Azərbaycan sevgisini kətana köçürən ukraynalı rəssam
İrina Benderovska: “Bakı təəssüratları hələ də məni tərk etmir”

Azərbaycanın inkişaf etməsi, dünyada tanınması, dostlarının da sayının artmasına səbəb olub. Müxtəlif peşə sahibləri olan bu insanlar Azərbaycanın haqq səsini müdafiə edir və öz fəaliyyətlərində ölkəmizin təbliğatını aparırlar. Azərbaycan sevgisi ilə yaşayan, öz peşələri üzrə Azərbaycanı vəsf edən belə dostlara diqqətin göstərilməsi önəmlidir. Bu məqsədlə yeni başladığımız "Azərbaycanın dostları" rubrukası adı altında Ukraynanın azərbaycansevər tanınmış rəssamı İrina Benderovska ilə müsahibəni təqdim edirik. İrina Benderovska Azərbaycana olan diqqətini, səmimiyyətini və sevgisini çəkdiyi şəkillərlə ifadə edib.

- İrina xanım, öncə sizi tanımaq istərdik...

- Mən ixtisasca rəssamam. Odessa şəhərində anadan olmuşam və orada təhsil almışam. 2013-cü ildən bu sahədəyəm. Mən saysız rəsm əsəri çəkmişəm, sərgilərdə və müsabiqələrdə iştirak etmişəm və diplomlarla təltif olunmuşam. Bütün bunlar muzey rəhbərləri tərəfindən verilib. Mən günəşli günləri çox sevirəm. Ona görə də özümü cənub insanı kimi hiss edirəm. Əsərlərimin bir çoxu rəngkarlıq, parlaq rənglər ilə fərqlənir, mən boya çəkərkən, demək olar ki, boyanı qarışdırmıram. Təbii şirəli rəngləri çox sevirəm.
Professional sənət fəaliyyətində 2015-ci ildə Sürixdə ilk müvəffəqiyyət əldə etdim. Bundan başqa İtaliyada, Litvada sərgim olub. Ukrayna dövlətinin dəstəyi ilə Radada iştirak etdiyim bir çox layihə olub.
Mənim əsərlərimi əsasən Avropandan kolleksiyaçılar alırlar. ABŞ və Rusiyadan da gəlib alanlar olur. Bir rəssam olaraq, reytinqi heç vaxt təqib etmirəm. Hesab edirəm ki, hər bir rəsm əsəri müəllifin ruhunu əks etdirməlidir. Mən ruhun nə olduğunu və necə hiss etdiyimi yazıram, daxili dünyamı, duyğularımı və isti xatirələrimi bölüşmək istəyirəm. Allah rəssama fırça verib və bununla da xeyirxahlıq yaymaq lazımdır.

- Sizin məktəbiniz varmı?

- Bəli, mənim kompüter qrafikası, illüstrasiya və dizayn-Bartschool məktəbim var. Biz uşaqları, yetkinləri öyrətməklə, yaradıcı təhsil müəssisələrinə qəbul olmaq üçün lisey tələbələri hazırlayırıq. Bu il mənim məktəbim Praqada təlim mərkəzi açır. Orada yalnız təlim deyil, keçmiş MDB ölkələrinin uşaqları üçün dizayn düşərgəsi də nəzərdə tutulur. “Bartschool.com” saytı kompüter qrafika, multimediya, dizayn üzrə kolleclərə daxil olmaqda kömək edir. Mən gənclərə sənətdə öz yollarını tapmaqda kömək etmək istəyirəm.

- Azərbaycana sevgi sizdə haradandır?

- Bu ölkə həmişə məni cəlb etmişdir. Parlaq, günəşli, temperamentli - mən Azərbaycanı həmişə belə təsəvvür etmişəm. Bununla yanaşı, Bakından bir çox dostlar həmişə yaxşı təəssürat yaradıblar. Bakıdan yüksək səviyyədə mədəniyyəti, ailə və mənəvi dəyərləri olan insanlar uzun müddət dostluq etmək üçün bizi dəvət etdi. Beləcə, biz Bakıya uçduq...

- İlk dəfə Azərbaycanda nə vaxt olubsuz?

- Mən ötən ilin may ayında, Ramazan ayında Bakıda oldum.

- Ümumiyyətlə, bir rəssam üçün Azərbaycan nə dərəcədə cəlbedici ölkədir?

- Yaxşı sualdır! Qərb və Şərq birliyi Azərbaycandan keçir. Sizdə havadan neft və dəniz qoxusu gəlir. Bakı günəşin öpdüyü bir şəhərdir. Rəng, xarizma, temperament, musiqi, rəqs, dadlı yeməklər – rəssam üçün böyük bir ilham qaynağıdır.

- İlk Azərbaycan səfəriniz sizdə nə kimi təəssüratlar yaratdı?

- Mən oğlumla birlikdə Bakıya gəlmişdim. Bir dostumla görüşdük və hava limanından şəhərə yaxınlaşanda oğlum soruşdu: - Bu ölkə həqiqətən SSRİ-nin tərkibində olubmu? O düşünürdü ki, bu, ola bilməz. Oğlum da, mən də şəhərin gözəlliyinə heyran olduq.
Dostum, həqiqətən qonaqpərvərlik göstərdi. Bizi şəhərdə gəzdirdi, görməli yerləri göstərdi, hətta məni məscidə apardı. Bakı təəssüratları hələ də məni tərk etmir.

- Səfərdən sonra Azərbaycanla bağlı hansı əsərlər işlədiz?

-Mən Bakıdan uçduğum zaman özümə söz verdim ki, bu gözəl ölkəyə mütləq iş həsr edəcəm. Və belə ki, artıq dörd iş var. Qəlbimin bir hissəsi Bakıda qaldığından, Azərbaycana həsr olunmuş daha çox rəsmim olacaq.

- Azərbaycanda hər hansı rəssamla tanışlığınız varmı?

- Bəli, gözəl sənətkar, Azərbaycanın Əməkdar artisti Vüqar Muradovla tanışıq. Belə bir yüksək səviyyəli müəlliflə tanış olmaq mənim üçün böyük şərəfdir. Yeri gəlmişkən, Vüqarın bu yaxınlarda Kiyevdə fərdi sərgisi keçirildi.

- Azərbaycanla bağlı nə kimi planlarınız var?

- Qəlbimdə, beynimdə Azərbaycanla bağlı çəkmək istədiyim şəkillər var. Əlbəttə ki, bu günəşli ölkənin sakinləri ilə səmimi münasibətlərimi bölüşmək üçün sərgi etmək istərdim. Üstəlik Azərbaycana yenidən səfər edib bir çox tarixi yerləri ziyarət etmək və bu ölkənin koloritindən, özünəməxsus xüsusiyyətlərindən həzz almaq gözəl olardı.

Fuad Hüseynzadə

Xəbər 262 dəfə oxundu.