəfə oxundu.