Masallıda Orduya yaz çağırışı
Yolunuz aydın, xidmətiniz uğurlu olsun
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkədə Orduya yaz çağırışı başlanmışdır. Çağırışçılar bu günü səbirsizliklə gözləyirdilər. Aprel ayı onların həyatında önəmli bir məqama çevriləcək. Aprel döyüşlərinin üçüncü ildönümüdür. Məhz həmin güm ordumuz nəinki düşmənin təxribatının qarşısını almış, onlara sarsıdıcı zərbəılər endirərək bir neçə strateji yüksəkliyi ələ keçirmişlər. Torpaqlarımızın geri qaytarılmasında ilk uğurlu addım atılmışdı. Bu qələbə ordumuza öz gücünə, düşmənin tezliklə torpaqlarımızdan qovacağına inam yaratmışdır. Odur ki, bu gün SHXCDX Masallı rayon şöbəsinin həyətinə toplaşan gənclərin üzündə təlaş, narahatlıq yox, sevinc, fərəh var. Rayonun ayrı-ayrı kəndlərindən orduya yola düşən çağırışçıların yolu burada birləşir. Təbii ki, valideynləri, yaxınları, dostları da onları yola salmağa, uğurlu ordu həyatı arzulamağa gəliblər. Meydan izdihamlıdır. Gənclər deyib-gülür, ordu həyatı iləbağlı eşidib bildikləri lətifələrdən də söyləyirlər.
Bir neçə gənclə tanış oluruq. Hümmət Şəmiyev Köçəklidən, Elçin Şahbazov isə Təklədəndir. Onlar bir neçə saat əvvəl tanış olublar. Hər iki gənc xoş ovqatdadır. Kənddən, valideynlərinizdən, dostlardan ayrılmağınıza darıxmırsız sualına eyni cavab alıram: Doğma ölkəmizdəyik. Fərqi yoxdur hansı rayonda, hansı hissədə xidmət edəcəyik. Bu günü səbirsizliklə gözləyirdik.
İbrahim Muradov isə dağlar oğludur. Zuvandda dünyaya gəlib, boya-başa çatıb. Vüqarını dağların ucalığından alan İbrahimin cavabı isə fərqli oldu: Düşmən məkrli olsa da biz cəsurluğumuzla ona lazımlı cavab verəcəyik.
Şıxlarlı Elvin, Musaküçədən Kənan Zakir oğlu da bu niyyətlə orduya yola düşürlər. SHXÇDX Masallı şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi mayor Ceyhun Həsənovun komandası ilə çağırışçılar sıraya düzülürlər. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidməti Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev gənclərə tövsiyələr verir. Deyir ki, düşmən qorxaqdır. Ona qarşı amansız olun. Bu amansızlıq Mübariz kimi qəhrəmanların şüarı oldu. Ermənilər bu gün də Mübarizin cəsurluğunu, şücaətini unuda bilmirlər. Hansı hissədə olsanız Vətənin keşiyində ayıq-sayıq dayanın. Hərbi sirləri öyrənin, silahlardan düzgün istifadə edin. Masallının adını hər yerdəuca tutun, hər yerdə nümunə göstərin. Həmişə xoş sorağınız gəlsin. Uğurlu ordu həyatı arzulayıram.
Gənclər avtobuslara oturub yola düşürlər. Analar, dostlar avtobusun dalınca su səpirlər. Su aydınlıqdır. Orduya yola düşən gənclərin yolu su kimi pak və aydın olsun.

Əlihüseyn Şükürov
Həsənağa Əliyev



Xəbər 137 dəfə oxundu.