“Yataqxanalarda yaşayanların maarifləndirilməsinə ehtiyac var”
"Məcburi köçkünlərin yaşadığı binaya baxanda görünür ki, insanlar orada çətinliklə yaşayırdılar”. Bu sözləri təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev deyib. Ekspert qeyd edib ki, binada yaşayan sakinlərə yanğın təhlükəsizliyinə aid tələblərin başa salınmasına ehtiyac var idi:
"Məcburi köçkünlərin yataqxanasında baş verən yanğın hadisəsindən sonra dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri binanın yaşayış üçün əlverişli olmadığını dedilər. Lakin bu o demək deyil, yataqxanada yaşayan sakinlər yanğın təhlükəsizliyinə dair tələblərə əməl etməyiblər və yaxud da müvafiq dövlət qurumları bu yataqxanalarda yanğın təhlükəsizliyinin hansı səviyyədə olub-olmamasını yoxlamayıblar.
Məlum məsələdir ki, yataqxanalarda hamı ümumi koridordan istifadə edir. Bəlkə, biri fərqinə varmadan gətirib ora kimyəvi tərkibli tez alışan maddə qoyub. İçəridə temperatur yüksəldikdə isə həmin maddə alışıb və nəticədə yanğın baş verib. Yanğın vaxtı özünü pəncərədən atanların olması və tüstüdən zəhərlənmə halları da onu göstərir ki, orada yaşayan insanlar fövqəladə vəziyyətdə davranış qaydalarını bilmirlər. Ona görə bu cür yataqxanalarda yaşayanların maarifləndirilməsinə ehtiyac var”.

E.Nurəliyev bildirib ki, yataqxanaların dəhlizində yanğın dolabları, yanğın şiti avadanlıqları və yanğınsöndürən balonların olması vacibdir:

"Eyni zamanda orada yaşayan sakinlər bundan istifadə qaydalarını biməlidirlər. Binanın çölündən dəmir konstruksiyalar ilə ehtiyat çıxış düzəldilə bilər ki, bu cür fövqaladə hadisələr zamanı oradan istifadə edib insanlar təxliyyə olunsunlar.

İçəridə səliqə-sahmanın olması yanğın təhlükəsizliyinə riayət edilməsinin başlıca əlamətidir. Məlum məsələdir ki, ölkə rəhbərliyi daim məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün demək olar ki, hər şey edir. Yaxın vaxtlarda bütün qaçqınlar normativ standartlara cavab verən mənzillərlə təmin olunacaqlar. Lakin bundan sui-istifadə edib məsuliyyətsiz davranmanın sonda insan həyatına ziyan vuracağını anlamaq lazımdır. Hesab edirəm ki, aidiyyəti üzrə müvafiq dövlət qurumları ard-arda baş verən hadisələrin hansı səbəbdən yaşandığını araşdıracaq və məsələyə hüquqi qiymət veriləcək”.

Fuad

Xəbər 201 dəfə oxundu.