Qlobal media ciddi reputasiya itkisinə məruz qalıb
Son bir neçə gün ərzində bütün dünyanın diqqəti Yaponiyada keçirilən G-20 ölkələrinin sammitinə yönəlmişdi. Dünya məsələlərinin müzakirə olunduğu sammit yaxın dövr üçün proseslərin hansı istiqamətdə gedəcəyini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Tramp-Ərdoğan, Tramp-Putin görüşü region üçün əhəmiyyət daşıdığından Azərbaycanda da maraqlı izlənildi.
ABŞ dövlət başçısının rusiyalı həmkarı ilə keçirdiyi görüş isə qlobal və regional miqyaslı problemlərin, münaqişələrin həlli istiqamətində atılacaq addımlar baxımından vacib idi. Çinlə ticarət savaşını da bura daxil etsək aydın olur ki, Osaka sammiti qlobal platforma kimi özünü doğruldub. Trampla Putinin görüşündə yaşanan bir olay diqqətlərdən qaçmayıb. Vaşinqton bildirir ki, görüşdə İran, Suriya, Venesuela, Ukrayna kimi məsələlər müzakirə edilib və qeyd edilib ki, münasibətlərin yaxşılaşması hər iki tərəfin və bütün dünyanın marağındadır. Təkbətək görüşdən əvvəl mediaya açıq müzakirədə amerikalı jurnalistlərdən biri Trampdan soruşub ki, Putinlə görüşdə seçkilərə Rusiya müdaxiləsini qaldıracaqmı. Tramp vaxt itirmədən Putinə yönələrək iki dəfə dalbadal “xahiş edirəm seçkiyə müdaxilə etməyin” və barmağını yuxarı qaldıraraq “hədələyib”. Həmin anda hər ki prezidentin üzündə gülüş qarışıq açıq istehza olub. CNN dərhal “Trampdan qeyri-ciddi xəbərdarlıq” başlığını qoyub. “Los Angeles Times” isə bu olayı “kinayəli zarafat” kimi dəyərləndirib. “Associated Press” isə qeyd edib ki, Tramp əvvəlcə təbəssüm edib, sonra gülərək “xahişini” çatdırıb. Ekspertlər qeyd edir ki, bu məsələ iki ildən çoxdur ABŞ-da daxili siyasətdə mühüm yer tutub və Trampın opponentləri ona qarşı təzyiq kimi istifadə edirlər. Amma Tramp bu mübarizədən qalib ayrılıb və onun istehzalı reaksiyası da bununla bağlıdır. Rusiyalı ekspert İrina Alksnis məsələyə maraqlı yanaşma ortaya qoyub. Xanım Alksnisə görə baş verənlərin ən məntiqi nəticəsi budur ki, nüfuzlu dünya KİV-ləri “dördüncü hakimiyyət” funksiyalarını və rollarını itiriblər. Son illərdə qlobal media ciddi şəkildə reputasiya itkisinə məruz qalıb. Dünya mediasının çirkin və ikiüzlü təbliğatı onu auditoriyasının gözündən salıb. Bir neçə gün əvvəl BMT-nin xüsusi məruzəçisi Nils Melçer bəyan edib ki, onun Culian Assancla bağlı yazısını “Guardian”, “Times”, “Financial Times”, “SydneyMonitor”», “Australian Times”, “Canberra Times”, “Telegraph”, “New York Times”, “Washington Post”, “Thomson Reuters Foundation” və “Newsweek” kimi nəşrlər dərc etməkdən imtina ediblər. Bu kimi hadisələr dünya KİV-lərinə obeyktiv informasiya mənbəyi kimi etibarı və ictimai hörməti aşağı salır. Tramp və Putinin amerikalı jurnalistəin sualına istehzalı yanaşması da dünya mediasındakı deqradasiyanı göstərir. Qərb mediası nüfuzlu siyasi güc statusunu itirir.

Xəbər 262 dəfə oxundu.