Uzaq səfərlər kapitanı- Daməd İmanov
O, özünü dərk edəndən dənizlə bağlı işlərdə çalışıb. Yəni, həyatını dənizçiliyə həsr edənlərdəndir. İşini sevir və həvəslə yerinə yetirir. Belə olmasaydı, karyerasında ciddi uğurlar qazana bilməzdi. Söhbət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) sədrinin birinci müavininin müşaviri, uzaq səfərlər kapitanı Daməd İmanovdan gedir. Daməd İmanov 1959-cu il aprelin 15-də Füzuli rayonunun Horadiz kəndində dünyaya gəlib. 1976-cı ildə Bakı Politexnik texnikumunun qiyabi şöbəsinə qəbul olub. 1979-cu ildə hərbi xidmətini bitirdikdən sonra Xəzər Dəniz Neft Donanmasında matros köməkçisi kimi işə başlayıb. Daha sonra elə həmin idarədə II dərəcəli matros, I dərəcəli matros və baş matros-bosman vəzifələrində çalışıb. 1986-cı ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin gəmi sürücülüyü fakültəsini bitirərək kapitanın III köməkçisi vəzifəsinə təyin edilib. Az sonra kapitanın II köməkçisi və baş köməkçisi olub. 1988-ci ildə gəmi kapitanı vəzifəsində çalışmağa başlayıb. 1996-cı ildə XDND-də şöbə rəisi vəzifəsinə təyin edilib. 1999-cu ildə Mahaçqala şəhərində İdarəetmə və Biznes İnstitutunu bitirib. Bundan sonra yenidən kapitan vəzifəsinə qayıdıb. 2006-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” fakültəsinə qəbul olub, 2010-cu ildə oranı bitirib.
2007-ci ildən 2014-cü ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının Abşeron rayon Dəniz Neft Donanma İdarəsinin rəisi vəzifəsində işləyib. 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təhlükəsiz üzmə departamentinin rəis müavini, 2016-cı ildə isə Xəzər Dəniz Neft Donanması rəisinin birinci müavini vəzifəsinə təyin olunub. 2017-ci ilin yanvarından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin 1-ci müavininin müşaviridir.
Daməd İmanov Xəzər Dəniz Neft Donanmasına aid bütün növ gəmilərdə işləyib. Dənizin gözəlliklərini də dadıb, fırtınasına da düşüb.
O deyir ki, yaxşı dənizçi olmaq elə də çətin deyil. Bunun üçün insan özünü daim inkişaf etdirməli, gəmiçilik sahəsində baş verən yenilikləri izləməlidir. Həmçinin, daim mütaliə etmək dənizçinin özünə inamını artırır, iradəsini möhkəmləndirir. Və bu da ona uğur gətirir. Bundan başqa, o hesab edir ki, bu sahədə çalışan hər kəs məsuliyyətli olmalı, vəzifəsini vicdanla yerinə yetirməlidir.
Daməd İmanov işlədiyi vaxt ərzində kollektiv arasında böyük hörmət və rəğbət qazanıb. Ən əsası, onun zəhmətkeşliyi hədər getməyib,çəkdiyi əziyyətlərin bəhrəsini görüb. O, 20-dən artıq fəxri diploma layiq görülüb.
2010-cu ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “İnam şərəf” diplomuna, 2011-ci ildə H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin Sərəncamı ilə diplom və ordenə, 2013-cü ildə “Azərbaycan Dünyası” beynəlxalq jurnal və Dədə Qorqud Ali Şurasının qərarıyla “Qızıl Ürək” ordeninə layiq görülüb.
2016-cı il 25 iyunda səmərəli əmək fəaliyyətinə görə və “Dənizçi Günü” peşə bayramı münasibətilə “Donanmanın Fəxri işçisi” döş nişanı ilə təltif edilib. 2017-ci il 23 iyunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. 2018-ci il 20 oktyabrda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə mükafatlandırılıb.
15 aprel isə Daməd İmanovun doğum günüdür. O, bu il 60 yaşını qeyd edir. Ömrünü dənizçiliyə, onun inkişafına həsr edən Daməd müəllimi təbrik edir, cansağlığı, işlərində bol müvəffəqiyyətlər arzulayırıq.

Tural

Xəbər 93 dəfə oxundu.